Siqaretin ucuzlaşması - Keyfiyyətinə necə təsir edir?

Siqaretin ucuzlaşması   - Keyfiyyətinə necə təsir edir?

Azərbaycanda siqaretlərin günbəgün ucuzlaşması davam edir.


Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bir həftə bundan əvvəl 2,70-2,80 AZN olan siqareti bu gün 1,30-1,40 AZN-ə almaq olar. Bəs, görəsən, dolların məzənnəsinin hər gün qalxdığı bir vaxtda siqaretlərin qiymətinin iki dəfə ucuzlaşmasına səbəb nədir? Qiymətin aşağı düşməsi, onun keyfiyyətinə necə, təsir edibmi?


25 ildən çoxdur siqaret çəkən Mahir Abdullayev deyir ki, son vaxtlar çəkdiyi siqaretin ona pis təsir etdiyini müşahidə edib: “Uzun illərdir siqaret çəkirəm, amma bir aya yaxındır ki, siqaret çəkəndən sonra özümü narahat hiss edirəm. Başım gicəllənir, sinəm ağrayır, mədəm göynəyir. Ətrafımdakı insanlar da deyir ki, çəkdiyim siqaretdən gələn qoxuda da fərqlilik var. İndi siqaretin qoxusu az qala kənardakı insanı da zəhərləyir”, - deyə şikayətçi bildirdi.

Azərbaycana siqaret idxal edən şirkətlərdən birinin nümayəndəsi deyir ki, onlar siqareti Ukrayna, Volqoqrad və Saratovdan gətirirlər: “Biz bütün siqaretləri hazır formada idxal edirik, yalnız iki adda siqaret var ki, onlar üçün tütünü xaricdən gətiririk, amma burada istehsal olunur”.

Siqaret qiymətlərinin aşağı düşməsinə gəldikdə isə şirkət nümayəndəsi bildirdi ki, bəzi siqaret markalarının qiymətinin azalması onlara tələbatın aşağı düşməsinin nəticəsidir: “Bu siqaretlər baha idi və onlara tələbat azalırdı, ona görə də onların qiymətini şirkət aşağı salmaq qərarına gəldi. Bahalı siqaretlərə tələbat yenə də azalarsa, bu proses davam edə bilər. Amma bu o anlama gəlmir ki, onun içinin də keyfiyyəti aşağı düşüb. Qiymətin aşağı düşməsi keyfiyyətə təsir etməyib”, - deyə şirkət təmsilçisi vurğulayıb.

Həkim Adil Qeybulla deyir ki, şikayətçilərin siqaret barədə dedikləri tamamilə düzdür: “Mən hesab edirəm ki, ölkəyə idxal olunan ərzaq məhsullarının böyük bir qismi kimi, siqaretlərin də keyfiyyət parametrləri kifayət qədər aşağıdır. Çünki bu dəqiqə hər məhsulun saxtasını düzəltmək mümkündür. Odur ki, bu gün qiyməti aşağı düşən siqaretlərin də, bəlkə də, saxtası satışa çıxarılır. Tütünün orqanizmə zərərli təsiri bir yana qalsın, onun düzgün işlənməsi standartlara uyğun olmalıdır. Standartdan kənarda olanda isə tütünün daxilində elə maddələr əmələ gəlir ki, onlar da yanarkən orqanizmə çox böyük ziyan vurur. Çünki sübut olunub ki, hər 20 siqaret çəkəndən biri mütləq ağciyər xərcəngi tutur. İndi təsəvvür edin, əgər, bu, siqaret keyfiyyətsizdirsə, onda nə baş verir”,- deyə həkim əlavə etdi. 

Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR