Lazımsız cərrahiyyə əməliyyatları minlərlə ailəni övladsız qoyub -Azərbaycanda

Lazımsız cərrahiyyə əməliyyatları minlərlə ailəni övladsız qoyub  -Azərbaycanda

Son illər Azərbaycanda sonsuzluqdan əziyyət çəkən ailələrin sayı xeyli artıb. Əvvəllər bu cür ailələrin sayı barmaqla sayılacaq qədər idisə, indi hətta adi kənd yerində belə 5-6, bəzən daha çox ailənin sonsuzluqdan əziyyət çəkdiyini görmək olar. Yəqin elə bu səbəbdəndir ki, bir çox xəstəxanalar müştəri cəlb etmək məqsədi ilə məhz sonsuzluq mövzusunu qabardırlar. Bilirlər ki, sonsuzluqdan əziyyət çəkən ailələr çoxdur, üstəlik, onlar xəstəlikləri sağalsın deyə istənilən məbləği tapıb ödəməyə çalışırlar...

Uzun illər övladı olmayan F. Xasayov bizimlə söhbətində müalicə üçün müxtəlif həkimlərə, xəstəxanalara üz tutduqlarını, lakin bunun bir faydasını görmədiklərini söylədi: "Axırda ümidimi üzüb, iş dalınca Rusiyaya yollandım. Daha burada həkimlərə ödəyəsi pulum qalmamışdı. Sözün açığı, müalicəni də tamamilə dayandırdıq. Nəhayət, 14 il sonra heç bir müalicəsiz-filansız övladımız dünyaya gəldi. Onda mən artıq bacımın uşağını övladlığa götürmüşdüm. Öz uşağımız doğulandan sonra daha 2 uşağımız da oldu. Elə bil heç əvvəl belə bir problemimiz yox imiş".

Həkimlərin qənaətinə görə, sonsuzluğun bir çox səbəbləri var. Məsələn, ekoloji problemlər, düzgün qidalanmamaq, cinsi yolla yayılan infeksiyalar və s. Mövzu ilə bağlı suallarımızı uzman doktor, cərrah-ginekoloq Lalə Kılıç cavablandırdı...

"Azərbaycanda bu təhlükəyə ciddi diqqət yetirilmir"

"Sonsuzluğun səbəbləri çoxdur. Məsələn, bu, ekoloji vəziyyətlə bağlı ola bilər, gec ailə qurmaqla bağlı ola bilər. Azərbaycanda sonsuzluğun ən böyük səbəblərindən biri də əvvəlcədən keçirilmiş lazımsız cərrahiyyə əməliyyatlarıdır. Təəssüf ki, bir çox insanlar bundan xəbərsizdirlər. Bəli, elə cərrahiyyə əməliyyatları var ki, bu sonradan sonsuzluğa gətirib çıxarır. Bundan başqa, səbəbi bilinməyən sonsuzluqlar da var. Yəni sonsuzluğu tamamilə bir səbəbə bağlamaq düzgün deyil",-deyə həmsöhbətimiz bildirdi.

L. Kılıçın sözlərinə görə, Azərbaycanda kiçik yaş qruplarında kista ilə bağlı və ya ginekoloji problemlərlə əlaqədar aparılmış əməliyyatlar var ki, bunlar dünya tibbində çox da məsləhət görülmür: "Ancaq Azərbaycanda bu təhlükəyə ciddi diqqət yetirilmir. Söhbət kista və digər bu cür əməliyyatlardan gedir. Ona görə də bu cür əməliyyatlarla bağlı valideynlər birmənalı şəkildə qərar verməməlidirlər, ginekoloqlarla da məsləhətləşməlidirlər".

"Sizə ən çox hansı xəstəliklərlə bağlı müraciət edirlər?" sualımıza müsahibimizin cavabı belə oldu: "Sonsuzluq problemləri, menstrual sikl problemləri ilə əlaqədar daha çox müraciət edirlər. Bundan əlavə, polikistik yumurtalıqlarla əlaqədar gəlirlər. Nizamsız menstruasiya şikayəti ilə bizə müraciət edənlər də kifayət qədərdir. Yumurtalığın kistaları, yumurtalığın digər xəstəlikləri, uşaqlıq miyomaları və buna bağlı problemlərlə əlaqədar hospitalımıza üz tutan xəstələr çoxdur".

"Simptomlar üzə çıxanda qorxurlar"

Bəs xəstəliklər daha çox evlilikdən sonra, yoxsa əvvəl üzə çıxır? "Xəstəliklər həm evlilikdən əvvəl, həm də sonra büruzə verə bilər. Xüsusən, gənc xanımlar qadın xəstəlikləri ilə bağlı simptomlar üzə çıxanda qorxurlar. Sonsuzluqdan, evlilik ərəfəsində yarana biləcək problemlərdən qorxduqları üçün həkimə üz tuturlar. Ancaq yaşı 35-dən çox olan xanımlarda "keçib gedər" düşüncəsi daha çox hakimdir. Yaş artdıqca həkimə gələnlərin faizi də azalır. Gənc xanımlar isə internet və sosial şəbəkələr vasitəsi ilə biliklərini artırırlar və onlarda müəyyən təsəvvürlər formalaşır".

Lalə xanım "erkən nikah qadın xəstəliklərinə necə təsir göstərir?" sualımızı da cavablandırdı: "Normal, hər şeyi qaydasında gedən bir xanımın ginekoloji orqanları 18 yaşında öz funksiyasını tamamlayır. Ana olmaq üçün təkcə fizioloji proses deyil, psixoloji məqamlar da vacibdir. Bununla bağlı ciddi problemlər də meydana gələ bilir. Öz formasını tamamlamamış xanımlarda hamiləlik zamanı vaxtından qabaq düşüklər, vaxtından qabaq doğuşlar, psixoloji problemlər daha çox meydana gəlir. Funksiyasını tamamlamamış orqandan yaranmış körpənin səhhətində də problem ortaya çıxmaq ehtimalı yüksəkdir".

"Problemlərini örtülü şəkildə bildirmələrində fayda var"

"Valideynlər uşaqlarla həm də dost olmalıdırlar" deyirlər. Bəs xəstəliklərlə bağlı valideynlərin üzərinə düşən nədir?

"Bizim insanlarımız uşaqları daha çox qapalı mühitdə böyüdürlər. Köhnə vaxtlarda bəzi şeylər gizli saxlanılırdı. Ancaq xəstəliklə bağlı nələrinsə gizlədilməsi müsbət hal deyil və bu, bir problemin vaxtında və asan həllinə imkan vermir. Uşaqların həm fiziki, həm də psixoloji problemlərini örtülü şəkildə valideynlərə bildirmələrində fayda var. Uşaqlar bəzi problemlərini nəinki ana ilə, hətta ata ilə də bölüşməlidirlər. Valideynlərə məsləhətimiz odur ki, uşaqlarına psixoloji baxımdan yaxın olsunlar".

Günümüzdə ən çox müzakirə və tənqid olunan mövzulardan biri də abortlardır. Müsahibimizin sözlərinə görə, abort bir qorunma forması deyil: "Heç bir canlı başqasının onun haqqında bu cür qərar verməsini istəməz. Ancaq abortu tamamilə qadağan edə bilmirik. Çünki bəzi hallarda həyati təhlükə olduğu üçün qaçılmaz olur. Ancaq həyati təhlükə yoxdursa, abort müsbət qarşılanan bir hal deyil. Əgər uşaq dünyaya gətirmək fikirləri yoxdursa, onda tərəflər hamiləlikdən qorunma yolları tapmalıdırlar. Bir daha deyirəm: abort qorunma forması deyil, bunu hər kəs bilməlidir"...

"Zaman Azərbaycan"

Xəbər 775 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR