Babək prospektində su xətlərinin çəkilişi mayda yekunlaşacaq

Babək prospektində su xətlərinin çəkilişi mayda yekunlaşacaq

Babək prospektində nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq hazırda 5 nöqtədə tikinti-quraşdırma işləri davam etdirilir. İndiyə qədər 5 km-dən çox boru qaynaq edilərək torpağa basdırılıb. Su xətlərinin çəkilişinin cari ilin may ayında başa çatdırılması planlaşdırılır.
 
"Azərsu” Açıq Səhmdar Cəmiyyətindən  verilən məlumata görə, paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir.
 
Babək prospektində icra olunan layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Babək prospekti boyunca 1000 və 800 mm polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər çəkilir. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar veriləcək, bütün evlər və obyektlər yeni şəbəkəyə qoşulacaq.
 
Layihə çərçivəsində +41 Şərq anbarında əsaslı yenidən qurma işləri görüləcək. Su ehtiyatlarının optimal idarə edilməsi məqsədilə + 41 Şərq anbarı ilə + 82 Şərq su anbarını əlaqələndirən 700 mm diametrli yeni magistral xəttin inşası da nəzərdə tutulur.
 
Prospektdə görüləcək işlər çərçivəsində yolu bir neçə yerdə kəsib keçən mövcud xətlər ləğv ediləcək və onların yeni tikilən kəmərlərə qoşulması təmin ediləcək.
 
Layihə çərçivəsində Babək prospekti boyunca istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və 1 polad magistral su xəttinin fəaliyyəti dayandırılacaq. Prospekt boyunca qurulacaq yeni sistem Bakı buxtasının şimal və şərq hissəsində böyük bir ərazini, eyni zamanda yeni salınan "Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.
 


Xəbər 137 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR