Azərbaycan ən çox bu ərzaqların alışına pul xərcləyir

Azərbaycan ən çox bu ərzaqların alışına pul xərcləyir

2025-ci ildə Azərbaycana bir sıra əsas ərzaq məhsullarının idxalına çəkilən xərclər artıb, bəzi məhsullar üzrə isə azalma qeydə alınıb.

Aktual.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il ölkəyə 1 milyon 267,3 min ton buğda idxal olunub. Bu məhsulların ümumi dəyəri 275 milyon 626,2 min ABŞ dolları təşkil edib. 2024-cü ildə isə 1 milyon 292 min ton buğdanın idxalına 279 milyon 681,9 min dollar xərclənmişdi.

2025-ci ildə 369,8 min ton xam şəkər və şəkər idxalına 196 milyon 199,1 min dollar sərf olunub. Bir il əvvəl bu göstərici 182 milyon 30 min dollar olub. Beləliklə, şəkər idxalının dəyəri təxminən 14,2 milyon dollar artıb.

Bitki yağlarının idxalı isə 2025-ci ildə 127 min 838 ton, dəyər ifadəsində 184 milyon 832,3 min dollar təşkil edib. 2024-cü ildə 156 min 937,1 ton bitki yağının idxalına 187 milyon 20,6 min dollar xərclənmişdi.

Kərə yağı, digər süd yağları və pastalarının idxal dəyəri 172 milyon 637,2 min dollar, təzə meyvə idxalının dəyəri isə 172 milyon 534,1 min dollar olub.

Şokolad və şokolad məhsullarının idxalında da artım qeydə alınıb. 2024-cü ildə bu məhsulların idxalına 128 milyon 694,8 min dollar xərcləndiyi halda, 2025-ci ildə göstərici 148 milyon 539 min dollara yüksəlib.

Ötən il ölkəyə 135 min 323,1 ton təzə meyvə, 57 min 236,2 ton təzə tərəvəz və 140 min 820 ton kartof gətirilib. Təzə tərəvəz idxalının dəyəri 32 milyon 848,1 min dollar, kartof idxalının dəyəri isə 54 milyon 578,8 min dollar təşkil edib. Kartof idxalına çəkilən xərc 2024-cü illə müqayisədə təxminən 12 milyon dollar artıb.

Süd və qaymaq idxalı da yüksəlib. 2025-ci ildə 18 min 319,2 ton süd və qaymaq idxalına 32 milyon 208,3 min dollar xərclənib. 2024-cü ildə bu göstərici 24 milyon 780,2 min dollar idi.

Ət məhsulları üzrə isə fərqli dinamika müşahidə olunub. İribuynuzlu heyvan əti idxalının dəyəri 48 milyon 723,4 min dollardan 57 milyon 130,1 min dollara yüksəlib. Quş əti və onun əlavə məhsullarının idxal dəyəri isə 70 milyon 170,9 min dollardan 47 milyon 904,7 min dollara düşüb.

2025-ci ildə təzə və dondurulmuş balıq idxalına 51 milyon 748,8 min dollar, çaya 82 milyon 952,1 min dollar, düyüyə 50 milyon 125,2 min dollar, qarğıdalıya isə 16 milyon 849,4 min dollar xərclənib.

Məlumatlara əsasən, düyü idxalının dəyəri 2024-cü ildəki 66 milyon 116,7 min dollardan 50 milyon 125,2 min dollara, qarğıdalı idxalı isə 24 milyon 64,3 min dollardan 16 milyon 849,4 min dollara enib. Buğda ununun idxal dəyəri də 5 milyon 944,6 min dollardan 2 milyon 881 min dollara qədər azalıb.

Digər məhsullardan 2025-ci ildə meyvə-tərəvəz konservlərinin idxalına 77 milyon 683,4 min dollar, şəkərdən hazırlanan qənnadı məmulatlarına 56 milyon 495,6 min dollar, makaron məmulatlarına isə 25 milyon 165,4 min dollar xərclənib.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR