Bakıda temperatur 48 DƏRƏCƏYƏ YÜKSƏLDİ, iki qurum bir-birinə dəydi

Bakıda temperatur 48 DƏRƏCƏYƏ YÜKSƏLDİ, iki qurum bir-birinə dəydi

İllər əvvəl paytaxtda quraşdırılan yeni nəsil avtodayanacaqlar bir sıra özəlliyi ilə fərqlilik gətirdi. Məsələn, bu dayanacaqlardakı məlumat lövhələrinin ərazidə hərəkət edən marşrut xətləri barədə dəqiq informasiya verəcəyi, gözlədiyiniz avtobusun neçə dəqiqə sonra olduğunuz məkana çatacağı kimi məlumatlar verməli idi. Üstəlik, dayanacaqlarda saat və havanın temperaturu barədə də məlumat ala biləcəkdik. Əlbəttə, bu məlumatlar hamısı mərkəzləşmiş sistem tərəfindən idarə ediləcəkdi. Amma zaman göstərdi ki, bu dayanacağı quraşdıranlar verdikləri vədə əməl etmədilər. Oradakı məlumat lövhələrinin əksəriyyəti bir dəfə də olsun avtobusların hansı stansiyada olmasını göstərmədən ömürlərini başa vurdular. Temperatur və saatla bağlı məlumatlar isə insanları çaşdırmaq, narahat etməkdən başqa bir işə yaramır. Çünki dayanacaqlardakı saat həmişə səhv olur. Temperatur göstəricisi isə əsasən yay aylarında onu görənlərin narahatlığını artırır. Çünki yayda Ekologiya və Təbii Sərvətlər Nazirliyi 30-35 dərəcə istilik proqnozlaşdırırarkən avtodayanacaqlarda 48-50 dərəcə göstərirdi. Hətta insanlar bu şəkilləri sosial şəbəkədə paylaşaraq hidrometeoroloqların düzgün proqnoz verməməkdə ittiham edirdilər.
Hər dayanacaqda temperaturun fərqli olması, problemin hidrometeoroloq yox, avtodayanacaqlarda olduğu qənaətinə gəlməyimizə əsas verir. Çünki bu dayanacaqlar mərkəzləşmiş sistemlə idarə edilmir, birbaşa Günəş şüalarının təsirinə məruz qalır, civə qızır və temperaturun yüksək olduğunu göstərir. Lakin insanlar çox zaman bu səbəb üzərində fikirləşmədən havada temperaturun 50 dərəcə olduğunu düşünərək, narahatlıq yaşayırlar. Xüsusən, həssas insanlara bu rəqəm psixoloji təsir edir. Qarşıda bizi isti günlər gözləyir və heç şübhəsiz oxşar halları yenidən yaşayacağıq. Bəs nə üçün aidiyyəti qurumlar məsələni həll etmək istəmir?
Publika.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, avtodayanacaqlarda bu məlumatların doğru yerləşdirilməsini təmin etmək çətin deyil:
"Bu məsələlər məni də narahat etdiyindən aidiyyəti qurumlarla əlaqə saxlamışam. Dayanacaqlardakı məlumat lövhələrinin təmir və başqa səbəbdən sıradan çıxdığını deyirlər. Bildiyimə görə, bu işlə fəal məşğul olunmur. Dayanacaqlarda elektron lövhələrin olması müsbət haldır. Hava, saatın düzgün göstərilməsini təmin etmək çox da çətin deyil. Elektorn idarəetmə sistemi işləyirsə, bu məlumatlar əhali üçün əlavə bir informasiya vermiş olar. Telefonda belə hava ilə bağlı məlumat almaq mümkündürsə, dayanacaqda bu məlumatların yerləşdirilməsi çətin deyil. Lakin reallıq göstərir ki, bu məlumatlar elektron formada idarə edilmir”.
Bakı Nəqliyyat Agentliyi elektron məlumatları, xüsusi məlumat lövhələri ilə əvəzləyib. Məlumat lövhəsində həmin dayanacaqdan hansı avtobusun keçməsilə bağlı informasiyalar yer alıb.
Hava və saatla bağlı məlumata gəldikdə, BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a açıqlamasında bu məsələyə Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət etdiyini dedi.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova avtodayanacaqlarda hava ilə bağlı məlumatların necə tənzimlənməsindən xəbərsiz olduğunu bildirdi. O, məsələni araşdırdıqdan sonra məlumat verəcəyini qeyd etdi.
Ümid edək ki, dayanacaqlarda temperatur 50 dərəcəyə yüksəlməmiş bir tədbir görüləcək.
 
Aktual.az
Xəbər 2947 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR