Azay Quliyev: QHT-lərin həm ölkədə, həm xaricdə dövlətimizin maraqlarını müdafiə etməsi baxımından maliyyə dəstəyinə ehtiyacı var

Azay Quliyev: QHT-lərin həm ölkədə, həm xaricdə dövlətimizin maraqlarını müdafiə etməsi baxımından maliyyə dəstəyinə ehtiyacı var

Bu gün qeyri-hökumət təşkilatlarının ehtiyaclarını büdcə maraqlarımıza uyğun şəkildə qarşılamaq baxımından bir sıra çətinliklərlə üzləşirik.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
A.Quliyev bildirib ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarına, xüsusilə qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi həyata keçirilir:
"Hesab edirəm ki, bu çox mühüm məqamdır. Ölkə ictimaiyyəti, xüsusilə ictimai sektor dövlət qayğısını yüksək qiymətləndirir. Bu gün QHT-lərin ehtiyaclarını büdcə maraqlarımıza uyğun şəkildə qarşılamaq baxımından bir sıra çətinliklərlə üzləşirik. Mən hörmətli maliyyə naziri Samir Şərifovdan xahiş edirəm ki, bu məqama diqqət yetirsin. Xüsusilə nəzərə alsaq ki, QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsait son 3 ildir artmır, əksinə azalır. Nəzərə alsaq ki, 2015-ci ildə 6,6 milyon manat vəsait ayrılmışdısa, indi bu vəsait 5,6 milyon manata endirilib. Biz bu vəsaiti QHT-lər arasında bölsək, çox az məbləğ olur”.
A.Quliyev qeyd edib ki, digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün dövlətin maraqlarını qoruyan QHT-lərin dəstəklənməsinə xüsusi ehtiyac var:
"Bu gün bir çox sahələrdə QHT yalnız dövlətin verdiyi dəstəyi alır. Onların başqa maliyyə mənbəsi yoxdur. QHT-lərin həm ölkə daxilində, həm də xaricdə dövlətimizin maraqlarını müdafiə etməsi baxımından maliyyə dəstəyinə ehtiyacı var. Mən Samir Şərifovdan bir daha xahiş edərdim ki, QHT-lərə ayrılan vəsait bu baxımdan da nəzərə alınsın. Hazırki dövlət büdcəsindən əlavə 4,6 milyon manat vəsait QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılsın. Şuranın ümumi büdcəsinin 10 milyon 200 min manat həcmində müəyyənləşdirilməsi məsələsinə baxılsın. Ümid edirəm ki, hökumətimiz bu məsələyə daha qayğılı yanaşacaq və qaldırılan məsələlərə müəyyən mənada dəstək verəcək”.
 
Aktual.az
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR