Taksi sürücüləri üçün imtahan keçiriləcək

Taksi sürücüləri üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün 6 avqust 2026-cı il tarixində imtahan keçirəcək.

Aktual.az xəbər verir ki,imtahanda iştirak etmək üçün ümumilikdə 1840 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə keçiriləcək.

İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur və 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdirilir.

Namizədlər "İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

Namizədlər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanda taksi minik avtomobillərinin sürücüləri üçün avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 15, sürücülərin etik davranışına dair 5 olmaqla, ümumilikdə 20 tapşırıq, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımaları yerinə yetirən sürücülər üçün isə peşə fəaliyyəti və davranış qaydaları, iş və istirahət rejiminin xüsusiyyətləri, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 tapşırıq təqdim olunur. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.

İştirakçılar "Yaddaş kitabçası” ilə buradan  tanış ola bilərlər.

Xəbər 68 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR