“Zəngəzur dəhlizi mütləq açılacaq”

“Zəngəzur dəhlizi mütləq açılacaq”

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, Zərgəzur ətrafında Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin bərpasından Ermənistanın hakim rejiminin hay-küy qaldırması nə dərəcədə onlara beynəlxalq dəstək qazandıra bilər?

- Çox dəqiq qeyd etdiniz ki, söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin bərpasından gedir. Yəni, Azərbaycan tərəfi öz təbii haqqı olan hüququnu bərpa etməyə çalışır və bu istiqamətdə də intensiv iş gedir. Ermənistan isə nə qədər qışqırır qışqırsın, zatən onların səs-küyü heç nəyi həll edə və ya dəyişə bilməz. Azərbaycan öz sərhəd hüdudlarını müəyyənləşdirməkdə tam səlahiyyət sahibidir və bu səlahiyyətləri həm Beynəlxalq Hüquq tanıyır, həm də Beynəlxalq Konvensiyalar.

- Sərhədlərin delimitasiyasında Azərbaycan konkret faktlar, sübutlar təqdim etdiyi halda Ermənistan ancaq hay-küyə, əsassız çığır-bağıra üstünlük verir. Sizcə, Ermənistan bununla nə etmək niyyətindədir?

- Azərbaycan hər zaman fakt və sübutla danışıb, indi də belədir. Ermənistan isə hər zaman bunun əksini edib, hər zaman hər şeyi saxtalaşdırıb və indi də öz "ənənəsinə” sadiqdir. Bir daha deyirəm: Azərbaycan tərəfi öz halal haqqı olan sərhəd hüdudlarına iddia edir. Həmin sərhədlər beynəlxalq səviyyədə tanınıb və dəyərli sərhədçilərimiz haqqımız olan bir qarış torpağı, məsafəni belə kimsəyə güzəştə getməyəcəklər.

- Paşinyan "Zəngəzur dəhlizi”nin açılması məsələsinin heç zaman müzakirə mövzusu olunmadığını bildirib. Bununla Ermənistan hakimiyyəti 10 noyabr razılaşmasının müddalarını pozmur ki?

- Paşinyan ilk öncə gedib 10 noyabr razılaşmasının bəndlərini oxusun. Amma yaxşı-yaxşı oxusun. Bax onda anlayacaq ki, hər zaman olduğu kimi yenə də məntiqsiz və rabitəsiz danışır. Əlbəttə ki, "Zəngəzur dəhlizi” məsələsi lap öncədən müzakirə predmeti olub və həmin dəhliz mütləq açılacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev də məlum məsələ ilə bağlı öz prinsipial və qəti mövqeyini ifadə edib. Bir qalıb həmin dəhlizin açılması. Yəni, Paşinyanın sərsəmləmələrinə çox fikir vermək lazım deyil. Faktları, olanları, reallıqları danmaq zatən ermənilərin adətidir və onların mənfur, naqis xisləti ilə bağlı məsələdir.

- Ermənistan "Zəngəzur dəhlizi”nin açılmasına qarşı çıxdığı halda Azərbaycanda "Laçın dəhlizi”ni bağlaya bilərmi?

- "Zəngəzur dəhlizi” açılacaq və açılacağına görə də, başqa variantlara, alternativlərə ehtiyac qalmayacaq. Buna əmin olun.

- ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Prezident İlham Əliyevə Zəngəzurla bağlı zəng etdiyi bildirilir. Qarabağın işğal edildiyi zaman ABŞ və Fransa susduğu halda, indi Azərbaycanın haqlı mövqeyini sərhədlərini müəyyənləşdirməklə həyata keçirdiyi halda niyə bu dövlətlər narahat olurlar?

- ABŞ-ın da, Fransanın da, digər dövlətlərin də müharibə zamanı mövqeyini hamı görüb. Yəni, bu proses bizə dostlarımızı da tanıdıb, düşmənlərimizi də, neytralları da. Amma çox doğru deyirsiniz ki, əsas mövqe məhz Qarabağ işğal altında olan zaman sərgilənməli idi. O zaman Ermənistan qınanmalı idi, küncə sıxılmalı idi, BMT-nin qətnamələrinin icrası həmin dövlətlər tərəfindən tələb olunmalı idi. Amma oldumu? Xeyr, olmadı. Azərbaycan BMT-nin həmin qətnamələrini məhz özü icra etdi, torpaqlarını işğaldan özü azad etdi, öz gücünə qələbəyə nail oldu. Bundan sonra da bütün məsələlərlə bağlı qərarları Azərbaycan özü verəcək.


Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR