Xəzərdə müharibə təhlükəsi

Xəzərdə müharibə təhlükəsi

Rusiyanın Xəzərdə hərbi donanmasını gücləndirməsi regionda hegemon mövqeyi ələ keçirmək niyyətindən xəbər verir.

Aktual.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın Xəzərdə hərbi təlimlər keçirməsi barədə danışarkən deyib. Sabiq dövlət müşaviri deyib ki, hazırda Rusiyanı ağılla dərk etmək çətindir:

“İlk baxışda Rusiya-Azərbaycan münasibətləri tam normal görünür və hər iki tərəf bunun strateji xarakter daşıdığını qeyd edir. Yəni siyasilərə diqqət yetirsək, belə bir nəticə çıxarmaq mümkündür ki, iki ölkə arasında yaxın qonşuluq münasibətləri mövcuddur. Azərbaycandan Rusiyaya qarşı hər hansı bir xoşagəlməz hallar baş vermir. Üstəlik, Bakı Moskva ilə əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Çünki Dağlıq Qarabağ probleminin həllində Rusiya əsas vasitəçidir. Eyni zamanda, Rusiyanın Cənubi Qafqazda təsir dairəsi həlledici əhəmiyyətə malikdir, xüsusilə Ermənistan üzərində. Ancaq hazırda Rusiyanı ağılla dərk etmək çətindir. Çünki bir tərəfdən Moskva İrəvanı blokadan çıxarmağa və Abxaziyadan keçən dəmiryolunu işə salmağa çalışır, digər tərəfdən isə Sərkisyana 200 milyon dollar yardım və yeni silah növləri vədləri verilir. Rusiyanın bu ziddiyyətli addımları suallar doğurur”.

Politoloq hesab edir ki, hazırda Rusiyanın Xəzərdə hərbi donanmasını gücləndirməyə çalışması yaxşı heç nə vəd etmir:

“Bəzi məlumatlarda Xəzərdə Rusiyanın hərbi donanmasının tərkibinə daxil olan müxtəlif gəmilərinin sayının 200-ə çatmaq üzrə olduğu bildirilir. Bu, nəinki qonşu dövlət üçün bir təhdid, həm də lazım olanda müxtəlif ölkələrə təzyiq vasitəsidir. Zənnimcə, Rusiyanın bir planı var, o da Qazaxıstan, Türkmənistan, Azərbaycanı hərbi güc qorxusu altında saxlamaqdır. Məqsəd isə güc mövqeyindən siyasət yürütməkdir. Bir sözlə, Rusiyanın Xəzərdə hərbi donanmasını gücləndirməsi regionda hegemon mövqeyi ələ keçirmək niyyətindən xəbər verir. Bu, eyni zamanda, beş dövlət tərəfindən Xəzərin statusunun müəyyən edilməsi baxımından da təhlükəlidir. Yaxın vaxtlarda Qazaxıstanda növbəti görüş gözlənilir. Məlumatlara görə, Astanada Xəzərin statusu məsələsində ciddi addımlar atıla bilər. Ancaq Rusiyanın son mövqeyi Xəzərin statusu ilə bağlı bütün nikbin fikirləri alt-üst edir”.

Qeyd edək ki, Rusiya artıq bir neçə gündür ki, Xəzər dənizində hərbi təlimlər keçirir. Təlimlərdə Xəzər donanmasının 40-a yaxın gəmisi və 100-dən çox hərbi texnikası iştirak edir. 

Xəbər 812 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR