“Mərcanvari böyrək daşları daha təhlükəlidir” - VİDEO

“Mərcanvari böyrək daşları daha təhlükəlidir”   - VİDEO

Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-cərrah Araz Bayramovun Aktual.az-a müsahibəsi

- Son dövrlər böyrək daşlarından əziyyət çəkən xəstələrin sayı sürətlə artır. Sizcə, böyrək daşlarının bu qədər geniş yayılmasının səbəbi nədir?

- Böyrək daşlarını doğuran əsas səbəb əhalinin düzgün həyat tərzi sürməməsi ilə bağlıdır. Az fiziki hərəkətlilik, az maye qəbul etmək, maddələr mübadiləsinin pozulması böyrək daşlarının geniş yayılmasına səbəb olur. Azərbaycanda elə bölgələr var ki, orada əhali böyrək daşlarına qarşı daha həssasdır və bu regionlarda böyrək daşlı xəstələrin sayı daha çoxdur. Misal üçün Gəncəbasar zonası, Bakı, Naxçıvan, Masallı-Lənkəran, Şəki-Zaqatala bu sırada xüsusi qeyd oluna bilər. Apardığımız təhlillərə və statistik göstəricilərə əsaslanaraq deyə bilərəm ki, bu zonalardan uroloq yanına müaricət edən xəstələrin sayı daha çox olur. Bu baxımdan adıçəkilən regionlarda yaşayan sakinlər daha diqqətli olmalıdırlar. İrsi faktorda nəzərdən qaçırılmamalıdır və bundan öncə ailəsində böyrək daşı olan xəstələr xüsusilə ehtiyatlı olmalıdırlar.

- Böyrək daşlarının hansı növləri var və onlardan hansı daha təhlükəlidir?

- Qeyd etmək istərdim ki, böyrək daşlarından əsasən oksalat, urat, amorfosfat, sistin daşlarına daha çox rast gəlinir. Bunların içərisində ən möhkəmi oksalat monohidratdır. Onun komputer tomoqrafiya (KT) müayinəsində sıxlığı 1300 HU-dan yüksəkdir. Ancaq mərcanvari daşlar daha təhlükəlidir. Daşın növünü təyin etmək üçün böyrək daşları çıxarıldıqdan sonra analizlə təyin edilir.


- Müasir urologiya böyrək daşlarının müalicəsində hansı yenilikləri tətbiq edir?

- Müasir urologiyada ən son yenilik mərcanvari böyrək daşlarını perkutan üsulu ilə, yəni beldən dəliklə daxil olaraq, 8-smlik və daha artıq ölçülü daşları parçalayaraq, çıxarılmasıdır. Ən son nailiyyətlərdən daha biri tam təbii yolla, fleksibl URS ilə böyrəyə qalxaraq, holmium-lazerlə parçalanıb daşların çıxarılmasıdır. Bu üsulların üstünlüyü əməliyyat zamanı xəstələrin tam ağrısız, ümumi narkoz verilmədən həyata keçirilməsindədir. Xəstələr üç gün ərzində əmək qabiliyyətini bərpa edə bilirlər.

- Vaxtaşırı olaraq beynəlxalq konfranslarda, tədbirlərdə iştirak edirsiniz...

- Gələn ay Avropa Uroloqlar Cəmiyyətinin illik toplantısına qatılacam. Qeyd edim ki, hər il qurumun illik toplantılarına qatılıram. Toplantı zamanı böyrək daşlarının ən müasir müalicə üsulları haqqında təqdimatımız olacaq. Qeyd etdiyimiz elmi araşdırmaları Avropa uroloqlarının diqqətinə çatdıracaq və onlarla bölüşəcəyik. Həmçinin Azərbaycan Avropa Tibb Assosiasiyası ilə Avropa Uroloqlar Cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalayacağıq. Bu bizə imkan verəcək ki, Avropanın aparıcı mütəxəssislərini ölkəmizə dəvət edək. Avropa təcrübəsindən yararlanmaq və yerli həkimləri Avropa protokollarını Azərbaycanda tətbiq etmək baxımından bu olduqca vacib hadisədir.

Atatürk Kamallı, Aktual.az

Xəbər 10318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR