Azərbaycanın ilk hərbi nazirinin məzarı tapıldı

Azərbaycanın ilk hərbi nazirinin məzarı tapıldı

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov Paşa bəy oğlu Sultanovun məzarı tapılıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Xosrov bəy Sultanovun mənsub olduğu nəslin nümayəndəsi, araşdırmaçı, doktor Orxan Cəbrayıl məlumat verib.

Orxan Cəbrayıl bildirib ki, Xosrov bəy Sultanov 1943-cü ildə İstanbulda vəfat edib, qəbri Fəriköy məzarlığındadır.


Qeyd edək ki, Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.

Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunub. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt ediblər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınıb.

1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edib və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyib. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edib.

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanıb. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşayıb, Almaniyada Tibb Universitetində professor kimi çalışıb. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Trabzonda məskunlaşıb, 1943-cü ildə isə İstanbulda vəfat edib.

Xəbər 662 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR