Manat dollar qarşısında möhkəmləndi

Manat dollar qarşısında möhkəmləndi

ABŞ-ın Federal Rezerv Bankının (FED) uçot dərəcəsi ilə bağlı qərarı həm ABŞ-da infilyasiya səviyyəsinin aşağı olması, həm də digər ixracatçı ölkələrdə həyata keçirilən yumşaq məzənnə siyasəti ilə əlaqələndirilir.

Aktual.az xəbər verir ki, bu haqda FED-in uçot dərəcəsi ilə bağlı qərarını şərh edərkən iqtisadçı ekspert Vüqar Bayramov deyib. İqtisadçıya görə, əslində, ABŞ son qərarı ilə dolların dünya bazarına mövqelərinin kəskin möhkəmlənməməsi siyasətini dəstəklədi:

“Görünür, 2006-cı ildən bəri uçot dərəcəsinə toxunmayan amerikalı maliyyəçilər “status-kvo”nu saxlamağı əlverişli saydılar. Bununla belə, FED gələn ay keçiriləcək toplantısında uçot dərəcəsinə yenidən baxılmasını mümkün sayır. Amma analtiklər oktyabrdakı toplantıdan sonra mətbuat konfransının nəzərdə tutulmadığını əsas götürərək FED-in sükutu pozacağını güman etmirlər. Uçot dərəcəsinin dəyişidirilməməsi həm ABŞ-da inflyasiya səviyyəsinin aşağı olması, həm də digər ixracatçı ölkələrdə həyata keçirilən yumşaq məzənnə siyasəti ilə əlaqələndirilir. 2 faizə yaxın inflyasiya dərəcəsinə malik olan Birləşmiş Ştatlarda ilin sonunadək bu həddin qorunub saxlanılacağı gözlənilir”.

İqtisadçının sözlərinə görə, FED-in son qərarı hazırda dünya səhm və valyuta bazarına təsir göstərməkdədir:

“Dov Jones indeksində 0,39, S&P indeksində 0,26 faiz eniş qeydə alınsa da, Nasdaq mövqelərini qoruyub saxlaya bilib. Dünən dollar avroya nisbətən yenidən dəyər itirib. Belə ki, bir gündə 1,2 faiz dəyər qazanan Avropa pulu almaq üçün indi 1,14 dollar ödəmək lazım gəlir. Manat da FED-in qərarına reaksiya verib. Valyuta bazarımızda dollar ucuzlaşıb. Manatın dollara nisbətən məzənnəsi bu gün 1,0477-dən 1,0473-dək möhkəmlənib. Bununla yanaşı, rəsmi məzənnədə dünən 1 avro almaq üçün 1,1838 manat ödəmək lazım gəlirdisə, bu gün 1,1935 manatdan keçmək lazımdır”.

Vüqar Bayramov hesab edir ki, FED-in uçot dərəcəsini artırmaması heç də dolların yaxın zamanlarda kəskin ucuzlaşması anlamına gəlməməlidir:

“Əslində, ABŞ son qərarı ilə dolların dünya bazarına mövqelərinin kəskin möhkəmlənməməsi siyasətini dəstəklədi. Aydındır ki, dolların məzənnəsinin kəskin möhkəmlənməsi iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun deyil. Baxmayaraq, ABŞ-da işsizlik aşağı rəqəmlə ifadə edilir, iqtisadi artım tempini qoruyub saxlayıb. Dolların kəskin möhkəmlənməsi Amerikanın ixracatına mənfi təsir göstərir. Xüsusilə, əsas rəqibi olan Çin yuanını ucuzlaşdırıb və ixrac imkanlarını genişləndirib. O baxımdan FED sıfra yaxın faiz dərəcəsini qoruyub saxladı. Bununla yanaşı, ABŞ pulunun dünya bazarına mövqelərinə təsir göstərən bu qərar təbii ki, heç də dolların yaxın zamanlarda kəskin ucuzlaşması anlamına gəlməməlidir”.

İqtisadçı alim milli valyutamızın məzənnəsi üçün FED-in bu qərarını məqbul hesab etdiyini bildirib

“Belə ki, bu addım qlobal valyuta bazarındakı dəyişikliklərin manata təzyiqini azaldacaq. Qeyd edək ki, manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti deyil, məhz dollar-avro münasibəti nəzərə alınır. Bu ilin fevral ayından Mərkəzi Bank iki valyutalı səbətdən istifadə edir və artıq avro dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə, artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir. MB-nin valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dollar avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Buna görə də, FED-in son qərarı dolların manata təzyiqini azaltmaqla yanaşı gələcəkdə dünya bazarında avronun möhkəmlənəcəyi halda manatın da dollara nisbətən güclənməsinə gətirib çıxaracaq. Beləliklə, ABŞ “möhkəm dollar” mərhələsinə qədəm qoymadı. Qlobal valyuta bazarının dərhal reaksiya verdiyi bu qərara manat da yerli bazarda dolları “cüzi sıxışdırmaqla” münasibət göstərdi”.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı FES-in Federal Açıq Bazar Komitəsinin (FOMC) 2 gün davam edən kritik sentyabr iclası baş çatıb. Komitə yaydığı bəyanatda uçot dərəcəsini artırmadığını açıqlayıb, faiz dərəcələri 0-0,25 faiz arasında saxlanılıb.

Xəbər 717 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR