"Sözlərin bir-birini "döyməsi" məni diksindirir" - Elçin Zahiroğlu


"Dostoyevski Rusiya inqilabının peyğəmbəri hesab edilirdi..."


Elçin Zahiroğlu - tanınan jurnalistlərdəndir. Onu çoxdan tanıyıram. Hər görüşümüzdə çox qısa dialoqumuz olub. Amma bu dəfə bir az geniş danışdıq. Sözün qisası, Aktual.az-ın növbəti qonağı Elçin Zahiroğludur.


- Müsahibə verməklə aran necədir?


- Vaxtımı alan hər şeylə aram çox uzaqdır, yəni yoxdur. Etiraf edim ki, müsahibədən, danışmaqdan qaçıram. Bir neçə gündür səninlə "gizlənqaç"ım da elə-belə deyildi ki... 


- Müsahibə verməkdən qaçırsan, yazılar, demək olar ki, yazmırsan. Bəs səni necə tanısınlar?


- Məgər bu, vacibdir? Bilirsən, mənim yazım, mənim saytımdır. Yazmaq istədiklərimi, məni narahat edən və yaza biləcəyim mövzuları işlədirəm. Əməkdaşlarımız həmin mövzuları həmin sahənin mütəxəssisləri ilə birgə hazırlayırlar. Məncə, bu, cəmiyyət üçün daha əhəmiyyətlidir.


Müəllif yazıları ilə çıxış eləməyimin yalınız özümə xeyri ola bilər, mən də bunu istəmirəm. Adam öz işinin aktyoru yox, rejissoru olmalıdır. Məsələnin bir neçə başqa tərəfi də var. Əvvəla, informasiya istehsalı üzərində formalaşan bir portal rəhbərinin, menecerinin hər hansı bir məsələyə münasibəti, əslində, düzgün deyil. Baş redaktorun mövqe nümayişi həmin məsələ barədə informasiyaların birtərəfli yayımlanması fikrini yarada bilər. Ona görə də sayt rəhbərinin mövqesiz qalması daha uğurlu variantdır. Və bildiyimə görə, bütün dünyada belədir. Başqa bir məsələ isə sözə həddindən artıq həssaslıqla yanaşmaqla bağlıdır. 


Mən sözdən qorxuram, hətta deyərəm ki, söz üçün əsirəm. Bəzən bir yazını 10 dəfə oxuyuram. Tez-tez, işdən sonra, bəzən yatdığım yerdə hansısa bir yazıda səhvlər yadıma düşür, cümlələrin, sözlərin biri-birini "döyməsinin” tappıltısı məni diksindirir. Və telefonla girib həmin cümlələri düzəldirəm. Bəlkə, həmin vaxtdan sonra daha həmin yazını heç kim, oxumayacaq, yəni bu qəfil həyəcanın heç bir əhəmiyyəti yoxdur, amma cümləni arxivə şikəst yola sala bilmərəm. Belə adamın yazı yazması, olduqca, ağır bir prosesdir. Həm də nəzərə alaq ki, gün ərzində saytda gedən hər bir informasiyanı oxuyuram və demək olar ki, hamısına əl gəzdirirəm. Üstəlik, mövzu axtarışları, telefon danışıqları, əməkdaşlarla olan söhbətlər, onların işə olan münasibəti barədə diskussiyalar, saytda tez-tez yaranan texniki problemlər, zəif internetin yaratdığı əsəb, gərginlik, saytlar arasında baş verən mənasız istinad müharibəsində öz postunu qorumaq mücadiləsi adamı elə günə salır ki, tərpənə bilmirsən, nəinki oturub yazasan. Saytın kulisində baş verən bir günlük gərginliyi yəqin ki, başqa sahənin adamları bir aya yaşamır. 


- Ətrafda olan hər şey sürətlə dəyişir, deyirlər. Əxlaq, həyat, insan, ənənələr, dəyərlər... Həqiqətdə nə dəyişir?


- Məncə, hər dövrün öz həqiqəti var. Bəlkə, elə hər şeyi dəyişən də məhz həqiqətdir. Mənim dünənki həqiqətimi basdırıblar, bəlkə, artıq onun qəbri üstündə əlavə meyit də dəfn olunub. Özü də o, yüz faiz cəhənnəmə düşüb. Bugünkü həqiqətimiz isə, yəqin, sabah can verəcək. Ümumiyyətlə, bu məsələlərlə bağlı hər kəs düşünməməlidir. Nisbi olan məsələlərə "Hadi ey vallah!” demək lazımdır...


- İnsanları təkcə intellekt bir yerdə saxlayır?


- Baxır, hansı cəmiyyətdə yaşayırsan...


- Nəyin qarşısında dizlərini yerə qoya bilərsən?


- Dizə qədər topuq var - Dizə çox qalıb. Məni işgüzarlıq heyrətə gətirir. İstənilən sahədə zəhmətlə ərsəyə gələn hər bir şey gözəldir və heyrətləndiricidir. Sonuncu dəfə "Qarabağ”ın Kiyevdə qələbə qazanması, ondan iki gün əvvəl isə Tiflisdə, yarıqaranlıq bir küçədə, gecə saat üçdə bir gitaraçının sevgilisinə mahnı ifa etməsi məni heyrətə gətirib. Hər iki halda mən dizimi yerə qoyub onları alqışladım...


- Elçin, siyasət nədir? 


- Dezo.


- Ədəbiyyatdan danışaq?


- Məncə, buna zamanımız azdır. Ən az danışılmalı sahədən, nədənsə, bizdə həmişə çox danışılır. 


- Kimləri oxuyursunuz?


Çox az oxuyuram. Bu, bilirsiz nəyə bənzəyir? Bədənin ağrımasın deyə, gündə bir neçə dəfə idman hərəkətlərinin vacib olmasına. Mən də informasiya beynimi lap kirəcləşdirməsin deyə, oxuyuram. Bu, məcburi oxumaqdır. Həm də bilirsiniz, mənim üçün işləyə- işləyə vaxt tapıb mütaliə etmək risklidir. Kitablar bəzən adamı aparıb elə bir yerə çırpır ki, oradan məşğul olduğun sahə, xəbər axtarışları, mətbuat didişmələri, yazı üstə əsmələr... o qədər mənasız, cılız, düşük bir iş kimi görünür ki, adam depressiyaya düşür. Bu, mənim üçün ölümə bərabər haldır, adaptasiya ola bilmirəm. Ona görə də kitab oxumaq, sonra onun depressiyasından çıxmaq üçün ayrıca vaxt və işdən çox kənarda olan bir məkan tapmaq lazımdır. 


- Köşə yazarlarından yazıçı olarmı?


- Azərbaycanda sevdiyim yazıçıların hamısını köşələrindən tanıyıram. Dünyada isə mənim üçün öncə xəbər yazılarından tanınan və sonradan isə romanları ilə məşhur olan bir yazıçı var. O da 1954-cü ildə Nobel mükafatını qazanan Ernest Heminqueydir. Kanzas-Siti şəhərində yerli "The Kansas City Star” qəzetində jurnalistlik fəaliyyətinə başlayan Ernestin yaratdığı bədii əsərləri çoxları adına və süjet xəttinə görə əzbər bilir. "Fiesta”, "Əlvida, silah”, "Qoca və dəniz”, "Edem bağları”, "Okeanda ada”...


Ancaq çoxları deyir ki, jurnalistliklə yazıçılıq oxşar peşələrdir. Əslində isə jurnalist fakt toplayır, yazıçı isə obraz yaradır.

 Jurnalist ictimai fikrin qanunverici orqanıdır, yazıçı isə xəyalpərəstdir. Jurnalistin yalan danışmaq haqqı yoxdur, əks halda onu çalışdığı mətbu orqanından qova bilərlər. Yazıçıları isə qova bilməzlər, gəldikləri yer yoxdur ki, getdikləri yer də ola.  Jurnalistlər yaşadığı dövr üçün yaşayır, yazıçılar isə gələcəkdə qalmaq üçün çalışır. Siz son 100 ilin ən məşhur jurnalistlərinin adlarını çəkə bilməzsiniz, ancaq son 20 ilin tanınmış yazarlarının adlarını sadalayarsınız. 


Yazıçılar jurnalistlərdən daha bədbəxtdirlər. Tolstoy haqq və ədalətdən yazırdı, özü isə həyat yoldaşını aşpaz xanımla dəyişirdi...

Dostoyevski Rusiya inqilabının peyğəmbəri hesab edilirdi, özü isə qumar borclarının içində boğulurdu....

Balzak zəhlətökən idi və Parisdə belə şayiə yaymışdı ki, o, bütün insanların başına gələnləri bilir...


Puşkin rus sözünü və rus zadəganlığını pik nöqtəyə çatdırıb, özü isə sərxoş olub. Nəticədə, axmaq Dantesin əlindən bu dünyaya "əlvida” deyib...


- Bu qədər mövzudan, hadisədən danışdıq. Bütün bunların içində rahat yaşamaq mümkündürmü?


- Ağıllı adam odur ki, özü üçün harda olur-olsun, bir rahat künc yarada bilir. Kimisi üçün bu, evi-ailəsi, kimisi üçün işi, iş otağı, kimisi üçünsə çayxanadır, sevgilisi ilə oturduğu skameykadır.


Tural Balabəyli/Aktual.az

Xəbər 1220 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR