Siqaretlə bağlı monitorinq keçirilə bilər

Siqaretlə bağlı monitorinq keçirilə bilər

Azərbaycanda bəzi qanunların, eləcə də yeni qəbul olunan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqinin keçirilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov komitənin bu gün keçirilən iclasında çıxış edıb.
Onun sözlərinə görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun uzun illərin gərgin əməyi nəticəsində əmələ gəlib: "Siyasi iradənin ortaya qoyulması nəticəsində çox mühüm bir qanun layihəsi qəbul edildi. Müəyyən qanunlar barəsində ictimaiyyətin xəbəri yoxdur. Regional müşavirələr keçirməklə ictimaiyyəti məlumatlandırmaq olar. Eyni zamanda təklif edərdim ki, bir sıra qanunların, eləcə də "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqi keçirilsin".
Deputat hesab edir ki, monitorinqinin keçirilməsi qanunu daha işlək edər.
Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.
Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.
Qanuna əsasən, siqaret çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarına buraxılıb. Bələdiyyələr də tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması sahəsində addımlar atacaqlar.

Aktual.az
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR