Məni bir addım öndə görəndə...

Məni bir addım öndə görəndə...

Azər HƏSRƏT, [email protected]

Dekabrın 24-də cənab Prezidentin doğum günüydü. Onunla çəkdirdiyimiz bir şəkli Facebook üzərindən paylaşaraq təbrik etdik. Təbii ki, xoş sözlər yazdıq, uzun ömür – 100 il yaşamağı arzuladıq. Yəni bir insanın, hələ bir ölkə rəhbərinin doğum gününə nə diləmək olarsa, onu da dilədik.

Əlbəttə ki, bu təbriki yazanda düşünmədik ki, Prezident İlham Əliyev onu oxuyacaq. Oxuması da mümkün deyil. Çünki həmin gün bizim kimi on minlərlə, yüz minlərlə insan öz xoş diləklərini, təbriklərini dilə gətirdi. Bir insanınsa bütün bunları oxuması, cavab verməsi sadəcə imkansızdır.

Bu qədər çox təbrikin, xoş diləyin olması ümumxalq sevgisinin, diqqətinin daha bir göstəricisidir. Bizim də təbrikimizi yüzlərlə insan bəyəndi, paylaşdı, ona qoşuldu.


Prezidentlə səmimi söhbət

Bunlar öz yerində. Öz yerində olmayan hər zamankı kimi yenə də özünə müxalifət deyən, amma ən adi ədəb qaydalarından xəbəri olmayanların davranışıdır.

Facebook-dan tanıdığım, az-çox normal müzakirə imkanlarına bələd olduğum və buna görə də virtual dostluğumu davam etdirdiyim müsavatçı Yadigar Sadıqov mənim Prezidentə 100 il ömür arzulamağıma əsaslanaraq bir xatırlatmada bulundu ki, 2005-ci ildə bu adam bu hakimiyyətin kökünü kəsməyə çağırırdı.

Və başladılar. Qarğa-quzğun hərəkətə gəldi, əcdadlarından, ailələrindən gördükləri bütün tərbiyəsizlikləri qusmağa başladılar.

İddia etdilər ki, bəs, bu adam (yəni mən – A.H.) ikiüzlüdür, satqındır, əqidəsinə xəyanət edib, keçib hakimiyyət tərəfə. Bunlara bənd olmadım. Çünki siyasi mübarizədə belə ifadələrə dözmək lazımdır və biz də dözürük. Amma ki, bəziləri o qədər tərbiyəsizləşdi ki, küçə söyüşləri, əxlaq çərçivəsindən kəskin şəkildə kənara çıxan ifadələrə yol verdilər. Hətta başımda saç olmamasına belə ilişdi bu əxlaqsız küçə adamları!

Hamısının profilini bir-bir açıb baxdım. Təəccüblü heç nəyə rast gəlmədim. Əksərən Müsavat və Xalq Cəbhəsi partiyalarının üzvləridir. Bir də coğrafi mənsubiyyətləri diqqətimi çəkdi ki, bunun üzərindən hələlik keçirəm.

Təhqirlərlə bağlı barəmdə müzakirə açmış Yadigar Sadıqova fikrimi bildirdim və rica etdim ki, əgər bu müzakirəni açmısınızsa, lütfən, ədəb çərçivəsində getməsini də təmin edin.

Haşiyə: Bir insanın evi onun müqəddəs ocağıdır. Ora hər zaman qonaqlar gələr-gedər. Heç kim istəməz, izn verməz ki, onun evinə gələn qonaqlar ədəb çərçivəsindən kənar davranışlara yol versin, fikirlər səsləndirsin. Zatən gələn qonaqlar da evə, ev sahibinə sayğı göstərər, öz davranış və sözlərinə diqqət edərlər. Bizim xalqın adəti belədir. İndi bu sosial şəbəkələr də evimiz kimi bir şeydir. Bəlli bir dost çevrəmiz, müzakirə mövzularımız var. Şəxsən mən heç zaman izn vermirəm ki, kimsə dostlarıma qarşı ədəbsizlik etsin. Elələri olanda xəbərdarlıq edib çevrəmdən uzaqlaşdırıram. Yəni mən necəyəmsə, dostlarım da elə olmalı, mənim üçün məqbul sayılmayacaq əxlaq dışı davranışlara yol verməməlidir.

Düzdür, Yadigar bəy bundan sonra bu yöndə bir çağırış etdi. Amma nəticəsiz. Yəni söyüşlər yerində qaldı, hələ yeniləri də əlavə edildi. Anlaşılan, bu Yadigar Sadıqov öz evində söyüş söyülməsini, qonaqlarının təhqir edilməsini normal qarşılayan biridir ki, bütün bunlara dözümlü yanaşır. Özü bilər. Hər kəs sözüylə, davranışıyla özünün mahiyyətini ortaya qoyur.

Məni söyən kəslərə isə deyəcəyim bir neçə söz var. Birincisi, çalışın əxlaq həddini aşmayın. Axı siz müxalifətçi olaraq hazırkı hakimiyyəti bəyənmirsiniz. İddia da edirsiniz ki, özünüz hakimiyyətdəkilərdən daha yaxşısınız. Mən bir tərəfsiz mövqeyindən baxaraq bu qənaətə gəlirəm ki, elə görünmürsünüz. Əksinə, hakimiyyətdəki siyasi qüvvə sizdən qat-qat əxlaqlı görünür.

Adama irad tutanda, tənqid etmək istəyəndə də çalışın tutarqalarınız əsaslı olsun. Yoxsa lağlağı xarakterli, səviyyəsiz görünə biləcək iddialarla özünüzə zərər etmiş olursunuz.

Haşiyə: Yadigar Sadıqovun "evində” açılmış ədəb dışı müzakirədə birisi hətta mənə irad tutur ki, bu adam "Azadlıq” qəzetinin redaksiyasındakı otağının qapısında "Burda mənəm, Bağdadda kor xəlifə” yazmışdı. (Əslində, "Burda mənəm, Bağdadda Pol Bremer” yazmışdım.) Yəni ki, məni hədsiz iddialı olmaqda ittiham edirdi. Bu adama və onun kimi düşünənlərə deməyə məcburam ki, qapımın üstünə tək bu sözü yazmamışdım. Başqa maraqlı sözlər də yazmışdım. Bağdad məsələsini sadəcə zarafat üçün yazmışdımsa, digər fikrimi o binada olan və ora gəlib-gedən bir çox müxalifətçilərin ən adi ədəb qaydalarından xəbərsiz olmasına görə yazmışdım. Amma onların xətrinə dəyməmək üçün yumorla. Məsələn, yay vaxtlarında qapımın üzərində belə bir yazı olurdu: "Qapının açıq olması heç də o demək deyil ki, siz mütləq içəri boylanmalısınız”. Niyə yazmışdım bunu? Çünki yayda otaq isti olduğundan qapını açıq qoyurdum və bu hakimiyyəti bəyənməyənlərin bir çoxu harda açıq qapı görsə, mütləq burnunu içəri soxurdu. Dəxli olmadan özü də. Bu adi normadan xəbəri olmayanlarla bir cəbhədə əbədi qalmalıydımmı mən? Təbii ki, qala bilməzdim və qalmadım da. Onların əksəriyyətinin qapını döymədən otağa daxil olmasını da deyə bilərəm. Bu adamlar bu qədər adi ədəb normalarını bilmirsə, buna hakimiyyət nə etsin? Yaxud da mənim kimi hər əməlində ədəb normalarını yüksək tutan birisi nə qədər dözməliydi bütün bunlara? Və nəyin xatirinə?

Sözügedən "müzakirə” də daxil olmaqla barəmdə sosial şəbəkələrdə mənfi rəy yaratmaq istəyənləri ümumilikdə belə təsnifatlandırardım:
1. İran molla rejiminin Azərbaycandakı uzantıları və özünü din təəssübkeşi kimi qələmə verənlər;
2. Konkret müxalifət partiyalarına mənsub olduqları üçün guya siyasi mübarizə müstəvisində mənə qarşı olanlar;
3. Müzakirə edilən məsələlərin mahiyyətinə varmadan sürüyə qoşulmağı özü üçün yaşam tərzi seçənlər;
4. Antitürk ovqatlı məlum etnik bölücü qrupların üzvləri, onlara açıq və ya gizli rəğbət bəsləyənlər;
5. Azərbaycan hakimiyyətində təmsil olunduqları halda bizim kimi insanların irəli getməsindən, üzdə olmasından əndişə duyanlar.

Maraqlıdır ki, bütün bu kateqoriyalardan olanlar mənim kimi insanlara hücum komandası veriləndə şübhəli şəkildə sinxron hərəkətə keçirlər. Bir növ "ümumi düşmən”ə qarşı güclərini birləşdirirlər. Amma hamısı da getdikcə daha çox ruh düşkünlüyünə uğramalı olurlar. Çünki hücumları heç bir fayda vermir. Yeganə tutarqaları budur ki, mən 2005-ci ildə jurnalist həmkarım Elmar Hüseynov qətlə yetiriləndə hakimiyyəti ittiham etmişəm, indi isə onu tərifləyirəm, yanında yer almışam. Yəni bu yolla hakimiyyətə göstərmək istəyirlər ki, baxın, bu adam indi yanınızda olsa da, bir zamanlar sizə qarşı çox kəskin mövqedə dayanıb. Bu bədbəxtlər elə düşünür ki, bununla hakimiyyətə nəsə yeni bir bilgi vermiş olurlar. Bu da onların dayazlığından irəli gəlir. Üstəlik, hakimiyyəti sərt tənqid etdiyim videonu da internetdə özüm dərc etmişəm və təbii ki, gizli bir şey deyil.

Son bir qeyd: cənab Prezidentə təbrikimi sosial şəbəkələrdə görən bəzi dostlarım buna görə mənə təşəkkür edəndə deyirdim ki, gözləyin, bu axşama komanda veriləcək, söyüşçülər hərəkətə keçəcək ki, məni gözdən salsınlar. Onlar bunu anlamayanda izah edirdim ki, həmişə məni bir addım öndə görəndə bəzi kəsimlərin daxilində vulkan püskürür. İndi də cənab Prezidentlə çox səmimi bir şəklimizi dərc etmişəm, buna dözə bilməzlər axı…
Yeri gəlmişkən, şəkli president.az saytından götürmüşəm.
Xəbər 1061 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR