NATO müdafiəsini süni intellektlə təşkil edəcək

NATO müdafiəsini süni intellektlə təşkil edəcək
  • DÜNYA

NATO Rusiyanın mümkün hücumunu aşkarlamaq və qarşısını almaq məqsədilə şərq sərhədlərinin müdafiəsini dronlar, sensorlar və süni intellekt əsasında qurulacaq genişmiqyaslı şəbəkə vasitəsilə gücləndirməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə "Politico” məlumat yayıb.

Qərb rəsmilərinin sözlərinə görə, NATO müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər çərçivəsində süni intellektlə dəstəklənən dronlardan istifadə imkanlarını araşdırır.

Lakin məqsəd tam avtonom sistemlərin yaradılması deyil. Süni intellekt dronların idarə olunmasına və uçuş prosesinə kömək edəcək, hədəflərin müəyyənləşdirilməsi və zərbə endirilməsi ilə bağlı qərarları isə insanlar qəbul edəcək.

Bu yanaşma Ukraynanın müharibə şəraitində tətbiq etdiyi üsullara bənzəyir. Ukrayna dron əməliyyatlarında süni intellektdən getdikcə daha geniş istifadə edir. Bununla belə, həm hərbçilər, həm də müdafiə texnologiyaları şirkətlərinin nümayəndələri müharibənin avtomatlaşdırılması artsa belə, döyüş prosesində insan amilinin əsas olaraq qalmalı olduğunu dəfələrlə vurğulayıblar.

NATO üçün süni intellektlə dəstəklənən dronlar "Şərq cinahının çəkindirilməsi təşəbbüsü”nün (Eastern Flank Deterrence Initiative - EFDI) bir hissəsi olacaq.

Bu təşəbbüs çərçivəsində alyans Rusiyanın və Belarusun sərhədləri boyunca yaranan təhdidləri izləmək üçün rəqəmsal döyüş məkanı şəbəkəsi yaradır. Şəbəkənin Finlandiyanın şimalından Qara dənizə qədər uzanan ərazini əhatə etməsi nəzərdə tutulur.

Yeni konsepsiya minlərlə pilotsuz uçuş aparatı, sensor və peykin süni intellekt vasitəsilə vahid sistemdə birləşdirilməsini nəzərdə tutur. Bu texnologiyalar müttəfiqlərin ərazilərinə mümkün müdaxilələri aşkar etməli və hücumların qarşısının alınmasında ilk müdafiə xətti rolunu oynamalıdır.

Bununla belə, tanklar, qırıcı təyyarələr və artilleriya kimi ənənəvi silahlı qüvvələr NATO-nun müdafiəsinin əsasını təşkil etməkdə davam edəcək.

ABŞ ordusunun mayoru, proqram əməliyyatları üzrə zabit Ben Şiff "Bild”ə açıqlamasında bildirib ki, həm Ukrayna, həm də Rusiya dronların idarə edilməsində hələ də insanlardan istifadə edir.

Onun sözlərinə görə, bəzi sistemlər uçuş zamanı qısa müddətli avtonom fəaliyyət göstərməyə imkan verən süni intellekt və maşın öyrənməsi imkanlarına malikdir. Lakin dronların idarə olunması əsasən yerüstü operatorlar tərəfindən həyata keçirilir.

Şiff hesab edir ki, dronların döyüş meydanında uzun müddət uçaraq hədəf axtarması kimi "ən darıxdırıcı uçuş elementləri” avtomatlaşdırılmalıdır. Lakin dronun hansı hədəfə zərbə endirməsi barədə qərar insan tərəfindən qəbul edilməlidir.

"İnsanlar dronun nə edəcəyinə qərar verir, lakin onun idarə edilməsini özləri həyata keçirməyə məcbur deyillər. Çünki bizim bir milyon pilotumuz yoxdur. Biz eyni anda bir milyon dronu idarə edə bilmərik”, - deyə Şiff bildirib.

Şiff NATO qüvvələrinə məlumatların aşkarlanması, təsnifləşdirilməsi, paylaşılması və onların əsasında operativ şəkildə qərar qəbul edilməsinə imkan verməsi nəzərdə tutulan EFDI Data Backbone sisteminin məhsul meneceridir.

Hazırlanan bu struktur müxtəlif NATO ölkələrinin bir-biri ilə uyğun gəlməyən kompüter və komanda-idarəetmə sistemlərini vahid şəbəkədə birləşdirməlidir. Bununla da real vaxt rejimində ön xəttdəki sensorlardan məlumatların birbaşa qərargahlara ötürülməsi mümkün olacaq.

NATO bununla hazırda istifadə olunan və "zərbə zənciri” (kill chain) adlandırılan xətti sistemdən "zərbə şəbəkəsi”nə (kill web) keçməyi hədəfləyir. Mövcud sistemdə məlumat ön cəbhədən qərar qəbul edən şəxsə, oradan isə yenidən döyüş meydanına ötürülür. Yeni modeldə isə sensorlardan əldə edilən məlumatların silah sistemlərinə və operatorlara dərhal çatdırılması nəzərdə tutulur.

ABŞ ordusunun Avropa və Afrika üzrə nümayəndəsi mayor Mett Blubau isə bildirib ki, dronun, sensorun və ya digər vasitənin dəyəri yalnız onun texniki xüsusiyyətləri ilə müəyyən olunmur.

"Onun effektivliyi daha geniş əməliyyat ekosisteminə nə dərəcədə yaxşı inteqrasiya olunmasından asılıdır”, - deyə o vurğulayıb. (modern.az)
Xəbər 34 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR