Mətbuat Şurası bir qəzetin və üç saytın adını “qara siyahı”ya daxil edib

Mətbuat Şurası bir qəzetin və üç saytın adını “qara siyahı”ya daxil edib

Bu gün Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, şuradan verilən məlumata görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov iclasın gündəliyindəki məsələlər barədə məlumat verib.

Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda bildirilib ki, medianın təmas xəttindəki prosesləri ictimaiyyətə çatdırmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır.

MŞ-nın İdarə Heyətinin üzvləri bir daha KİV-i, eləcə də sosial şəbəkə istifadəçilərini cəbhə ilə bağlı informasiyaların çatdırılmasında həssaslıq nümayişinə çağırıblar.

Daha sonra MŞ-nın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının təqdimatı müzakirə olunub. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə başçılıq etdiyi komissiyanın son iclasında 30 məsələyə baxıldığını, 4 kütləvi informasiya vasitəsinin adının Şuranın “qara siyahı”sına salınması üçün müvafiq təqdimatın hazırlandığını deyərək həmin KİV-lərin adını elan edib. İdarə Heyəti bunu əsas götürərək “Korrupsiya və cəmiyyət+” qəzetinin, “Medaz.az”, “Aktualxeber.info” və “Reportyor.org” saytlarının adlarının MŞ-nın “qara siyahı”sına daxil olunması barədə qərar qəbul edib.

Qəbul olunan qərarlarda “Aia.az”, “Xeber.info” və “Arqument.az” saytlarına xəbərdarlıq edilib. Digər qərarlarda “Azadlıq” və “Reytinq” qəzetlərinin, “Bizimxeber.az”, “Pia.az”, “Moderator.az” saytlarının şikayət doğuran yazılarında «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsip və bəndlərinin tələblərini pozduqları ifadəsini tapıb.

İclasda Şikayətlər üzrə Komissiyasının yeni tərkibi müəyyənləşdirilib. Şura sədri Ə. Amaşov bildirib ki, mövcud Nizamnamədə bu komissiyanın iki ildən bir tərkibinin dəyişdirilməsi nəzərdə tutulub. Müzakirələrdən sonra sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq edəcəyi komissiyanın tərkibində “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, Nəsir Əhmədli və İlham İsmayılovun təmsil olunması barədə qərar çıxarılıb.

Xəbər 1275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR