“Bizə bölgədə davamlı sülh lazımdır” - Qüdrət Həsənquliyev

“Bizə bölgədə davamlı sülh lazımdır” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Aktual.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, ABŞ-nin dövlət katibi Marko Rubionun sabah Ermənistana gözlənilən səfəri və imzalanacaq sənədlər Paşinyanın 7 iyun seçkilərində qələbəsinə əhəmiyyətli töhfə verə bilərmi?
- Demokratik dəyərlərin inkişaf etmədiyi cəmiyyətlərdə insanların davranışının motivasiyasını ali dəyərlər yox, qorxu təşkil edir. İnsan şüurla yox, instinktlə davranan və qərar qəbul edən başqa bir canlıya çevrilir. Ermənistanda seçkinin nəticələri Ermənistan vətəndaşının Ermənistanın Ukrayna ola biləcəyi barədə Rusiyadan gələn hədələri nə dərəcədə ciddi qəbul edəcəyindən daha çox asılı olacaq. ABŞ vitse-prezidentinin seçki öncəsi Macarıstana səfəri və Trampla birlikdə Orabana açıq siyasi dəstək ifadə etməsi, Orbanı ağır məğlubiyyətdən xilas etmədi. Paşinyan Trampın xoşlamadığı Sorosun yetirməsi kimi tanınır və Trampın ələ salıb həqarət etdiyi Fransa prezidenti Makronun himayəsi altındadır. Ona görə Trampın Paşinyanın qələbəsində maraqlı olduğunu düşünmürəm. Paşinyan Şaakaşvili kimi davransa onun taleyi Saakaşvilinin taleyindən ağır olacaq.
- Türkiyənin Ermənistanla dəmir yolu xəttini açması Paşinyana kömək edə bilərmi?
- 2021-ci il seçkilərində Azərbaycan və Türkiyənin Ermənistana münasibətdə sərt ritorikadan istifadə etməsi onun xeyrinə işlədi. Bu dəfə biz Ermənistana dəmir yolu xəttini açmışıq, Ermənistana yanacaq satırıq, Rusiyadan Ermənistana yüklər Azərbaycan üzərindən daşınır. Amma bunun erməni seçicisinə birbaşa təsiri hələlik əhəmiyyətli deyil və yekun sülh sazişi də imzalanmayıb, Türkiyə ilə quru sərhədləri açılmayıb. Revanşistlər bundan istifadə edib, türkə nifrət ruhunda böyüdülmüş və hələ də məğlubiyyət acısı yaşayan seçicini türkün hambalı adlandırdıqları, Əliyev tərəfindən idarə olunduğunu dedikləri Paşinyandan üz döndərməyə inandıra bilərlər. Revanşistlər çalışırlar cəmiyyəti inandırsınlar ki, məhz Paşinyana görə 44 günlük savaşda Rusiya onlara açıq dəstək verməyib.
Dəmir yolu xəttinin açılmasının Paşinyanın xeyrinə, yaxud ziyanına işlədiyini zaman göstərəcək.
O da mümkündür ki, Rusiya Paşinyanın qalib gəlməsinə bu seçkidə də mane olmayacaq, sadəcə əsas məqsədi güclü Rusiyayönümlü müxalifət formalaşdırmaqla, Paşinyanı qorxudub daha sözəbaxan etməkdir. Ermənistanda Rusiyayönümlü siyasətçi hakimiyyətə gəlsə, Qərb ona sanksiyalar tətbiq edə bilər. Bu isə Rusiyaya lazım deyil. Hazırda Qərbdən Rusiyaya satılmayan bir çox malları Rusiya Ermənistan üzərindən alır.
- Azərbaycana kimin qalib gəlməsi daha faydalıdır?
- Paşinyan sülh prosesini aparır və bizə bölgədə davamlı sülh lazımdır. Güclü və ağıllı xalqlar istəyirlər ki, qonşularında sabitlik və rifah olsun. Paşinyan qalsa, Ermənistan hərtərəfli inkişaf edəcək. Güclülərlə yaxşı mənada yarışmaq insanlarımızın rifahının yüksəlməsinə, inkişafımıza xidmət edəcək. Biz sülh istəyiriksə, qonşulara münasibətdə sülhpərvər siyasət yürütməli, sərhədlərimizi, qapılarımızı açmalı və onlarla yaxından əməkdaşlıq etməliyik. Bununla yanaşı, daxildə güclü milli birliyimiz, güclü müttəfiqlərimiz və güclü iqtisadiyyatımız olmalıdır.
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR