Paşinyan üçün hərbi çevriliş təhlükəsi - Ermənistan Rusiya-Qərb qarşıdurmasının mərkəzinə çevrilib

Paşinyan üçün hərbi çevriliş təhlükəsi - Ermənistan Rusiya-Qərb qarşıdurmasının mərkəzinə çevrilib

İkinci Qarabağ savaşındakı məğlubiyyətdən sonra Ermənistanda yaranan siyasi böhran pik həddə çatıb.

HİT.Az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın və hökumətin istefasını gündəmə gətirib. Siyasi analitiklər Baş Qərargahın bu tələbini hərbi çevrilişin ilkin konturları kimi qiymətləndirir. Paşinyanın Baş Qərargahın tələbindən sonra tərəfdarlarını meydanlara səsləməsi də hərbi çevriliş təhlükəsindən xəbər verir.

Paşinyanın istefası müharibədən dərhal sonra gündəmə gəlmişdi. Ermənistan müxalifəti noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış üçtərəfli sazişi xəyanət kimi qiymətləndirərək Paşinyanın dərhal istefa verməsini tələb etmişdi. Lakin xalq müxalifətin tələbini dəstəkləmədi. Etiraz aksiyaları gözlənilən effekti vermədi, yalnız Qarabağ klanına bağlı şəxslər küçələrə çıxaraq müxalifətə dəstək nümayiş etdirdi. Ordu da bu proseslərə müdaxilə etmədi. Bəs indi nə baş verir?

Baş Qərargahın Paşinyanın istefasını gündəmə gətirməsi Baş nazirin Rusiyaya məxsus "İsgəndər” raket kompleksi barədə tənqidi fikirlərindən sonraya təsadüf edir. Bir neçə gündür ki, Rusiya ictimiai-siyasi mühitində bu məsələ müzakirə mövzusudur. Müşahidələr göstərir ki, Paşinyanın Rusiya hərbi sənayesini şübhə altına alması Moskvanın hiddətinə səbəb olub.

Rusiyalı politoloqlar, hərbi ekspertlər ard-arda Paşinyanın fikirlərini sərt şəkildə cavablandırmaqdadır. Görünür, Kreml Paşinyanı təkcə "taziyanə” ilə cəzalandırmağı deyil, həm də onu və formalaşdırdığı hökuməti tarixin arxivinə gömməyi düşünür. Bu, yalnız Baş nazirin "İsgəndər” raket kompleksi barəsində söylədiyi tənqidi fikirlə bağlı deyil. Kreml həm də Paşinyanın Qərblə getdikcə yaxınlaşdığını həzm edə bilmir. Əlbəttə, regionda Qərbin Gürcüstandan sonra ikinci təsir dairəsinin yaranması Kreml üçün ciddi başağrısına çevrilə bilər. 

Hələ ki, Baş Qərargah istefa tələbini sözlə ifadə edir. Amma mümkündür ki, ordu hərəkətə gətirilsin. Analitiklərin fikrincə, hərbi maşının işə düşməsi Ermənistanda vətəndaş müharibəsinə də səbəb ola bilər. Çünki Paşinyanın da tərəfdarları da az deyil. Digər tərəfdən, ortada Qərb amili də var. Beləliklə, Ermənistan hazırda faktiki olaraq Rusiya-Qərb konfrantasiyasının episentrinə çevrilib. Tərəflərdən hansının qalib gələcəyini isə zaman göstərəcək.
Xəbər 235 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR