Əlilin döyülməsi xəbərinə - DİN-dən reaksiya

Əlilin döyülməsi xəbərinə   - DİN-dən reaksiya

Ağsu rayon sakini II qrup əlil Əfəndiyev Vəfadarın ötən gecə rayonda bir neçə polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı xəbərə rəsmi cavab gəlib.

Aktual.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Qafqazinfo-ya açıqlamasında Vəfadar Əfəndiyevin polis əməkdaşları tərəfindən döyülməsi və təhdid olunması barədə səsləndirdiyi iddiaları əsassız adlandırıb.

Şöbə rəisi Ağsu sakininin qardaşının iştirakı ilə baş vermiş bir hadisəni özlərinə sərf edən, təhrif olunmuş formada təqdim etdiyini qeyd edib:

“Həqiqətən 18.11.2015-ci il tarixdə saat 20:30-da rayon mərkəzində mübahisə edən iki nəfəri ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşları intizama dəvət edib, bir-birinə əl qaldıran şəxsləri məsələni aydınlaşdırmaq üçün Rayon Polis Şöbəsinə aparmaq istəyərkən hadisə yerinə gələn iki qardaş - Vəfadar və Elvin Əfəndiyevlər polisin qanuni tələbinə qəsdən tabe olmayaraq kobudluq edib, ictimai yerdə onların ünvanına nalayiq ifadələr işlədərək sonuncuları təxribata çəkməyə cəhd göstərib, lakin əməkdaşlar təmkin və səbr nümayiş etdirirblər.

Hadisədən sonra Ağsu şəhəri sakini Cavid Məmmədzadə RPŞ-yə ərizə verərək 18.11.2015-ci il tarixdə saat 20:30 radələrində əvvəllər tanıdığı, Ağsu şəhər sakini Vüsal Əfəndiyev tərəfindən döyüldüyünü bildirib. Hazırda həmin ərizə əsasında RPŞ-nin Təhqiqat qrupunda aradırma aparılır. C.Məmmədzadənin izahatı alınıb, aldığı xəsarətin dərəcəsinin təyin olunması üçün o, ekspertizaya göndərilib”.

Orxan Mansurzadənin sözlərinə görə, şikayətçi qardaşının xuliqanlıq zəmnində hüquqazidd əməl törətdiyini biləndən sonra bu məsələni mətbuata çıxarmaq qərarına gəlib:

“Vəfadar Əfəndiyev görünür qardaşını məsuliyyətdən yayındırmaq məqsədilə qabaqdangəlmişlik edərək sözügedən insident zamanı özünün guya polis əməkdaşları tərəfindən döyülməsi və guya onu "üzərlərində olan kəsici-deşici alətlərlə yaraladıqları" barədə heç bir normal məntiqə və düşüncəyə sığmayan, absurd olduğu qədər gülünc ittihamlar irəli sürür. Üstəlik, sözügedən olay zamanı V.Əfəndiyevin kobudluğu və aşkar ədəbsizliyi müqabilində polis əməkdaşları tərəfindən ona qarşı qanundankənar heç bir hərəkət olunmadığını, yalnız intizama dəvət etmələrini hadisənin şahidləri olan rayon sakinləri də görüblər.

O ki qaldı bu şəxsin üzərindəki sıyrıntılarla bağlı məsələyə, o zaman qeyd olunmalıdır ki, 18.11.2015-ci il tarixdə axşam Vəfadar adlı şəxs qolunda sıyrıntı ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Müayinə zamanı həmin sıyrıntının dərəcəsi təyin olunmayan növlərə aid olduğu, döyülməyə xarakterik yara olmadığı müəyyənləşdiriib”.

Xatırladaq ki, Vəfadar Əfəndiyev “Qafqazinfo”ya müraciət edərək rayonun Üzeyir Hacıbəyov küçəsində Cavid, Telman, Kamal, Rüstəm adlı polislər tərəfindən hücuma məruz qaldığını bildirmişdi. O, polislərin qardaşını sürüyərək bölməyə aparmaq istəyinə qarşı çıxdığına görə döyüldüyünü iddia edir.



Aktual.az

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR