3 ildir müharibənin davam etdiyi Suriyada qadın istismarı və cinsi zorakılıqların sərhədləri get-gedə genişlənir
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İsmayıllı rayonundan Suriyaya döyüşməyə gedən ailələrin adından sensasion məlumat yayılıb. Axar.az-ın məlumatına görə, jurnalist Elçin İsmayıllı feysbuk səhifəsində İsmayıllı rayonundan Suriyaya gedənlərin həyat yoldaşlarının təcavüzə məruz qaldığını yazıb. Jurnalist bunu həmin qadınlardan birinə istinadən yazdığını bildirib. Sitatdan belə aydın olur ki, Suriyadan rayondakı qohumlarına zəng edən qadın hər gün xeyli sayda əsgər və zabitlər tərəfindən cinsi istismara məruz qaldığını bildirib.
Qeyd edək ki, bu xəbər mediada ildırım sürətilə yayılıb və müzakirələrə səbəb olub. Bu iddianın nə qədər həqiqəti əks etdirməsi, hazırda müharibə gedən ölkədə doğrudanmı bu tip hadisələrin baş verdiyi ilə bağlı dəqiq məlumatlar əldə etmək təbii ki, xeyli dərəcədə çətindir. Üstəlik nəzərə almaq lazımdır ki, bu cür hallar, yəni ailəli qadınların başqa biri ilə yaxınlıq etməsi “zina” adlanır və dini baxımdan ən ağır günahlardan hesab olunur. İslam qanunları bu cür əməlləri istənilən şəraitdə qadağan edir. Ancaq eyni zmaanda son 3 ildə Suriyada davam edən daxili müharibə zamanı yeni termin “seks cihadı” və ya “nikah cihadı” kimi terminlər gündəmə gəlib və geniş müzakirələrə səbəb olub.
Ötən gün Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli qadınların bu məsələdə istismar olunması və evli qadınların başqa kişilərə xidmət etməsini əxlaqsızlıq adlandırıb: “Ailəsi olan bir xanımın başqa kişilərə xidmət etməsi sağlam məntiqə dayanan bir şey deyil. Bu insanlar sağlam mənitqi düşüncəsini itirmiş və mənəvi cəhətdən xəstə olan insanlardır. Birmənalı olaraq uşaqları öldürən, insanların başını kəsən, qadınları cinsi istismara sürükləyən, insanlıqdan çıxmış şəxslərdir. Onların ciddi psixoloji problemləri var”.
Modern.az-a açıqlamasında ilahiyyatçı İslam dinində qeyri-qanuni cinsi münasibətin zina adlandırıldığını və bunun da ən böyük günahlardan biri olduğunu xatırladıb: “Yanlış anlaşılmış din, səhv təqdim edilmiş din dinsizlikdən daha təhlükəlidir. İnsanların bilgisizliyi belə hallara səbəb olur. “Cihad nikahı” adlı qondarma məfhum icad edilib və bəzi insanlar cinsi xidməti müqəddəs bir iş kimi qələmə verirlər. Təbii ki, bu əxlaqsızlığın dinlə heç bir əlaqəsi ola bilməz. Bunu hansısa bir dini hökmlə əsaslandırmaq olduqca gülüncdür”.
Qeyd edək ki, Suriyada müharibə başladıqdan sonra bu ölkədə savaşan radikal islamçı qruplaşmalara “cinsi xidmət” göstərmək məqsədilə xarici ölkələrdən qadınların gəlməsi ilə bağlı xəbərlər yayılmağa başladı. İlk dəfə təxminən iki il əvvəl Tunis daxili işlər naziri Lütfü ibn Cəddo ölkə parlamentində çıxışı zamanı Tunis vətəndaşı olan gənc qızların Suriyaya “seks-cihadı” məqsədi ilə aparıldığını bəyan etdi. “əl-Ərəbiyyə” telekanalının verdiyi məlumata görə, nazir qızların bir neçə döyüşçüyə “xidmət etdiyini” bildirib.
Oxşar bəyanatla BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Navanetxem Pilley çıxış edib. BMT nümayəndəsi qadınların və azyaşlı qızların cinsi zorakılığa məruz qaldığını bildirib. BMT təmsilçisi radikal qruplaşmalar tərəfindən işğal olunmuş ərazilərdə vəhhabi müftilərinin fətvaları ilə “nikah cihadı” adı altında qadınların məcburi evliliklərə sövq olunmasını tənqid edib. BMT rəsmisi, vəhhabi müftilərin fətvalarını müharibə cinayətləri törətməyə sifariş adlandırıb.
Ancaq Suriya müxalifəti bu iddiaları qəbul etmir. Müxalifət “seks-cihadı” və ya “nikah cihadı” adı altında yayılan informasiyaların həqiqətdən uzaq olduğunu iddia edir. Lakin ortada bir sıra dəlillər və etiraflar var ki, bunlar Suriyada islamçı yaraqlıların cinsi tələbatını ödəmək üçün seks kölələrindən istifadə etdiyini sübut edir. Məsələn, bir qədər əvvəl Türkiyə mətbuatının yazdığına görə, Suriyada və İraqda fəaliyyət göstərən radikal qruplaşmaların üzvlərinin cinsi ehtiyaclarını təmin etmək üçün Suriya, Tunis, Misir, körfəz ölkələri və digər bölgələrdən onlarla qadın “cihad üçün savaşan qəhrəmanlar” olaraq cəlb olunur və “cihadçılara” xidmət göstərirlər. Eyni zamanda rəsmi hesabatlarda dul, boşanmış və subay, hətta evli qadınların “mücahidlərə xidmət” etdiyi göstərilir. Hətta iki il əvvəl nüfuzlu “əl-Cəzirə” telekanalının əməkdaşı Hələb yaxınlığında reportaj hazırlamaq üçün getdiyi bölgədə yaraqlıların əlinə keçdiyi və uzun müddət seks köləsi kimi istismar olunduğu haqda xanım jurnalistin özünün açıqlamaları yayıldı.
Qeyd edək ki, bir sıra xarici görüşlü alimin, o cümlədən Səudiyyə Ərəbistanından olan Məhəmməd Ureyfinin “nikah cihadı” fətvası verdiyi və bununla da “mücahidlərə” xidmət edən qadınların savab qazandıqlarını bildirən açıqlamlarının olduğu haqda məlumatlar var. Həmçinin ərəb ölkələri ilə yanaşı Avropadan xeyli sayda müsəlman qadınların yoldan çıxarılaraq Suriyaya nikah cihadına, radikal islamçılara xidmət üçün getdiyi ilə bağlı beynəlxalq xəbər agentliklərində məlumatlar verilib. Ancaq üsyançılar bu iddiaları qəbul etmir, müsəlman qadın könüllülərin Suriyaya Əsəd rejimi qüvvələrinə qarşı savaşmaq üçün gəldiyini bildirirlər. İndiki halda kimin doğru danışdığını, “seks-cihad”ı qurbanlarının etiraflarının, yoxsa islamçı qrupların iddialarının həqiqət olduğunu təsbit etmək xeyli dərəcədə çətindir. Ancaq mediada gedən xəbərlər arasında Suriyada savaşan şəxslərin ailə qurmaları ilə bağlı başqa iddialar da var.
Belə ki, gələn məlumatlarda savaşda öldürülən evli döyüşçülərin həyat yoldaşları müəyyən bir müddətdən sonra həmin qruplaşmadan olan başqa biri ilə evlənməyə məcbur edilir. Türkiyə mətbuatında gəzən iddialarda qeyd olunur ki, öldürülmüş mücahidlərin həyat yoldaşları öz ölkələrinə qayıtmaq hüququndan faktiki olaraq məhrum ediliblər. Ölmüş üsyançıların həyat yoldaşları öz arzuları ilə və ya məcbyuri olaraq digər döyüşçülərlə evləndirilir.
Bundan başqa silahlı qruplaşmalar arasında baş verən qarşıdurmalar zamanı bir çox hallarda onların ailələrinin düşmən qruplar tərəfindən əsir götürülməsi və bu zaman təcavüzə məruz qalması kimi hadisələr baş verib. Suriya kimi nəzarətdən çıxmış bir ərazidə müxtəlif əqidəli silahlı qrupların həm hökumətə qarşı, həm də öz aralarında davam edən savaşlarda təcavüz, cinsi istismar, zorakılıqlar geniş yayılıb və bütün müharibələrdə olduğu kimi savaş zorakılıqları bütün qanunları, o cümlədən dini qaydaları üstələyir. Bunun əvəzinə savaşa dini don geydirilməsi digər sahələrdə olduğu kimi bu istiqamətdə də dindən sui-istifadələrə səbəb olur.
Yeri gəlmişkən, son bir həftədə Malayziyadan, Britaniyadan və Fransadan Suriyaya “seks-cihadı” gedən qadınların saxlanılması ilə bağlı xəbərlər yayılıb.
Aktual.az
Xəbər 2142 dəfə oxunub.