Sülh müqaviləsi yalnız bu halda imzalana bilər (ŞƏRTLƏR)

Sülh müqaviləsi yalnız bu halda imzalana bilər (ŞƏRTLƏR)

Müharibədən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparıldığı barədə iddialar səngimir. Ötən həftə Ermənistan mediası Moskvada "sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb.

İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən "Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla "sülh müqaviləsi”nin detallarını müzakirə edib.

İndiki durumda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündürmü? Belə bir müqavilə imzalanarsa, şərtləri necə olmalıdır?

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov xatırladıb ki, artıq Azərbaycan və Ermənistan arasında "10 noyabr” razılaşması mövcuddur. Müqavilə çərçivəsində Ermənistan bir çox öhdəlikləri üzərinə götürsə də, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınır:

"Məsələn, Zəngəzur dəhlizinin açılması ilə bağlı addım atılmaması, Ermənistanın Azərbaycan ərazilərinə aid hələ də siyasi məqsədlərinin olması razılaşmaya uyğun deyil. Münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. Amma rəsmi İrəvan yeni şəraitdə belə bu siyasəti davam etdirməyə çalışır. Parlament seçkilərindən sonra baş nazir Nikol Paşinyanın təqdim etdiyi proqramda Qarabağa aid hansısa müddəalar nəzərdə tutulur. Bu isə Ermənistanın "miatsum” siyasətinin davamıdır. Erməni rəhbərliyi bundan əl çəkməsə, heç bir sülh müqaviləsi və ya bənzər sənəd də imzalana bilməz”.

Tofiq Zülfüqarov hesab edir ki, əgər sülh müqaviləsi imzalanacaqsa, mütləq şəkildə həmin sənəddə Ermənistan bütün Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul və bəyan etməlidir:

"Qarabağda istənilən məsələ Azərbaycanın qanunları əsasında, Azərbaycanın dövlət qurumları ilə həll olunmalıdır. Məhz bu zaman sülh mümkündür. İndiki şərtləri nəzərə aldıqda sülh məsələsinə pessimist yanaşıram. Çünki Ermənistanın niyyətinin daha çox istəyi görüntü yaratmaq olduğu aşkardır. Ermənilər elan edirlər ki, Türkiyə ilə münasibətləri qaydasına salmaq istəyirlər. Halbuki əvvəldən şərt qoymağa çalışırlar. Burada erməni siyasi oyunu var. Onların rəsmi olaraq həm konstitusiyasında, həm də "Müstəqillik Bəyannaməsi”ndə Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Qonşu dövlətlərə iddiaları davam etdirərək, onlarla əlaqə qurmaq mümkün deyil.

Azərbaycan tərəfi Ermənistanın oyunlarını bilir və görür. Hətta mən deyərdim ki, Ermənistan rəhbərliyi özü də artıq beynəlxalq ictimaiyyətin onun uydurduğu yalanlara inanmadığını dərk edir. Yenə də real addımlarla uyuşmayan bəyanatlar səsləndirərək, Ermənistanın "sülhpərvər” imicini yaratmağa çalışmaqdan əl çəkmirlər”.
Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR