Bakının Dehliyə sensasion cavabı - Gözlənilməz həmlə

Bakının Dehliyə sensasion cavabı - Gözlənilməz həmlə

Fransanın ardınca Parisin hərbi-siyasi iradəsinə uyğun olaraq Hindistanın Ermənistanı silahlandırması prosesinə Azərbaycanın seyrçi qalmayacağı aydın idi. Dəfələrlə bu istiqamətdə edilən etirazlara, Ermənistanın silahlandırılmasının regionda gərginliyi artıracağı ilə bağlı xəbərdarlıqlara baxmayaraq, Fransa və Hindistanın Ermənistana hərbi tədarükləri davam edir.
Hindistan bu məqamda daha "cəsarətli” davranır: Ermənistanla siyasi əlaqələri gücləndirməklə yanaşı, sazişlər imzalanan kimi İrəvana bir sıra silahlar tədarük edildi ("Svati” radar sistemləri, "Pinaka” reaktiv yaylım atəş sistemi, MArG 155 təkərli özüyeriyən haubitsalar, ATAGS topları, "Zen” Antidron sistemləri, "Akaş” (Akash) ortamənzilli yer-hava HHM sistemi, "BrahMos” qanadlı raketləri, "Pralay” yaxınmənzilli ballistik raketi). Nəzərə alsaq ki, həmin silahların tətbiqinin öyrədilməsi üçün ekspertlər qrupu da Ermənistana gəlir, onda daha fərqli mənzərənin ortaya çıxdığını müşahidə edirik.
Bununla bərabər, Hindistan hətta dron əleyhinə hələ sınaqdan çıxmamış, öz arsenalına qəbul etmədiyi silahları da Ermənistana tədarük etməyə başlayıb.
Azərbaycanın cavab tədbirləri görəcəyi şübhəsiz idi. Bir neçə gün öncə Prezident İlham Əliyev "Akıncı” PUA-larının artıq Ordumuzun arsenalında olduğunu nümayiş etdirdi və əlbəttə ki, bu, həm də siyasi mesaj idi.
Bunun ardınca isə Azərbaycanın Pakistanla müasir qırıcı alınması üçün 1,6 milyardlıq irihəcmli hərbi saziş imzaladığı haqda məlumat yayıldı. Saziş Azərbaycanın JF-17C Blok-III qırıcılarının, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş ləvazimatlarının alınmasını nəzərdə tutur. JF-17 "4+” nəsil qırıcı hesab olunur, lakin beşinci nəsil avionika və silahlardan istifadə edir.
JF-17 qırıcı-bombardmançıları F-16-ların analoqu hesab edilir. Qırıcılar Çinlə birgə istehsaldır və görünür ki, Pakistanın bu qırıcıları Azərbaycana sata bilməsi üçün Pekinin razılığı alınıb. Pekinin Azərbaycana hansı münasibət göstərdiyi isə 7 fevral 2024-cü seçkiləri günü müşahidə edildi: seçki məntəqələri bağlandıqdan və "ekzit-poll” nəticələri elan ediləndən dərhal sonra Çin lideri Si Szinpin İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etdi. Bu, Çin tərəfindən indiyədək çox nadir hallarda müşahidə edilən bir dəstək reaksiyası idi.
Təyyarənin adındakı JF abreviaturasının açılışı "Joint-Fighter” - "Vahid qırıcı”, "Thunder” isə "İldırım” mənasını verir. Çində təyyarə "FC-1 Xiaolong” adı ilə tanınır. "FC” abreviaturasının açılışı "Fighter-China" (Çin qırıcısı), "Xiaolong” isə "Qəddar əjdaha” mənasını verir.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycan JF-17-lərin ilk versiyasını deyil, daha təkmilləşmiş "JF-17C Blok-III” modellərini alır. 2011-ci il modellərindən fərqli olaraq, bu versiyada dəbilqədə quraşdırılmış ekran və görünüş sistemi (HMD/S), daha inkişaf etmiş avionika, AESA radar, yeni mühərrik, iki oturacaqlı pilot kabinəsi kimi bir çox yeni funksiyalara malikdir. Sürəti isə Mach 2.0+ səviyyəsindədir. Bu versiyanın kütləvi istehsalına 2020-ci ildə başlanılıb – yəni ən son versiyadır.
Ekspertlərin əksəriyyəti reaktiv qırıcının bu variantını 4,5 nəsil kateqoriyasına aid edirlər. Yeni versiyada təyyarənin informasiya müharibəsi imkanları və silahları gücləndirilib, həmçinin aktiv elektron skan radarından istifadə edilir. Bu sistem döyüş zamanı daha çox informasiya toplamaqla, təyyarənin daha uzaq məsafəyə nəzarət etməsi və eyni zamanda çoxsaylı hədəfə hücum etməsinə imkan verir. Yenilənmədən sonra JF-17 "Blok 3” F-16-ların təkmilləşdirilmiş versiyaları ilə uzlaşır. Ancaq JF-in əsas üstünlüklərindən biri texniki xidmət baxımından F-16-lardan iki dəfə ucuz olmasıdır.
Təxmini qiyməti 25 milyon dollar civarındadır. Bu təxminlə, Azərbaycanın Pakistanla imzaladığı saziş əsasında Ordumuzun aviasiyasının tamamilə yenilənə və güclənəcəyini iddia edə bilərik.
Digər məsələ isə JF-lərin idarəedilməsi və texniki xidmətinə görə Pakistan hərbçilərinin ölkəmizə gəlmək ehtimalıdır. Ermənistanda dron uçurtmaq üçün gələn hindli zabitlər qarşılarında "4+” nəsil qırıcılara xidməti tədris edən pakistanlıları görəcəklər.
Bu, həm də İlham Əliyevin 14 fevral 2024-cü ildə andiçmə mərasimində "türk ailəsi” siyasətinin tərkib hissəsidir. Azərbaycan nüvə gücü olan strateji müttəfiq və qardaş ölkə Pakistanla münasibətləri artıq ən üst səviyyəyə qaldırmaqla, regiona soxulmağa cəhd edənlərə növbəti cavabını verir...
Azərbaycan həm də etibarlı tərəfdaş, sədaqətli müttəfiqdir və 2020-ci il savaşında cəsarətlə Azərbaycanın yanında olanlarla taleyini birləşdirməkdə qərarlı olduğunu göstərir.
Yeri gəlmişkən, Türkiyənin F-16-ların analoqu olaraq yaratdığı və ilk uçuşunu ötən gün həyata keçirdiyi "Kaan” müasir qırıcılarının ilk alıcıları sırasında da Azərbaycanın adı təsadüfən çəkilmir.
Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR