15-21 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşkilatçılığı, Türkiyə Gənclər
və İdman Nazirliyinin, Anadolu Agentliyi və Al Jazeera telekanalının dəstəyi ilə
"Beynəlxalq Media Təlim Düşərgəsi" keçirilib.
30-dan
çox ölkədən 60-a yaxın gənc media mənsublarının qatıldığı layihədə Azərbaycanı
NAYORA İctimaiyyətlə Əlaqələr üzrə könüllüsü Tural İmanzadə, gənc ictimai fəal
və jurnalist Rəşid Mustafazadə və ATGTİ Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə
meneceri Elmir Sadıqov təmsil ediblər.
Layihənin
açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun
prezidenti Taha Ayhan iştirakçıları salamlayaraq düşərgə haqqında ətraflı məlumat
verib.
Düşərgə
boyunca Anadolu Agentliyi, Al Jazeera telekanalı təmsilçiləri, habelə müstəqil
jurnalist və mütəxəssislər aktual mövzularda dərslər keçiblər.
Ölkə
tanıtım günlərində Tural İmanzadə, Rəşid Mustafazadə və Elmir Sadıqov ölkəmiz
haqqında geniş məlumat verərək, milli rəqslərimizi nümayiş etdiriblər.
Rəşid
Mustafazadə çıxış edərək Azərbaycanın əzəli torpaqlarının 20 faizinin erməni
işğalı altında olduğunu, Xocalıda sadəcə azərbaycanlılara deyil, bütün
insanlığa qarşı cinayətin həyata keçirildiyini diqqətə çatdırıb və beynəlxalq
aləmdə Azərbaycana dəstək verən İslam Konfransı Təşkilatı üzv-ölkələrinə təşəkkür
edib.
Təlimləri
müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatlar təqdim edilib.