İqtidaryönümlü gənclər prezidentin "NİDA"çıları əfvindən danışdılar

İqtidaryönümlü gənclər prezidentin

Dünən ölkə rəhbərinin imzaladığı Sərəncamla əfv edilənlər arasında bir sıra gənc ictimai fəalların, müxalifətçilərin də adının olması hər kəs tərəfindən demək olar ki, müsbət qarşılandı.

Ölkə.Az olaraq iqtidaryönümlü hesab etdiyimiz gənc fəallardan bu sərəncamla bağlı və həmçinin müxalifətçi gənclərin əfv edilməsinə dair münasibət öyrənməyə çalışdıq.

Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri Səbuhi Abbasov bu dəfəki siyahıda adı olan bir çox insanın bir öncəki əfv siyahısında adının ola biləcəyini, lakin müəyyən səbəblərdən onların əfvinin gecikdiyini qeyd etdi:

"Prezidentin növbəti sərəncamı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq reallaşdı. Hesab edirəm ki, bu sərəncam bütün QHT və media sektoru üçün əsl bayram oldu. Çox təəssüf ki, bəzi qurumlar bu sərəncamdan bərk sarsılacaqlar. Çünki bir çox təşkilatlar məhz bu faktordan sui istifadə edərək külli miqdarda qrantlar əldə edirdilər, ölkəmizə qarşı qərəzli hesabatlar hazırlayırdılar. Artıq onların "qida" mənbələri tükənmək üzrədir. Həbsdən azad olanlar arasında gənclər də var. Bu bizimçün ikiqat sevinc, ikiqat bayram deməkdir. Əksəriyyəti yeni ailə quranlardı, kiçik övladları var. Bir övlada bayramqabağı atasının evdə olmasından böyük xöşbəxtlik ola bilərmi? Bütün hallarda Prezidentə xüsusi təşəkkürlər. Təəssüf edirəm ki, bəzi media qurumları əfv siyasətinə kölgə salaraq yeni-yeni tələblər irəli sürürlər. Sizi inandırım ki, bir çox insanlar bəlkə də ötən ilin dekabr ayında əfvə düşəcəkdilər. Sadəcə bu və bu kimi təşkilatların, media qurumlarının hökümətə ultimatium tipli müraciətləri bu prosesi bir qədər ləngitdi. Bu bir daha onu göstərdi ki, prezidentlə diqtə ilə danışmaq mümkün deyil. Azərbaycan Ermənistan kimi müstəmləkə, vassal asıllığında olan bir dövlət deyil. Necə ki, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər öz daxili işlərinə heç bir dövlətin qarışmasına izin vermirlər, eyni proses bizimçün də keçərlidir".

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bu Əfv sərəncamı ilə Prezidentin heç bir Azərbaycan gəncinin həbsdə qalmasının tərəfdarı olmadığını bir daha sübüt etdiyini vurğuladı:

"Prezident İlham Əliyevin Novruz bayramı öncəsi Əfv sərəncamı imzalaması Azərbaycan dövlətinin həyata keçirdiyi humanizm siyasətinin məntiqi davamıdır. Cənab Prezidentin bu sərəncamı onlarla ailəyə sevinc bəxş etməklə yanaşı, cəmiyyətimizdə də bayram öncəsi müsbət əhval-ruhiyyənin daha da yüksəlməsinə səbəb oldu".

Daha sonra F.Şahbazlı qeyd edib ki, əfv edilənlər arasında bir sıra fəal gənclərin olmasının da sevindirici hal olmasını qeyd edib: "Biz dəfələrlə qeyd etmişik ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin ən böyük dostu və himayədarıdır. Bu Əfv sərəncamında da bir sıra həbsdə olan gənclərin adının yer alması bir daha sübut etdi ki, Cənab Prezident heç bir Azərbaycan gəncinin həbsdə qalmasının tərəfdarı deyil və gənclərin ideyalarını reallaşdırması üçün ölkədə tamamilə münbit şərait yaradılıb. Birmənalı şəkildə demək olar ki, bu sərəncam Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarına söykənən siyasi iradəsinin ifadəsidir. Azərbaycan gəncləri olaraq, Əfv sərəncamı imzalamaqla, onlarla ailəyə sevinc bəxş etdiyi üçün təşəkkür edirik."

Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov ölkə rəhbərinə bu hunanist addıma görə təşəkkür etdi:

"Dünən imzalanan Əfv sərəncamı cənab Prezidentin humanist siyasətinin göstəricisi idi. Cənab Prezident bir daha göstərdi ki, ölkəmizdə olan ictimai-siyasi sabitlik çox önəmlidir və hər hansı xarici qüvvənin diqtəsi ilə bu ictimai-siyasi sabitlik pozula bilməz. Düşünürəm ki, indiki halda hər kəs anlayır ki, qanun qarşısında hamı bərabərdir. Qanunları pozulmasını düşüncə, söz azadlığı və ya media azadlığı kimi qiymətləndirmək olmaz. Ona görə də qanunların göstərdiyi şəkildə işini quran hər bir kəs Azərbaycanda sərbəst şəkildə fəaliyyət göstərə bilər.

Mən bir daha ölkə Prezidentinə göstərdiyi humanist addımdan dolayı təşəkkür edirəm".

Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə heç kəsin məsuliyyətdən qaça bilməyəcəyini qeyd etdi:

"Ümumiyytələ, əfv edilmək insan həyatı üçün müsbət haldır. Qeyd etmək istərdim ki , cənab Prezidentin Novruz bayramı ərəfəsində bu humanist addımı azad olunan insanların doğmaları, valideynləri qədər ən azından bizi də sevindirdi. Amma bir məsələni xüsusi vurğulayardım ki, siyahıya baxarkən heçdə cəmiyyətimizdə bu şəxslərin hansısa sahələrdə işləməsinin fərqinə varmamalıyıq. Çünki demokratık ölkədə yaşayırıq və bu onların şəxsi işidir. Onlar arasında bənnaçıda, iqtisadçıda, ictımai fəal şəxsdə ola bilər . Kimin cəmiyyətdə hər hansı sahədə çalışması onu məsuliyyətdən azad etmir. Demokratik-dünyəvi dövlətimizin bizə verdiyi konstutsion hüquq və azadlıqlara hər birimiz rəhbər tutaraq, qanunların kobudcasına pozulması hallarına birdə yol verməməlidirlər. Cəmiyyətimizə faydalı olmaq, cəmiyyətimizin inkişafı üçün addımlar atmalıyıq. Atılan hər bir addım müsbətdir və faydalıdır. Dövlətimiz hər zaman öz müsbət addımlarını və faydalılığını nümayiş etdirərək, insanların sevincinə şərik olur. Sevinirəm ki, biz müstəqil dövlətin müstəqil vətəndaşlarıyıq".

Qeyd edək ki, Əfv edilənlər arasında NİDA Hərəkatının bir sıra fəalları da olub.

Xəbər 2945 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR