Elşən Musayev: “İsa Qəmbər “ikinci bahar” eşqinə düşüb ”

Elşən Musayev: “İsa Qəmbər “ikinci bahar” eşqinə düşüb ”

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi

- Elşən müəllim, Müsavatın keçmiş başqanı İsa Qəmbər son vaxtlar gündəmə gəlməyə və populist bəyanatlarla diqqəti özünə cəlb etməyə cəhdlər göstərir. Sizcə, İsa Qəmbər bununla nəyəsə nail ola bilərmi?

- Yəqin İsa Qəmbər "ikinci bahar” eşqinə düşüb, ona görə özünə əl qatıb. Maksimum kəskin bəyanatlar verərək, səviyyəsiz təhqirlər səsləndirərək yenidən gündəmə gəlmək istəyir. Fəqət anlamır, birinci bahar zay olubsa, ikincini arzulamaq üçün ən azından adamda abır lazımdır. Qəmbərdə isə belə bir hiss yoxdur. Ona görə zurnasını hara gəldi üfürür, prezident seçkilərinə az qalmış diqqət cəlb eləmək, sınıq-salxaq populizmlə gündəm zəbt etmək istəyir. Amma, çifayda. Bitib İsa Qəmbər, çoxdan bitib. Tarixin arxivinə gömülüb. Hətta üstünü kol-kos da basıb. Bircə özünün xəbəri yoxdur bundan.

- İsa Qəmbər "2018-ci ilin "Müsavat ili” olacaq" kimi populist bir çağırışla çıxış edib...

- İsa Qəmbərin özünün görəsən Müsavat anlayışına, müsavatçılıq ideyalarına dəxili varmı ki, hələ bir 2018-ci ili də "Müsavat ili” elan edir? Bu insan bolşevik təfəkküründə olan biridir. Üstəlik, ölüm hökmünün Azərbaycanda son icraçısı, son sərəncam verənidir. Odurmu müsavatçılıq ideyalarından danışan? Odurmu "Müsavat ili” təyin edən? 5 il harda idi? Öz hesabına məzuniyyətmi götürmüşdü, yoxsa festivallaramı qatılmışdı? Bəlkə dünya turnesinə çıxıbmış, xəbərimiz olmayıb? Bir adam İsa Qəmbərə desin ki, siyasət mövsümlə olmur. Siyasətçi ya bu işin daima məşğul olanıdır, ya da ümumən deyil. Siyasətə müvəqqəti həzz, adrenalin, bekarçılıqdan doğan fəaliyyət növü kimi baxmaq olmaz. Baxan elə İsa Qəmbərin gününə düşür. Bu aksiomdur.

- İsa Qəmbər və Arif Hacılı tandemi AXCP-nin uğursuz sədri Əli Kərimlini qabaqlamaq və onu sıradan sıxışdırıb çıxartmağa hesablandığını demək olarmı?

- Əli Kərimli hərəkətdədirmi ki, hələ onu kimsə də qabaqlasın? Ə.Kərimli bunlardan da bədbəxt siyasətçidir. Bilinmir bloqqerdi yoxsa partiya sədri. Arif Hacılı isə başqandan daha çox kağız-kuğuz, portfel daşıyanlara oxşayır. Bu adamı zorla başqan təyin etdilər, yenə quruluşu, fizianomiyası, bükülü gəzmə tərzi dəyişmədi ki, dəyişmədi. Bir qıraqdan qulağına da pıçıldamırlar ki, ay balam dik gəz, yalandan imitasiya da olsa elə, səsinin tonunu qaldır, özünü  köməkçi kimi aparma. Batıb, tökülüb, itib gedir. Ona görə inanmıram, Əli Kərimli bunu ciddiyə ala. Baxmayaraq ki, özü də Hacılının başqa bir tayıdır, özü də siyasətdə bitmiş adamdır. İsa Qəmbərə gəlincə isə... hə, Kərimli ilə Qəmbərin tarixə söykənən ədavəti, düşmənçiliyi var və bu düşmənçiliyin əsası 2000-ci ildə qoyulub. İsa Qəmbər AXCP kimi "klassiklər” qanadını tanıdığı zamandan. Ondan bu yana qırırlar bir-birini. İndi də yəqin Qəmbər düşünür ki, seçki öncəsi xaricdən pul zad gələcək və Kərimli  bu pulu tək yeyəcək. Ona görə ortalığa atılıb. Amma inanmıram ki, siyasi iddia-filan olsun. İsa Qəmbərlə Əli Kərimli korperativ marağa işləyən adamlardır və nə qədər naşı siyasətçi olsalar da fərqindilər ki, onlardan nəinki ölkə, heç şirkət rəhbəri də çıxmaz. Fəqət, kimisə aldadıb pul qazanmaq üçün heç vaxt gec deyil və ən çətin məsələ həmin pulu bölməkdir. Qısası, son prosesləri İsa Qəmbərin siyasətə qayıdışı kimi qiymətləndirməyin əleyhinəyəm. Sadəcə pulu bitib, o qədər. Əlinə 3-5 manat gələn kimi yenə çəkilib oturacaq qıraqda. Siyasət bu adam üçün xobbidir. Onun üçün də, Əli Kərimli üçün də.
 
Aktual.az
Xəbər 2296 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR