Restoranda silahlı insident törədənlərin cəzası artdı

Restoranda silahlı insident törədənlərin cəzası artdı

Bu gün Bakı Apellyasiya Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub.

Qərara görə, prokurorun protesti təmin edilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilə, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilə, Müzəffər Cəfərovun cəzası 4 ildən 4 il 6 aya, Süleyman Abdullayevin cəzası 4 ildən 7 ilədək artırılıb.

Digər təqsirləndirilən Hüseyn Hüseynovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

 

Tofiq Qaramizadənin isə cəza müddəti isə dəyişdirilmədən saxlanıb.

Qeyd edək ki, 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Samir Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.

 
Aktual.az
Xəbər 163 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR