“64 manatla qidalanmaq onsuz da real görünmür” - Millət vəkili

“64 manatla qidalanmaq onsuz da real görünmür” - Millət vəkili

Deputat Elnur Allahverdiyev parlamentdəki büdcə müzakirələrində bildirib ki, tarixdə ilk dəfədir dövlət büdcəsinin gəlirləri və xərcləri 30 milyard manatlıq həddi keçib. 
 
Aktual.az xəbər verir ki, deputat fikrinin davamında aşağıdakıları qeyd edib:
 
"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yaşadığımız il ərzində əsası qoyulan yeni layihələr və iqtisadiyyatımızın inkişaf perspektivləri belə deməyə əsas verir ki, bu pozitiv tendensiya gələn il də davam edəcək”.
 
E.Allahverdiyev qeyd etdi ki, biz hər dəfə büdcə layihəsini müzakirə edərkən dərhal araşdırdığımız iki mühüm istiqamət olur: müdafiə və təhlükəsizlik və sosial siyasət üçün nəzərdə tutulmuş xərclər: 

"Büdcə layihəsində müdafiə və təhlükəsizliyə ayrılan xərclər 5,3 milyard manat olmaqla dövlət büdcəsi xərclərinin 16,3 faizini təşkil edir: "Müdafiə xərclərinin artırılması müzəffər ordumuzun daha döyüşkən, modern olması və müasir silahlarla təchizatı deməkdir. Bu proses dayanmamalıdır, çünki birinicisi, düşmənimiz adekvat deyil, diqqətimiz zəifləməməlidir, sayıqlığımız itməməlidir, ikincisi, dünya qeyri-sabitdir, xüsusi ilə dost saydığın dini bizimlə bir olan qonşu bizə dayanmadan təhdid edirsə, qarşısında müasir Azərbaycan Silahlı Qüvvələrinin olduğunu görməlidir”
 
Deputat ardınca sosial məsələlərdən bəhs etdi: "Sosial sferaya ayrılan büdcə bizi dərhal ona görə maraqlandırır ki, əhalinin güzəranı və rifahının təminatı əsas hədəfimizdir. Rəqəmlər bizə məlumdur, 2023-cü ildə 2022-ci il ilə müqayisədə sosialyönümlü xərclərə 9,3 faiz, əhalinin sosial müdafiəsi və sosial təminat xərclərinə isə 18,4 faiz artıq vəsait ayrılıb. Göründüyü ki, bu sahə hökumətin xüsusi diqqətindədir, qarşıdakı ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bu uğurlu siyasət davam edəcək. Əsasən də həssas kontingent, şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı. Yeri gəlmişkən, bir məqama toxunum. Bildiyiniz kimi, əmək pensiyasında olan və əlliliyə malik hərbçilərimizə onlar üçün nəzərdə tutulmuş aylıq vəsait əlillik dərəcəsinə müvafiq olaraq ödənilir. Bu xərclər vəzifə maaşı, rütbə maaşı, məharət dərəcəsinə görə vəzifə maaşının müəyyən hissəsi, Prezident əlavəsi, ərzaq payı və sairdir. Bu vəsaitlər hamısı bir yerə toplanır və əlilliyinin dərəcəsinə görə hərbçiyə düşən miqdarı ödənilir. Tutaq ki, ərzaq pulu 64 manatdır. Hərbçi 3-cü qrup əlildir və ona aylıq məvacibin 55 faiz ödənilir. Olarmı ki, həmin bölgü misal üçün, 64 manatlıq ərzaq payına tətbiq olunmasın? Bu, 64 manatla qidalanmaq onsuz da real görünmür, onun 55 faizi isə az qala tən yarısı deməkdir. Xahiş edirəm bu məsələyə imkan düşən kimi yenidən baxılsın”.
 
E.Allahverdiyev əlavə etdi ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində kənd təsərrüfatına 1,2 milyard manat vəsait ayrılıb: "Kənd təsərrüfatının inkişafı bizim strateji hədəflərimizdən biridir. Bu, həm qeyri-neft sektoru, həm iş yerləri və məşğulluq deməkdir. Həm də son 1 il ərzində dünyanın imtahana çəkildiyi ərzaq çatışmazlığı təhlükəsi və bahalaşma, ərzaq yolları uğrunda geosiyasi və hərbi mübarizə fonunda olduqca aktual addımdır. Bildiyiniz kimi, respublikamızın ərzaq təhlükəsizliyi tədbirlərinə 2023-cü il üçün 625 milyon manat vəsait proqnozlaşdırılıb. Hökumət bir tərəfdən ərzaq təhlükəsizliyi tədbirləri üçün vəsait ayırır, digər tərəfdən də düzgün olaraq kənd təsərrüfatının inkişafına hədəflənir. Hesab edirəm ki, gələcək illərdə azad edilmiş ərazilərimizin də potensialı daxil olmaqla kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi tədbirləri üçün ayrılacaq vəsaitlərə qənaət etməyə imkan verəcək”.(musavat.com)

Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR