“Xankəndi üzərində suveren hüquqlarımızı bərpa edə bilərik”

“Xankəndi üzərində suveren hüquqlarımızı bərpa edə bilərik”

Qüdrət Həsənquliyev: "İqtidar Rusiyadan qorxmur, reallıqları nəzərə alır və bizim mənafeyimizə cavab verməyən həmin reallıqları dəyişmək üçün Rusiya ilə davamlı işləyir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik

- Qüdrət bəy, "fit müxalifəti” Lavrovun Bakı səfəri ilə əlaqədar iqtidarı Rusiyadan qorxmaqda və Rusiya tərəfindən idarə olunmaqda ittiham edən yeni bir kampaniya başladıb. Nə qədər haqlıdırlar?

- Mən hər zaman reallıqdan çıxış edərək deyirdim ki, torpaqlarımızı işğaldan azad etmək üçün danışıqları Rusiya ilə aparmalı və anlaşmalıyıq. Buna görə bəzi qərəzli adamlar hətta məni rusiyayönlülükdə suçlayırdılar. Reallıqla hesablaşmayanda bu reallıq adamları və dövlətləri əzib məhv edir. İqtidar Rusiyadan qorxmur, reallıqları nəzərə alır və bizim mənafeyimizə cavab verməyən həmin reallıqları dəyişmək üçün Rusiya ilə davamlı işləyir. Hesab edirəm Rusiya ilə qurulan düzgün işin nəticəsidir ki, biz işğal altındakı torpaqlarımızn 80%-ni azad etdik. Dediklərimdə nə qədər haqlı olmağıma hər kəs Azərbaycanı bizimlə eyni problemləri yaşayan Gürcüstan, Ukrayna və Moldova ilə müqayisə etməklə əmin ola bilər. Biz Rusiya ilə səmimi münasibətləri qoruyub saxlamaq və inkişaf etdirməklə Xankəndi üzərində də suveren hüquqlarımızı bərpa edə bilərik. Qərbdəki bəzi dairələr tərəfindən idarə olunan həmin qüvvələr sifarişlə qələbəmizin miqyasını kiçiltmək və Rusiya ilə münasibətləri gərginləşdirmək istəyirlər. Yeri gəlmişkən mənim bu fikirlərim o cür başa düşülməməlidir ki, nə iqtidarın Qarabağ siyasətindəki yalnış məqamları, nə də Rusiyanın Qarabağdakı fəaliyyətini tənqid etmək olmaz. Mən özüm bunu lazım olanda edirəm. Sadəcə etirazlar Rusiya ilə münasibətləri zədələmək, Qələbəmizin miqyasını kiçiltmək məqsədilə edilməməlidir. Hansı ki, "fit müxalifəti” bunu edir.

- İqtidara yönələn əsas ittihamlardan biri də odur ki, biz Rusiya hərbçilərini Qarabağa buraxmaqla həmin ərazilərdə suveren hüquqlarımızın bərpa olunması imkanlarını itirmişik. Bu barədə nə deyə bilərsiniz?

- Rusiya sülhməramlıları dövlətlərarası beynəlxalq müqavilə ilə Qarabağa, 5% torpaqlarımıza 5 il müddətinə sülhməramlı statusu ilə gəlib. Ermənilər isə 20 % torpağımıza "müddətsiz” gəlmişdilər. Rusiya Ermənistanı müdafiə etsəydi işğal uzun müddət davam edə bilərdi. Qərbin simpatiyası isə bu gün də işğalçı Ermənistan tərəfdədir və xalqmız da çoxdan buna əmin olub. Belə olan halda həmin fitlə hərəkətə keçənlər nə təklif edirlər? Rəhmətlik Vəfa müəllim kimi hər gün deyirlər ki, Rusiya bu gün-sabah dağılacaq. Bununla özlərini də biabır edirlər. Əgər Rusiya SSRİ kimi dağılacaqsa rus qoşunları da çıxıb gedəcək. Onda Şuşada, Laçında, Kəlbəcərdə, Hadrutda mövqe tutub Qarabağı azad etmək daha asan olmalıdır axı…
Düşünürsünüz fitçilər bunu başa düşmür? Bununla yanaşı, oturub Rusiyanın dağılmasını gözləmək nə qədər ciddi işdir?

Adı çəkiləndə həyacandan başları gicəllənən həmin fitçilər Saakaşvili haqqında 01 may 2021-ci il tarixdə YouYube-də yerləşdirilmiş "Гениальный реформатор!” (dahi islahatçı) sənədli filminə baxsınlar. Filmə bütünlüklə baxmağa hövsələsi çatmayanlar 20-23-cü dəqiqələri seyr etsinlər. Həmin filmdə Saakaşvili deyir ki, 2008-ci ilin əvvəlində biz Rusiyaya təklif etdik ki, ərazi bütövlüyümüz qarşılığında ordunuzu Gürcüstandan çıxarmayın və biz NATO-ya üzvülükdən və başqa məsələlərdən sizinlə müqavilə bağlamaqla imtina edirik, amma Rusiya razılaşmadı. Bunu ona görə xatırlatdım ki, insanlarımız Qarabağ məsələsində Prezidentin nə dərəcədə düzgün qərar qəbul etdiyinin fərqində olsun. Hazırda əsas işimiz o olmadır ki, Rusiya ilə əlaqələrimizi inkişaf etdirməklə onu ölkəmizin bütün ərazisində dövlət suverenliyimizin bərpa olunmasına mane olmamağa inandıraq. Rusiya ilə münasibətlərin inkişafı kiməsə qarşı yönəlmədiyindən Qərblə əlaqələrimizə də təsir etməməlidir.

- Qüdrət bəy, Qarabağın bərpa olunmasında Milli Məclisin rolunu necə görürsünüz?

- Hesab edirəm hökumətin Qarabağın bərpasına dair hər hansı planı varsa, yaxud olacaqsa o Milli Məclisdə müzakirə olunmalıdır. Çünki investisiya layihələrinə pul ayıran orqan Parlamentdir. Həm də deputatların təkliflərini hökumət üzvüləri dinləmək imkanı əldə edə bilər. Həm xalqımız, həm deputatlar Prezidentin və Birinci vitse-prezidentin yüksək zövqlü, strateji düşüncəyə sahib, yaradıcı şəxslər olduğunu bilir, amma bu əsas olmamalıdır ki, hökumət parlamenti proseslərdən kənarda saxlasın. Milli Məclisdə çoxluq Prezidentin partiyasına məxsus olsa da, Konstitusiyaya görə Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Ona görə də Milli Məclis öz vəzifələrini yerinə yetirməli, proseslərdən kənarda saxlanılmasına imkan verməməlidir. Parlamentin siyasi həyatda rolu artacaqsa yalnış qərarların olma ehtimalı azalacaq, eyni zamanda dövlətimizin beynəlxalq arenada nüfuzunun artmasına səbəb olacaq.

- Yazın gəlişi ilə mitinq çağırışları artmağa başlayıb. Bununla nəyəsə nail olmaq olarmı?

- Sərbəst toplaşmaq azadlığı demokratik cəmiyyətlərin əsas atributudur. Mitinqlər hansısa problemlərə görə hökumətə etiraz etmək məqsədilə çağırılırsa, ilk növbədə insanlar inanmalıdırlar ki, həmin nöqsanları aradan qaldırmaq üçün hökumətin imkanları var və etiraz aksiyaları ölkədə sabitliyin pozulmasına və mövcud vəziyyətin daha da pisləşməsinə səbəb olmayacaq. İkincisi, zərurət yarandıqda mitinqlər siyasi vəziyyəti düzgün qiymətləndirməyi bacaran, xarici dairələrin əlində oyuncaq olmayan, milli maraqlardan çıxış edən ciddi peşəkar siyasi qüvvələr tərəfindən çağırılmalıdır. Hazırda sosial şəbəkələr üzərindən mitinqə çağıranların heç biri bu keyfiyyətlərə malik deyil və məhz bu səbəbdən etiraz aksiyalarına çağırış edənlərin sayı mitinqə gələnlərin sayından çoxdur. O adamların çağırışına ailə üzvləri belə qoşulmur. Təxribatçı qüvvələr üçün isə artıq yer qalmayıb. İctimai asayiş və dövlət təhlükəsizliyi ciddi şəkildə və peşəkarlıqla qorunur.
Xəbər 761 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR