Həbsdəki biznesmendən dəhşət açıqlamalar – “Prokuror 2.5 milyon ödəyib, Abbası həbsdən çıxardı…”

Həbsdəki biznesmendən dəhşət açıqlamalar – “Prokuror 2.5 milyon ödəyib, Abbası həbsdən çıxardı…”

Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsində "Real MTK”-nın keçmiş təsisçisi, hazırda həbsdə olan İlham Qasımovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə İlham Qasımovun vəkilləri, qohumları, iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Gülağa Qəmbərovun (Tənha) nümayəndəsi və jurnalistlər iştirak edib. Prosesi "AzPolitika.info”nun əməkdaşı da izləyib.

Məhkəməni açıq elan edən hakim Sahibxan Mirzəyev əvvəlcə iş adamı İlham Qasımova qarşı irəli sürülən ittihamları elan etdi. Qeyd etdi ki, İ.Qasımovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs-qətimkan tədbiri seçilib. Sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə əlavə ittiham irəli sürülüb.

Hakim bildirdi ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Gülağa Qəmbərovun nümayəndəsi Elmar Kərimov məhkəmədə iştirak etmir. Onun əvəzinə Gülağa Qəmbərov məhkəməyə başqa bir nümayəndə göndərib. Məhkəmədə iştirak edən Mərdanə Fərzəliyeva ilə müqavilə bağlayıb.

Gülağa Qəmbərov məhkəməni uzatmağa çalışır

 Hakimdən söz alan Mərdanə Fərzəliyeva işlə tanış olmaq üçün ona vaxt verilməsini, məhkəmənin təxirə salınmasını istədi. Hakim bununla bağlı vəkillərin münasibətini öyrəndi. İlham Qasımovun vəkilləri Tariyel İbrahimov, Səyyad Məmmədov və Mərdəli Süleymanov məhkəmənin təxirə salınması ilə bağlı Gülağa Qəmbərovun nümayəndəsinin vəsadətinin qəbul edilməməsini tələb etdilər. Onlar bildirdilər ki, Gülağa Qəmbərov qəsdən nümayəndəsini tez-tez dəyişərək, məhkəməni uzatmağa çalışır. Bu da qanunsuz şəkildə azadlıqdan məhrum edilən, günahı olmadığı halda 8 aydır həbsdə qalan, səhhətində ciddi problemlər yaranmış İlham Qasımovun vəziyyətini daha da ağırlaşdırır. Buna görə də vəkillər hakimdən məhkəmənin davam etdirilməsini xahiş etdilər.

 Hakimin sorğusuna cavab olaraq, dövlət ittihamçısı R.Abbasov qərar verməyi məhkəmənin öhdəsinə buraxdığını bildirdi.

Məhkəmə heyəti yerində müşavirə keçirdikdən sonra Gülağa Qəmbərovun nümayəndəsinin vəsadətinin rədd edildiyini bəyan etdi. Hakim Sahibxan Mirzəyev də Gülağa Qəmbərovun hər prosesə bir nümayəndə göndərərək, məhkəməni uzatmağa çalışmasının yolverilməz olduğunu bildirdi. Hakim bugünkü prosesdə Mərdanə Fərzəliyevanın işlə tanış olmamasının hər hansı bir problem yaratmadığını bildirərək, prosesə başladı.

Bundan sonar İlham Qasımovun vəkili Taleh İbrahimov müvəkilinə çıxış üçün söz verilməsini xahiş etdi. Bildirdi ki, birinci instansiya məhkəməsində də İlham Qasımovun çıxışına şərait yaradılmayıb. Vəkil İlham Qasımovun deyəcəklərinin işin aydınlaşması baxımdan əhəmiyyətli olduğunu bildirdi. Digər vəkillər də bu vəsadəti müdafiə etdilər.

"Daim Prezident İlham Əliyevin siyasi kursunun dəstəkçisi olmuşam”

Hakim əvvəlcə İlham Qasımovun çixışına hələlik ehtiyac olmadığını bildirdi. Fikrini də onunla əsaslandırdı ki, şikayəti İ.Qasımovun özü deyil, vəkillər verib. Tariyel İbrahimov isə vəkillərin İlham Qasımovun iradəsini ifadə etdiklərini qeyd edərək, bir daha onun çıxışına şərait yaradılmasını xahiş etdi. Bundan sonar hakim çıxış üçün sözü təqsirləndirilən şəxs İlham Qasımova verdi.

Çıxış üçün ona şərait yaratdığına görə, hakimə təşəkkür edən İ.Qasimov, öncə daim Azərbaycan dövlətinə, onun rəhbərliyinə, Ümummilli lider Heydər Əliyevin ideyalarına, onun davamçısı Prezident İlham Əliyevin siyasi kursuna sadiq olduğunu bəyan etdi. Bunu ötən illərdəki əməli fəaliyyətində göstərdiyini bildirdi: "Hələ 1994-cü il tarixində Beyləqan rayonunda öz hesabıma Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əlirza oğlu Əliyevin şərəfinə "Heydər Baba” məscidini tikdirərək möminlərin istifadəsinə vermişəm. Əlavə olaraq ölkə rəhbərliyinin çağırışına cavab olaraq, məcburi köçkünlərə, şəhid ailələrinə, Qarabağ əlillərinə, kimsəsizlərə və sair ehtiyacı olan şəxslərə əl tutmuş, onların qayğısına qalmışam. Daim Prezident İlham Əliyevin siyasi kursunun dəstəkçisi olmuşam”.

Bundan sonra işin mahiyyəti barədə məlumat verən İ.Qasimov bildirdi ki, hər şey Baş Prokurorluqda idarə rəisi vəzifəsində çalışan general Müqəddəs Sultanovun onu Gülağa Qəmbərovla tanış etməsindən başlanıb: "Mən general Müqəddəs Sultanovla çox yaxın dost olmuşam. Onunla birlikdə bəzi işlər görmüşəm. Heç vaxt da aramızda problem olmayıb – bu Gülağa Qəmbərovu bizə şərik edənə qədər…

"Müqəddəs Sultanov məni Gülağa Qəmbərovla tanış edərək, birlikdə iş görməyimizi istədi”

 

 2014-cü ildə ailəmlə birlikdə Türkiyədə idim. Səhətimdəki problemlərlə məşğuldum. Həmin vaxt Müqəddəs Sultanov 050 208 90 71 nömrəsindən mənim 050 211 11 81 nömrəmə zəng edərək təcili görüşmək istədiyini dedi. Bildirdi ki, yanında Rusiyadan gələn hörmətli bir iş adamı var. Birlikdə iş görmək istəyir. Açığı mən şərikli iş görmək istəmirdim. Buna görə də imtina etməyə çalışdim. Ancaq gördüm Müqəddəs Sultanov inciyir, israrla gəlməyimi istəyir. Mən onun sözünü yerə salmayaraq, onun istəyi ilə Bakıya gəldim. O məni Gülağa Qəmbərovla tanış edərək, birlikdə iş görməyimizi istədiyini bildirdi. Gülağa ortaya pul qoymağa hazır olduğunu, bu işdən onun da xeyri olacağını söylədi.

Şəriklik istəməsəm də, Müqəddəs Sultanovun xətrinə bu işə razılıq verdim. Bundan sonra üçümüz "Mayestro” restoranında görüşdük. Orda Müqəddəs Sultanov bildirdi ki, sənin Tibb Universitetinin yaxınlığındakı yerində – Bakı şəhəri Yusifbəyli küçəsi 39-41 ünvanında yerləşən ərazidə şərikli bina tikək. Gülağa da bunun üçün pul buraxmağa hazırdır.

Həmin dövrdə mən tikintini gələcək illərə planlaşdırmışdım. Müəyyən problemlər vardı. Prezidentimiz də tapşırmışdı ki, evlərin köşürülməsi, kompensasiyaların ödənilməsi zamanı gərək vətəndaşlar razı salınsın. Mən də hər zaman ilk növbədə vətəndaşları razı salmağa çalışmışam. Ona görə də həmin yerdə tikintini müəyən imkan əldə etdikdən sonraya planlaşdırırdım.

Ancaq Müqəddəs Sultanov israrla bu işin baş tutmasına çalışırdı. Gülağa Qəmbərovun bu iş üçün lazım olan vəsaiti buraxmağa hazır olduğunu, özünün də bu işdən payını alacağını bildirdi. Mən də Müqəddəs Sultanovla dostluğumun xətrinə razılaşdım”.

 "Gülağa Qəmbərov barədə eşitdiyim məlumatlar məni bu şəriklikdən ayrılmağa məcbur etdi”

 Daha sonra İ.Qasımov bildirdi ki, Müqəddəs Sultanovun istəyi əsasında bu ərazidə şərikli tikinti işi aparmağa razılaşıb, müəyyən sənədlər imzalayıblar. İlham Qasımovun sözlərinə görə, o, "Real MTK”-nın vaxtı ilə həmtəsisçisi kimi Müqəddəs Sultanovun istəyi əsasında Gülağa Qəmbərovla qarşılıqlı fəaliyyət haqqında – Bakı şəhəri Yusifbəyli küçəsi 39-41 ünvanında yerləşən ərazidə 25 mərtəbəli ev tikmək barədə müqavilə imzalayıb.

 Gülağa Qəmbərov da şərik kimi həmin ərazidə tikinti aparmaq məqsədilə müəyyən razılıqların alınmasına, əhalinin köçürülməsi üçün kompensasiyaların verilməsinə vəsait ayırmağa başlayıb. G.Qəmbərovun verdiyi pulların hamısı sözügedən tikinti ücün təyinatı üzrə xərclənib ki, bunu təsdiq edən həm sənədlər, həm də şahidlər var. Bir müddət belə davam edib.

İ.Qasımovun sözlərinə görə, sonradan Gülağa Qəmbərov barədə eşitdiyi məlumatlar onu bu şəriklikdən ayrılmağa məcbur edir: "Mən Gülağa Qəmbərovu şəxsən tanımırdım. Bir dəfə Müqəddəs Sultanov, Gülağa Qəmbərov və mən "Tonqal” restoranındakı növbəti görüşlərimizin birindən çıxarkən, restoranın qabağında yaxın bir dostumla qarşılaşdım. Onu təəccüb bürüdü ki, sən hara, Gülağa hara… Dedim, nə məsələdir? Dedi, sonra danışarıq. Ancaq ondan uzaq dur, başın ağrıyar.

Sonra mən həmin dostumla söhbət etdim. Mənə anlatdı ki, bu şəxs vaxtilə OMON-nu maliyyələşdirib. Ümummili liderimiz Heydər Əliyevə qarşı çıxan qüvvələrlə yaxın olub, onunla iş birliyi sənə problem yaradar. Sonradan onu da bildim ki, bu işlərinə görə, o axtarışda olub. Onu sabiq MTN rəhbəri Eldar Mahmudov ölkəyə gətirib, şərikli iş qurub. Mən bunları Müqəddəs Sultanova danışdım. Hətta bildirdim ki, sənə də məsləhət görmürəm ki, onunla yaxınlıq edəsən. Amma Müqəddəs Sultanov bildirdi ki, hər şey keçmişdə qalıb, narahat olma. Mən yenə da razılaşmadım. Bununla bağlı mübahisələrimiz, danışıqlarımız xeyli çəkdi. Gördüm Müqəddəs Sultanov bundan ayrılmaq istəmir, mən onlarla şəriklikdən çıxdım.

 Qərara aldım ki, "Real MTK”-dakı payımı satım. «Real MTK»-dakı payımın 45%-ni alaraq Gülağa Qəmbərovun arvadı Şəhla Rüstəmovanın adına, 10%-ni isə Müqəddəs Sultanovun arvadı Təranə Əliyevanın adına rəsmiləşdirdilər. Mən də həmin vaxtdan kooperativ üzvlüyündən çıxdım, "Real MTK”-da hər hansı payım qalmadı”.

 Bu arada hakim İlham Qasımovdan "Müqəddəs Sultanov və Gülağa Qəmbərov nədən səndən aldıqları hissələri həyat yoldaşlarının adına sənədləşdirdilər” deyə soruşdu. Bunun cavabında İlham Qasımov bildirdi ki, Müqəddəs Sultanov prokurorluğun generalıdır və istəmir ki, adı biznesdə çəkilsin: "Həmçinin, "Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunda da göstərilir ki, vəzifəli şəxs biznes fəaliyyəti ilə məşğul ola bilməz”.

 "Müqəddəs Sultanov və Gülaga Tənha şərikli "Odlar Yurdu” MTK-nı yaratdılar "

 

 İ.Qasımovun sözlərinə görə, bir müddət belə davam etsə də, Gülağa Qəmbərovun onun ailə üzvlərilə «Real MTK»-da şərik olmasından da narahat olur. Bu üzdən də Gülağa Qəmbərovla bütün əlaqələri kəsmək istədiyini Müqəddəs Sultanova çatdırır: "Dedim ki, belə olmayacaq. Yadımda deyil, 2015-ci ilin hansı ayı idi, dedim bu şirkətlə olmayacaq. Bunlar da razılaşdılar. Dedilər biz "Odlar Yurdu” MTK adlı şirkət yaradırıq. Sən də Yusifbəyli küçəsindəki torpaq ərazisini müqavilə əsasında "Odlar Yurdu” MTK-ya verirsən. Biz də ərazinin əvəzində "Odlar Yurdu” MTK tərəfindən tikiləcək binada 35 nəfərin adına 10,5 milyon dəyərində maliyyə borc arayışları yazıb veririk. Əlavə olaraq Müqəddəs müəllim dedi ki, ikinci binanın tikintisi üçün icazə sənədini al, onun da 45%-i sənindir. "Real MTK”-dan da çıxırıq. Mən də buna razılaşdım. Dedim ərazini verirəm sizə, əvəzində öz insafınıza nə verərsiz-verərsiz. Verməsəniz də sağ olun. Bu söhbətdə olub mən, Müqəddəs Sultanov, Gülaga Tənha və birdə onların Abbas adli tikinti işlərini aparan adam. Biz orda danışıb razılaşaraq, ayrıldıq”.

 İ.Qasımovun sözlərinə görə, müqavilə ilə torpağı onlara verərək, bu işdən uzaqlaşır: ""Odlar Yurdu” MTK-ya mənim və ailəmin heç bir bağlılığı yoxdur. Bu MTK-da Müqəddəs Sultanov və Gülaga Tənha şərikdirlər. Müqəddəs Sultanov "Odlar Yurdu” MTK-dakı payını baldızı Nəzakət Əliyevanın adına sənədləşdirib. Gülaga Tənhanın isə həm özünün, həm də arvadının payı var. Mən də torpağı onlara verərkən, «Real MTK»dan çıxmalarını istəmışdim. Onlar da söz vermişdilər. Ancaq bu sözlərinin üzərində dayanmadılar”.

 "Müqəddəs müəllim Gülaga Tənhanın verdiyi 5 milyonun 2,5 milyonun ödəyib, Abbası buraxdırdı”

 Hakimin sualına cavab olaraq İlham Qasımov bildirdi ki, həmin torpağın hazırda dəyəri 20-25 milyon manatdır. "Mən bunlara həmin ərazini 15 milyona vermişdim. Pulun əvəzinə isə onlar mənə evlər verməli idilər. Ancaq əvəzində məni həbsə atdırdılar”.

 Sonra çıxışını davam etdirən İlham Qasımov qeyd etdi ki, həmin ərazidə bina tikintisinə başlamaq üçün Gülaga Tənha 5 milyon gətirmişdi: "Mən bu işdən çıxdığımdan pulu verdi Müqəddəs müəllimə. Həmin vaxt Abbası tutdular. Hacı İbrahim tutulan vaxt idi. Aparmışdılar "Bandotdel”ə. Abbasın da adına 2,5 milyon kredit götürülmüşdü. Həmin pulu rəsmi şəkildə ödətdirdilər. Müqəddəs müəllim Gülaga Tənhanın verdiyi 5 milyonun 2,5 milyonun ödəyib, Abbası buraxdırdı. Qalan pulu da bilmirəm neylədilər, heç bir tikinti aparılmadı. Bundan sonra Gülaga Tənha gəldi, mənə zəng etdi görüşdük. Orada dedi ki, mən bu tikintini aparmaq istəmirəm. 5 milyon pul vermişəm, üstündən 7 ay keçib heç bir tikinti aparılmayıb. Dedi ki, tikinti aparılmasa, sənin də pulun verilməyəcək. Ona görə sən Müqəddəs Sultanovla danış. Mən də bunu Müqəddəs Sultanova dedikdə, o, mənə bildirdi ki, sən bu məsələyə qarışma. Mən də razılaşdım”.

 "Yanıma adam göndərib, 20 milyon pul, "Real MTK”-nı, mülklərimi tələb etdilər”

 İlham Qasımovun sözlərinə görə, bundan sonra narazılıqlar yaranıb. "Bundan sonra Gülaga Tənhanın həyat yoldaşı Şəhla xanım Binəqədi rayon Məhkəməsinə müraciət edib, mülki iddia qaldırdı ki, 13 milyon 860 min pul vermişik, tikinti aparılmayıb. Həmin pulların nə alınmasında, nə də paylanmasında mənim heç bir iştirakım olmayıb. Binəqədi rayon Məhkəməsi də bu iş üzrə mülki qaydada qərar çıxardı. Ancaq həmin qərarın üzərindən bir neçə gün keçməmiş məni həbs etdirdilər. Ortada heç bir sübut, şahid olmadığı halda bütün pulların məsuliyyətini də mənim üzərimə yıxmağa çalışdılar. Və məni sifarişlə, qanunsuz olaraq həbsə aldırdılar.

 Sonradan mənə məlum oldu ki, bu iş əvvəlcədən quraşdırılmış bir iş olub. Bu adamlar sonradan var-dövlətimi əlimdən almaq üçün oyunlar qurdular. Və bu oyunların nəticəsində mən həbs edildim. Mən qanunsuz olaraq 15 il cəza almışam.

Bu cəzanı mənə Baş Prokurorluğun idarə rəisi Müqəddəs Sultanov var-dövlətimi ələ keçirmək istədiyi üçün verdirib. Mən həbs olunandan sonra gəldilər ki, torpağını ver, "Real MTK”-ni ver, əmlaklarını ver, bütün qohumlarının evləri, mülklərini ver.

Həbs olunandan sonra keçmiş prokuror Yusif mənim yanıma adam göndərib bildirdi ki, 20 milyon pul, "Real MTK”-nı, mülklərini verməsə İlhama 15 il iş verdirəcəyik. Dediklərini də etdilər. Prokuror 13 il iş istədiyi halda Müqəddəs Sultanovun qohumu olan hakim mənə 15 il iş verdi. Məhkəmədə fasilə zamanı Müqəddəs Sultanovun adamları mənə yaxınlaşaraq, bir neçə iş adamı haqqında istədikləri izahatı verməyim qarşılığında mənə az iş verilməsini təklif etdilər. Ancaq mən onların bu təklifini rədd etdim.

 Bütün bunlar qanunsuzluqdu. Dövlətin vəzifəsində oturub, bu cür qanunsuz əməllərlə məşğul olan adamlar qanun qarşısında cavablarını alacaqlar. Mən bəraət tələb edirəm”.

 İlham Qasımov sonda bildirdi ki, səhhətindəki problemlərlə bağlı çox danışa bilmir. O, anons etdi ki, növbəti prosesdə Gülağa Qəmbərov barəsində ciddi açıqlamalar verəcək.

 "Vəkillər İlham Qasımova bəraət verilməsini istədilər”

 Prosesdə İlham Qasımovun vəkilləri Taleh İbrahimov və Səyyad Məmmədov da çıxış etdilər. Onlar apellyasiya şikayətini müdafiə edərək, İlham Qasımova bəraət verilməsini istədilər. Vəkillər konkret faktlarla İlham Qasımova qarşı irəli sürülən ittihamların tam əsassız olduğunu bildirdilər. Qeyd etdilər ki, ittihamda İlham Qasımovun vəzifəli şəxs kimi pulları təyinatına uyğun istifadə etmədiyi bildirilir. "İttiham aktında qeyd olunur ki, guya İlham müəllim "Real MTK”-nın sədridi. Halbuki, belə deyil. Bununla bağlı Vergilər Departamentindən də cavab almışıq ki, o heç vaxt MTK-nın sədri olmayıb. Təyinatından kənarlaşdırılan pulların xərcləndiyi zaman o şirkətin təsisçisi də olmayıb. Digər təsisçi MTK-ya pul verib, həmin vəsaitin verilib-alınmasında da İ.Qasımov iştirak etməyib”.

 Vəkilər İlham Qasımovun günahsız olduğunu deyərək, ona bərat verilməsini istədilər.

 Bundan başaqa vəkillər İlham Qasımovun və qohumlarının 15-20 il əvvəl əldə etdiyi əmlaklarına qoyulan həbslərin də qanunsuz olduğunu deyərək, aradan götürülməsini tələb etdilər.

 Vəkil Mərdəli Süleymanov geniş çıxışını sonraya saxladı, lakin qısaca bildirdi ki, İlham Qasımova qarşı irəli sürülən ittihamlar əsassızdır. Ona bəraət verilməlidir.

 Proses gələn həftə davam edəcək.

 Xatırladaq ki, İlham Qasımovun barəsində ötən il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. İş adamının adı "MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçsə də, özü hazırda həbsdədir. İlham Qasımov və yaxınları bu həbsin general Müqəddəs Sultanovun və onun biznes şəriki, müəmmalı iş adamı Gülağa Tənhanın sifarişi ilə baş tutduğunu iddia edirlər. Məhkəmə prosesinə sədrlik edən Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, sahibkarı günahsız yerə həbsə aldığını söyləyirlər.

 
Aktual.az
Xəbər 1145 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR