Tovuzun ön cəbhə kəndindən Qənirə Paşayevaya böyük dəstək: "...səninləyik" - FOTOLAR

Tovuzun ön cəbhə kəndindən Qənirə Paşayevaya böyük dəstək:


Əlibəyli sakinləri millət vəkili Q.Paşayeva ön cəbhə kəndləri hər zaman yanınızdadır dedilər.

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kompaniyası çərçivəsində Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində seçicilərlə görüşüb. Görüşdə çıxış edən millət vəkili Qənirə Paşayeva müstəqilliyimizin bərpasının ilk illərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Əlibəyli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının böyük rolu olduğunu vurğulayıb.

Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, “Əlibəyli Azərbaycanın qəhrəman kəndlərindən biridir” - deyən millət vəkili vurğulayıb ki, təxminən 24 il əvvəl Ermənistan silahlı qüvvələri bu kəndə hücum edərək 400-dən artıq evi dağıtmasına, onlarla kənd sakinini qətlə yetirməsinə baxmayaraq, bu kəndin sakinləri bir saat belə olsun evlərini tərk etməyib, kəndin və bütövlükdə Tovuz rayonunun qorunmasında böyük xidmətlər göstəriblər və hər bir azərbaycanlı bu kəndin sakinləri ilə fəxr edir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin digər cəbhə bölgələrinə olduğu kimi, bu kəndə böyük diqqət və qayğı göstərdiyini deyən millət vəkili vurğulayıb ki, Əlibəyli kəndi elektrik enerjisi, qazla tam təmin edilib, kəndi rayon mərkəzi ilə birləşdirən yol, ön cəbhəyə gedən yol müasir standartlara uyğun yüksək səviyyədə düzəldilib, kənddə yeni məktəb binası tikilib,yeni su xətti çəkilib və tikinti-abadlıq işləri bu gün də davam edir.

Qənirə Paşayeva bir millət vəkili kimi 10 illik fəaliyyəti dövründə ölkəmizin ön cəbhəsində yerləşən və çox strateji bölgələrdən biri olan Əlibəyliyə daim böyük diqqət yetirdiyini vurğulayıb. “Mən demək olar ki, hər ay bu kəndə gəlmişəm, insanlarla görüşmüşəm, onların problemlərinin həlli istiqamətində əlimdən gələni əsirgəməmişəm” - deyən millət vəkili onlarla xarici ölkə səfirlərinin onun dəvəti ilə bu kənddə olduğunu və Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq törətdiyi vandalizm aktlarını diplomatların yerində gördüklərini deyib. O, bildirib ki, bu Ermənistanı ifşa etməklə yanaşı, erməni yalanlarının qarşısının alınması istiqamətində vacib və əhəmiyyətli olub. Onlarla ölkənin Azərbaycandakı səfirləri bu kəndi, onun səmimi və qonaqsevər insanlarını yaxından tanıdı və əminəm ki, heç zaman da unutmayacaqlar.

Qənirə Paşayeva ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. Qənirə Paşayeva bildirib ki, Əlibəyli camaatı və ümumiyyətlə, Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq. Qənirə Paşayeva Əlibəyli sakinləri qarşısında 10 illik fəaliyyəti ilə bağlı hesabat verib və seçiciləri bu istiqamətdə maraqlandıran suallara da cavab verib. O, hər bir seçicinin 1 noyabr seçkilərində fəal iştirak etməsinin vacibliyini də vurğulayıb.

Əlibəyli kənd sakinləri Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər. Çıxış edən şəhid ailələri, müharibə əlilləri, veteranlar, ağsaqqallar və ağbirçəklər Qənirə Paşayevanın 10 illik fəaliyyəti dövründə daim onların yanında olduğunu, onların ailə üzvlərindən birinə çevrildiyini, problemlərinin həlli istiqamətində daim ondan dəstək gördüklərini vurğulayaraq yenidən Qənirə Paşayevaya etimad göstərəcəklərini, səs verəcəklərini deyiblər. Millət vəkili Qənirə Paşayeva kəndin həllini gözləyən 2 problemi, tibb məntəqəsi və uşaq baxçasının yüksək səviyyətə təmir ilə bağlı məsələni də müvafiq nazirlik və qurumlarla müzakirə etdiyini və həmin məsələlərin də yaxın zamanlarda öz həllini tapacağına inandığını deyib.

Sakinlər ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsinin önəmindən danışıblar və bununla bağlı millət vəkili Qənirə Paşayevaya Milli Məclisdə bir neçə dəfə Ermənistanla ön cəbhə kəndləri ilə bağlı xüsusi dövlət proqramının qəbul olunması, güzəştlər edilməsi ilə bağlı məsələ qaldırdığı üçün təşəkkür edərək onu daim diqqətdə saxlamasını istəyiblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir neçə gün əvvəl MM-də hökumət üzvlərinin iştirakı ilə büdcə müzakirələr zamanı yenə də Ermənistanla ön cəbhə kəndlərinə bəzi güzəştlər edilməsini, 2016-cı il büdcəsində onların nəzərə alınmasını xahiş edib.

Millət vəkili Qənirə Paşayeva xüsusilə ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması, ön cəbhə kəndlərinə sərmayə qoyuluşunun artırılması və sosial yardımların təyin edilməsində müəyyən dəstəyin göstərilməsi ilə bağlı təkliflər irəli sürdüyünü diqqətə çatdırıb, eyni zamanda orta məktəb müəllimlərinin diaqnostik qiymətləndilirməsinin həyata keçiriləcəyi və bunun onların əmək haqlarının artımına təsiri ilə bağlı önəmli məsələ olduğunu və bu rayonların arasında ilkin mərhələdə Ermənistanla ön cəbhə rayonlarının da olmasını vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini səsləndirdiyini, bu istiqamətdə təkliflər və xahişlərlə çıxış etdiyini bildirib.

Bu məsələlərin reallığa çevrilməsini sizin qədər mən də istəyirəm və bundan sonra da hər zaman bu istiqamətdə təkliflərinizi həm MM-də həm də hökumət üzvləri ilə görüşlərdə səsləndirəcəyəm deyib. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi şəxsi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva bəzi problem və təkliflərlə bağlı isə müvafiq qurumlara müraciət edəcəyinə söz verib.

Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR