Yardımlıda 89 yaşlı əmək veteranı, 2-ci qrup hərbi əlil və yataq xəstəsi olan Gültamam Bədirova yaşadığı evin qəzalı vəziyyətdə olduğunu bildirərək ölkə rəhbərliyindən kömək istəyib – sənədlərdə isə evin vəziyyəti ilə bağlı bir-birindən fərqli cavablar yer alır
Yardımlı rayonunun Bozayran kəndində yaşayan 89 yaşlı Bədirova Gültamam Zərbi qızının prezidentə müraciəti diqqət çəkən bir vəziyyəti gündəmə gətirib. Əmək veteranı, 2-ci qrup hərbi əlil və yataq xəstəsi olan qadın yaşadığı evin zəlzələlərdən sonra qəzalı vəziyyətə düşdüyünü, ailənin təhlükəsizlik səbəbindən gecələri başqa ünvanda keçirməyə məcbur qaldığını bildirir.
Gültamam Bədirovanın sözlərinə görə, ailənin ev tikməyə maddi imkanı yoxdur və onlar yalnız onun pensiyası hesabına yaşayırlar. Müraciətdə qeyd olunur ki, evdə özü ilə yanaşı oğlu, gəlini və nəvəsi də yaşayır. Evin vəziyyətinə görə ailə gecələr gəlininin atasının evində qalır.
Zəlzələdən sonra evdə ciddi çatlar yaranıb
Müraciətdə bildirilir ki, 2024-cü il mayın 11-də və 2025-ci il iyunun 4-də baş verən güclü yeraltı təkanlardan sonra ev yararsız vəziyyətə düşüb. Sənədlərə əsasən, evin yükdaşıyan və arakəsmə divarlarında eni 3-5 santimetr olan şaquli, üfüqi və maili çatlar, bir otaqda isə xaçvari çatlar qeydə alınıb. Xarici yükdaşıyan divarlarda qabarmalar və dağılmaların olduğu da aktda göstərilib.
Bu evdə Vətən qarşısında xidmətləri olan insanlar böyüyüb
Məsələnin sosial tərəfini daha da ağırlaşdıran məqam isə Gültamam Bədirovanın ailəsinin tarixçəsidir.
Müraciətdə qeyd olunur ki, onun böyük oğlu Birinci Qarabağ müharibəsinin iştirakçısı, 2-ci qrup hərbi əlil və ehtiyatda olan zabitdir. O, 1991-1992-ci illərdə Şuşa və Daşaltı döyüşlərində iştirak edib və dövlət tərəfindən təltif olunub.
Ailənin nəvəsinin də 44 günlük Vətən müharibəsində iştirak etdiyi, döyüşlərdə göstərdiyi şücaətə görə təltif edildiyi müraciətdə vurğulanır. Sənəddə onun 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən lokal antiterror tədbirləri zamanı strateji yüksəkliklərin əldə edilməsində komandir kimi iştirak etdiyi qeyd olunur.
Bu gün isə həmin ailənin 89 yaşlı anası evinin uçmaq təhlükəsi ilə üz-üzə olduğunu bildirir.
89 yaşlı ananın son ümid yeri Prezidentdir
Bədirova Gültamam Zərbi qızı müraciətində dövlət başçısından ailəsinin vəziyyətinə müdaxilə edilməsini xahiş edir.
O, müraciətində əsas istəyini belə ifadə edir: ailəsinin dövlət qarşısındakı xidmətləri və həmin evdə iki müharibə iştirakçısı və qazinin böyüməsi nəzərə alınaraq, gələcəkdə hər hansı bədbəxt hadisə baş verməmişdən əvvəl problemin həllinə göstəriş verilsin.
Burada cavab gözləyən əsas sual isə sadədir: rəsmi aktla qəzalı və yaşamaq üçün təhlükəli olduğu bildirilən evdə 89 yaşlı yataq xəstəsi qadın və ailəsi daha nə qədər gözləməlidir?
Çünki söhbət artıq yalnız divarlardakı çatlardan getmir. Söhbət bir ailənin təhlükəsizliyindən və baş verə biləcək hadisənin qarşısının vaxtında alınmasından gedir.
Xəbər 41 dəfə oxunub.