Sevgi passiv bir yoldur - Paşa Qəlbinur

Sevgi passiv bir yoldur - Paşa Qəlbinur

Paşa Qəlbinurdan müsahibə almağın çətinliyi həmkarlarımın çoxuna məlumdur. Bilənlər bilir, həkim, alim, şair Paşa müəllim işlərinin çoxluğundan, vaxtının azlığından həmişə gileylidir. 

Amma bir şey də var ki, müsahibəyə "hə” deyəndən sonra sözünü həmişə tutur. Bu gün Aktual.az saytının qonağı Paşa Qəlbinurdur.


- Salam Paşa bəy.


- Salam Tural.


- Vaxtınız olarsa, Sizdən müsahibə almaq istəyirəm...


- Tural, otağıma keç, iki xəstəm var, onları müayinə edib gəlirəm. Darıxsan, stolun üstündə qəzetlər var, onları vərəqlə yavaş-yavaş. 


Fürsətdən istifadə edib professorun otağındakı kitabları vərəqlədim.


- Gəldim. Darıxmadın ki?


- Yox. Otağınızdakı kitabları vərəqlədim. Başlayaq?


- Başlayaq. - Çay içirsən?


- Yox. Paşa bəy, niyə şeirləriniz az dərc olunur?


- Mən belə deməzdim, şeirlərimi az dərc edirəm ifadəsi daha doğru olardı. Səviyyəli ədəbi orqanlar çox azdır. Mən ədəbi orqanları seçib dərc

etdirirəm. Şeirlərim və yazdığım əsərlər mənim övladlarımdır. Onlara qarşı laqeyd ola bilmərəm.


- Şeirdən söz düşmüşkən, istərdim, əzbər bildiyiniz şeirlərinizdən birin söyləyəsiniz…


- Mən heç kimə zəng eləmək istəmirəm,


Mən öz tənha kədərimlə qolboyunam.

Bağrımdadı

ağrılarım, acılarım,

Səhvlərimin qadasını alım, Allah!

Qoy onlarla dörd divarın arasında

qalım, Allah!

Ağ kağızım, boz qələmim,

Kitablarım, dəftərlərim

Bir də, bir də xatirələr..

Çox təəssüf edirəm, şeirin bütün misraları yadımda qalmayıb... 


- Şeirlərinizdə kədərli notlar az deyil...


- Kədərsiz insan yoxdur. Mən, bəzən, kədərimi kimlərləsə paylaşa bilmirəm. Daha çox vərəqlə bölüşürəm. Sevincimi çox insanla paylaşıram. Sevinc paylaşdıqca çoxalır... Kədərli notlara köklənməyək.


- Paşa Qəlbinur və sevgi...


- Sevgi- insanın daxili təəssüratıdır. Sevgi passiv bir yoldur, hansı ki, bu yolda insan, istədiyi hər bir şeyə, sərf etdiyi əmək nəticəsində, nail olur və bundan xüsusi bir həzz alır. Bu yolun əsas məqsədi- insanın özündə əziz və sevimli bir insan tipini formalaşdırmaqdır. Və bu yolda o, sevdiyi insan üçün yeganə və əvəzedilməz bir şəxsiyyətə çevrilir. Bütün dünya onun gözlərində gündən-günə gözəlləşir. Əgər onun üçün, əvvəllər, ancaq iki rəng, ağ və qara mövcud idisə, artiq o, müxtəlif rəngləri daha parlaq və daha aydın şəkildə görməyə başlayır. Əlbəttə ki, sevginin ən gözəl əsərlərindən biri uşaqdır, hansı ki, sevgini daha da möhkəmləndirir və ölümsüzləşdirir.


- İlk sevginizdən danışaq? Yoxsa xanımınız qısqanar... 


- Danışaq. İlk şeirimi 13 yaşımda yazmışam. Artıq unutmuşam o şeiri, bir-iki söz yadımda qalıb. Qara gözlər, filan… Eyni partada oturduğum qıza həsr etmişdim o şeiri. Elə ilk sevdiyim qız da o olub. Desəm kimliyini, Siz də tanıyarsınız, məşhur adamdır. Amma qoy bu sirr qalsın, axı aradan, görün,  nə qədər illər keçib. Əslində, o vaxtın bütün sevgiləri platonik sevgilər idi. Mən çox-çox sonralar onun özünə deyəndə ki, filan vaxt həyətinizdə dayanıb saatlarla yolunu gözləyərdim, deyir, kaş o vaxt bunu biləydim. İndi o sevginin, sadəcə, havası qalıb – bir az dostluq, bir az sevgi, bir az hörmət… 


- Bəs həyat yoldaşınız?.. 


- Həyat yoldaşımı Gəncədə seçdim. Təyinatla getmişdim Gəncədə işləməyə, qismət belə gətirdi. Sevmək deyəndə ki, xoşuma gəlməsəydi, evlənməzdim ki...(gülür). 


- Olubmu kimi isə sancasız? 


- Bəzən fərqinə varmamışam nəyə və kimə əsəbiləşmişəm. Əsəbiləşəndə özümü tez sakitləşdirirəm ki, kiminsə qəlbinə toxunmayım. Qəlblərinə dəydiklərimin də könlünü almağı bacarıram. Ümimiyyətlə, çalışıram ki, heç kəsin qəlbinə dəyməyim.


- Həyatda ən çətin olan nədir? 



- İnsanlıq. Sualların çoxdur? Mənim xəstələrim gəlir. Onlara da zaman ayırmalıyam. 


Elə burdaca  söhbəti yekunlaşdırıb Paşa Qəlbinurdan ayrılıram.


Tural Balabəyli/Aktual.az

Xəbər 1437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR