“Sudan həmişə Azərbaycanın yanındadır” Nazir

“Sudan həmişə Azərbaycanın yanındadır”      Nazir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Sudan Respublikasının xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Parlamentdən APA-ya verilən məlumata görə, spiker Azərbaycanın Sudanla siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyib.

 

O qeyd edib ki, həyatın müxtəlif sahələrində münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir: “Bu günədək ölkələrimiz arasında 5 sənəd imzalanıb, 6-sı isə baxılmaq üzrədir”. Görüşdə O.Əsədov iqtisadi əməkdaşlığın hər iki ölkənin mövcud potensialına cavab vermədiyini vurğulayaraq deyib ki, bu sahədə dönüş yaratmaq üçün iş adamlarının görüşləri, qarşılıqlı səfərlərin həyata keçirilməsi və bu istiqamətdə davamlı addımlar atılması əhəmiyyətli olardı. Spiker parlamentlər səviyyəsində əldə edilmiş nailiyyətlərlə kifayətlənməyərək, əlaqələrimizi daha da dərinləşdirmək üçün hər iki ölkə parlamentində dostluq qruplarının yaradılmasını zəruri hesab edib. Bildirib ki, gələcəkdə belə qrupların fəaliyyəti qanunvericilik orqanları arasında mühüm körpü rolunu oynaya bilər.

 

O, Dağlıq Qarabağ münaqişəsinin həllində Sudanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Spiker Sudan Milli Assambleyasında Xocalı soyqırımı ilə əlaqədar bəyanatın qəbul edilməsini Sudan xalqının haqqın və ədalətin yanında olmasının bariz nümunəsi kimi dəyərləndirib.

 

Əli Əhməd Karti qeyd edib ki, Afrika qitəsində özünəməxsus yer tutan Sudan Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri daha da dərinləşdirmək niyyətindədir. O, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinin dövlətlərarası münasibətlərə də müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Qonaq Sudan parlamentində Azərbaycanla əlaqələr üzrə dostluq qrupunun yaradılması üçün səylərini əsirgəməyəcəyini söyləyib. Əli Əhməd Karti Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin hər zaman Azərbaycanın yanında olduğuna diqqət çəkərək, bundan sonra da bu mövqedə qalacaqlarını ifadə edib.


Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR