"İnanıram ki, sülhməramlılar tezliklə Ağdərə-Kəlbəcər yolunda hərəkətin təhlükəsizliyini təmin edəcək"


Baş prokurorun sabiq birinci müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov gündəmin aktual mövzusu ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb:
- İsa müəllim, 44 günlük müharibədəki möhtəşəm qalibiyyətimiz elə təəssürat yaratmışdı ki, hələ 44 ay deyil, 44 il danışsaq, doymayacağıq. Amma cəmiyyətdəki maksimalist əhval-ruhiyyə, "niyə Xankəndini, Xocalını, Ağdərəni ala bilmədik”, "niyə sonadək erməniləri qovub çıxarmadıq” kimi iddiada bulunanların sayı ötən hər gün çoxalmaqda, qələbə eyforiyası sanki dondurma kimi sürətlə əriməkdədir. Siz cəmiyyətdəki bu cür ziddiyyətli əhval-ruhiyyəni nə ilə izah edərdiniz?
- Cəmiyyətdə bu cür əhval-ruhiyyənin mövcudluğu xarici dövlətlərin Azərbaycanda toqquşan maraqlarından irəli gəlir - səbəblərdən biri budur. İkincisi, hakimiyyət iddiasında olan daxili qüvvələrin qeyri-obyektiv təbliğatının nəticəsidir. Digər bir səbəb isə erməni kəşfiyyatının internet resurslarından məharətlə istifadə etməsidir. Sizə bir fakt deyəcəm: Bu günlərdə iki vətəndaşımızın bir-birilə söhbətinin şahidi oldum: "Əəə, erməni Xankəndində kef çəkir, biz isə ora gedə bilmirik. Sonra da deyirlər Qarabağ bizimdir”. 
Müharibədə minlərlə canlı itki verən, minlərlə yaralısı olan ermənilər orada necə kef çəkə bilər? Özü də qapalı yerdə yaşayan, təhlükə altında olan bir məqamda. 
Türkiyə, Pakistan və bir neçə dövlətdən başqa, heç bir yerdən mənəvi dəstək almayan gənclərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında qiyməti və dəyəri əvəzsiz olan bir qələbə qazandı. Belə bir möhtəşəm qələbənin əhəmiyyətini azaltmaq, yumşaq desək, insafsızlıqdır.
Son günlərdə ermənilərin bir neçə qrupa parçalanmasının şahidiyik. Onların artıq kütləvi şəkildə Rusiyaya axını başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin mühasirəsində olan ermənilərin sonu nəylə bitəcəkdir? Bu suala cavab tapmaq heç də çətin deyildir. Onlar heç vaxt bizim vətəndaşlığı qəbul etməyəcəklər. Millətçilik zəhəriylə zəhərlənmiş və özləri haqqında yüksək fikirdə olan bu dönmələr gec-tez Qarabağı tərk etməyə məhkumdurlar. Və qeyd etdiyim kimi, artıq bu proses başlanmışdır. 30 il dözmüşüksə, bir müddət də dözmək olar. Bütün qələbələrin rəhni ağıl və uzaqgörənlikdir. Millətimiz, vətəndaşlarımız bu keyfiyyətə malikdir. Əminəm ki, diplomatiya siyasətində də Ali Baş Komandanımız qələbəmizi davam etdirəcəkdir. 

 - Tez-tez ücüncü Qarabağ savaşının real olduğu və yaxud hansısa formada antiterror əməliyyatı zərurəti yaranacağı iddiaları səsləndirilir. Sizcə, müharibənin aktiv fazası artıq bitibmi? Yoxsa "dəmir yumruq”a ehtiyac olacaq qarşıdakı dönəmdə? 

- 10 illik İran-İraq müharibəsində ABŞ-dan kifayət qədər dəstək alan Səddam Hüseyn 1993-cü ildə yenidən, ABŞ səfirinin təminat dəstəyi nəticəsində Küveytə hücum etdi. Dərhal da İraq, ABŞ-ın hərbi hava qüvvələrinin hücumuna məruz qaldı. Qısa müddətli müharibədə İraq ordusu böyük itkilər verdi. Küveyt isə azad edildi. Dünyada hal-hazırda 4 güc mərkəzi var: ABŞ, Avropa Birliyi, Rusiya Federasiyası və Çin. Əgər diqqət yetirsək, Avropa Birliyi hələlik ABŞ-ın yedəyindədir. Nəzərə alsaq ki, dünya ticarət müharibəsi hələ də davam edir, onda belə bir şəraitdə 3-cü Qarabağ müharibəsinin tərəfimizdən başlanması nə qədər məqsədə müvafiqdir?! Kimsə bunun nəticəsini əvvəlcədən dürüst, düzgün görə bilərmi?..

ABŞ və Avropa Birliyindən olan Minsk qrupunun həmsədrlərinin Prezidentimizlə son görüşündə bir hal diqqətimdən qaçmadı. O da ABŞ-ın nümayəndəsinin Prezidentimizə zillənən nəzərləri və səsinin tonu idi. Bu insana məxsus əlamətlər, həmsədrin narazılığını və hardasa, hiddətini ifadə edirdi. Bu gün ABŞ Rusiya Federasiyasına, İrana və eləcə də digər bizdən böyük dövlətlərə qarşı sanksiyalar tətbir edir. Bir anlıq təsəvvür edin: ABŞ bizim bank əməliyyatlarımıza, onlarda saxlanılan valyuta ehtiyatlarımıza qarşı sanksiya tətbiq edir. Onda iqtisadi durumumuz necə olacaqdır?!  Erməni lobbisinin təsiri altında olan Qərbin siyasi qüvvələri bizə qarşı necə hərəkət edəcəklər? Amma cənab prezidentin ötən mətbuat konfransında da dediyi kimi, "Dəmir yumruq" hər zaman yerindədir və ermənilər xarici havadarlarının təxribatçı çağırışlarına uyaraq 10 noyabr müqaviləsinin bəndlərini pozmağa çalışsalar, Qarabağda azərbaycanlılara qarşı hansısa formada namərdlik etsələr, təbii ki, üçüncü Qarabağ savaşı da olmasa onlara qarşı antiterror əməliyyatı aparılması mümkündür. Necə ki, 10 noybar müqaviləsinin ardından Hadrut və Xocavənd istiqamətində təmas xəttinə sızmış terror dəstələri qısa zamanda zərərsizləşdirildi, xeyli sayda terrorçu da sağ ələ keçirildi. Bir sözlə, ermənilərin nə sözünə, nə imzalarına heç zaman etibar etmək olmaz və hər zaman silahlı qüvvələrimiz, xüsusi xidmət orqanlarımız tətikdə olmağa davam edəcəklər. 


- Görünən odur ki, işğaldan azad olunan ərazilərdə məskunlaşma xeyli zaman aparacaq, bu da oraya qayıtmaq üçün alışıb-yanan əhalidə əlavə gərginlik yaradır, bu prosesi sürətləndirmək üçün siz nə təklif edərdiniz?

- Sizin sualınıza, yalnız azad etmədiyimiz ərazilər barədə cavab verəcəm. Rusiya Federasiyasının prezidenti cənab V.V.Putin Qarabağın Azərbaycana məxsus olduğunu dönə-dönə təsdiq etmişdir. Sülhməramlıların xidməti borclarından ən əsası ərazi sahibinin vətəndaşların öz torpaqlarında sərbəst hərəkətini təmin etməsidir. Qarabağın sahibi də bizik. Bunun təmin edilməməsi sülhməramlıların niyyətinin məkrli olmasına dəlalət edir. Əgər belə olarsa, onların çıxıb getmələrini tələb edə bilərik. Lakin mən inanıram ki, beynəlxalq məsələlərdə öz vədlərinə həmişə sadiq qalan Rusiya Federasiyasının sülhməramlıları tezliklə Ağdərə-Kəlbəcər yolunda hərəkətin təhlükəsizliyini təmin edəcəkdir. Nəqliyyat vasitələrimizin sərbəst hərəkəti bərpa olunacaqdır. Növbəti mərhələdə isə qaçqınlarımızın dədə-baba yurdlarına qayıtmaları təmin ediləcəkdir.  


Xəbər 2349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR