"Qənirə Paşayeva, hər zaman yanındayıq!"


"Qənirə Paşayeva, hər zaman yanındayıq!

"Əziz Düz Qırıqlı sakinləri düz 10 il əvvəl ilk dəfə seçkilərdə iştirak edəndə ayın bu günündə mən atamı itirmişdim və Düz Qırıqlıda, doğulduğu kənddə atamı torpağa verirdik. O zaman mən bir şeyin şahidi oldum. İnsanlara xidmət edənləri insanlar heç bir zaman unutmur, sevgi ilə xatırlayır və yola salırlar. Siz mənim atamı məhz belə yola salırdınız və mənim üçün nə qədər ağır günlər olsa da, siz mənə seçki kampaniyanı davam etdir biz sənə inanırıq dediniz və mənə böyük bir güc, dəstək verdiniz. Mən də sizə bir söz verdim. Bütün fəaliyyətim dövründə gücümün çatdığı qədər sizə, bütün seçicilərimə, millətimizə və dövlətimizə xidmət edəcəm. 10 illik deputat fəaliyyətim dövründə də hər gün bu düşüncə ilə yaşadım və çalışdım. 10 il ərzində Düz Qırıqlının problemlərinin böyük hissəsi öz həllini tapdı. Kəndin mərkəzi yolları yüksək səviyyədə düzəldi,  qaz və elektrik problemləri həllini tapdı,  su probleminin həlli istiqamətində kəndə yeni içməli su xətti də çəkildi, bir neçə artezian quyusu qazıldı. Kənd məktəbi ən yüksək səviyyədə təmir edilərək bütün müasir avadanlıqlarla təmin olundu və heç mübaliğəsiz deyə bilərik ki, artıq Düz Qırıqlı məktəbi nəinki Tovuzun ən gözəl məktəbi oldu, respublika səviyyəsində də ən gözəl məktəblərdən biridir. Müəllimlərimin arzu və xahişini yerinə yetirə bildiyim üçün çox şadam və bunun üçün cənab Prezidentimizə xüsusi təşəkkür edirəm. Məhz onun diqqət və qayğısı nəticəsində məktəb də daxil olmaqla kənddə həyata keçirilən bütün layihələr reallığa çevrilib". Tovuzun ən böyük kəndlərindən biri olan Düz Qırıqlıda kiçik biznesin inkişafı istiqamətində işlərin də sürətləndiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, hər zaman bu istiqamətdə fəaliyyət göstərən insanlara dövlət qurumlarından dəstək göstərilməsi istiqamətində bu günə qədər olduğu kimi bundan sonra da əlindən gələni əsirgəməyəcək:"Bilirəm həllini gözləyən məsələlər də var. Özəlliklə 2 məsələ, kəndin mədəniyyət evinin və uşaq baxşasının təmiri. Həmin məsələlərlə bağlı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və rayon rəhbərliyi ilə də müzakirələr aparmışıq və bundan sonra da həmin məsələlərin də öz həllini tapması istiqamətində yenə də hökumət üzvləri ilə müzakirələr aparıb xahişlərinizin öz həllini tapması üçün əlimdən gələni əsirgəməyəcəm. Bilirsiniz ki, bu kənddə belə bir insan yoxdur ki mən onun müraciətinə münasibət bildirməyim. Sizinlə tez-tez görüşürük və hər zaman qaldırdığınız məsələləri, təklifləri Milli Məclisdə səsləndirir və Hökumət üzvləri ilə onların həlli istiqamətində müzakirələr aparırıq. Məhz bunun nəticəsində sizin qaldırdığınız bir çox məsələlərin öz həllini tapmasından sizin qədər mən də şad olmuşam hər zaman. Hansısa məsələ öz həllini tapa bilməyəndə sizin qədər kədərlənmişəm. Cənap Prezidentin rəhbərliyi altında ölkəmizdə gedən inkişaf həllini gözləyən problemlərin də həllinə imkan yaradır. Ona görə də bizim hamımız əl-ələ verərək ölkəmizin inkişafı üçün çalışmalıyıq. Bu işdə bizim millət vəkili olaraq mənim, icra hakimiyyətinin, müxtəlif nazirliklərin rayonda olan idarələrinin, kəndlərdə yerli icra və bələdiyyə qurumlarının üzərinə böyük məsuliyyət düşür. Biz hamımız xalqın xidmətçiləriyik və onlara daha yaxşı xidmət göstərmək üçün çalışmalıyıq. Əngəllər, süründürməçilik, incitmələr, laqeyidlik olmamalıdır. Cənab Prezidentin bir neçə gün əvvəl çıxışını hər kəs dinlədi və bütün səlahiyyət sahibləri, bizlər bu çıxışdan nəticə götürməliyik. Biz hər zaman sakinlərimizin yanında olmalıyıq. Bilirsiniz ki, mən hər zaman sizin yanınızda oldum. Çünki bu mənim bir borcumdur. Vəzifə ilə yanaşı həm də insanlıq borcum və bundan sonra da harada çalışmağımdan asılı olmayaraq gücümün çatdığı qədər hər zaman sizin yanınızda olacam." Millət vəkili Qənirə Paşayeva ona hər zaman etimad və dəstək gösrətən Düz Qırıqlı seçicilərinə, tədbirdə iştirak edən müəllimlərinə təşəkkür edərək təkrar etimad göstərərlərsə bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etmək üçün yorulmadan çalışacağını bildirib. Düz Qırıqlı sakinləri çıxış edərək millət vəkili Qənirə Paşayevaya 10 illik fəaliyyəti dövründə etimadlarının nəinki azalmadığını əksinə daha da artdığını deyiblər. "Bu 10 ildə Respublika daxilində və beynəlxalq qurumlarda fəaliyyətinizlə bizdə doğru seçim etdiyimiz fikrini hər gün daha da gücləndirdiniz, hər yerdə səsimiz oldunuz və ən əsası hər zaman bizdən birimiz olaraq müraciətlərimizə, problemlərimizə və qayğılarınıza diqqətlə, həssaslıqla yanaşdınız. Ona görə səsimizlə, etimadımızla sizə tam dəstəyimiz davam edəcək" deyən kənd sakinləri, orta məktəb müəllimləri millət vəkili Qənirə Paşayevaya uğurlar diləyiblər.  Millət vəkili Qənirə Paşayeva tədbirin sonunda ona müraciət edən bir sıra vətəndaşları da tək-tək dinləyərək, geniş fikir mübadiləsi aparıb. Görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq  Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kənddə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb.  Bir sıra seçicilər məhkəmələrlə bağlı, aliment ala bilməmələri ilə bağlı da Q. Paşayevaya müraciətlər ediblər.  Millət vəkili sakinləri  tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını, onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını da deyib.

Xəbər 965 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR