"Əvvəl bilik, sonra birlik" - Erkən nikahlara qarşı yeni kampaniya...


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən "Əvvəl bilik, sonra birlik” - erkən nikahların qarşısının alınması üçün ictimai kampaniya” layihəsinə start verilib. Ötən gün sözügedən layihə barədə ilk verilişin buraxılışı olub.

Məlumdur ki, erkən nikahlar cəmiyyət üçün həssas və vacib məsələlərdən biridir. Erkən yaşda qurulan nikah gəncin təhsilinə, sağlamlığına, fərdi inkişafına və gələcək həyatına ciddi təsir göstərə bilər. Bu məsələyə cəmiyyətin diqqətini artırmaq məqsədilə "Əvvəl bilik, sonra birlik” adlı layihə həyata keçirilir.

Layihənin əsas məqsədi erkən nikahların sosial, tibbi və hüquqi fəsadları haqqında məlumatlılığı artırmaqdır. Layihə xüsusilə regionlarda gənclər və onların valideynləri arasında maarifləndirmə aparmağı nəzərdə tutur. Gənclərin təhsil almasının, inkişaf etməsinin və gələcəkləri ilə bağlı düşünülmüş seçimlər etməsinin əhəmiyyəti vurğulanır. Erkən nikahların arxasında müxtəlif sosial səbəblər dayana bilər. Bu nikahlar gənclərin gələcəyinə ciddi təsir göstərir. Valideynlərin və cəmiyyətin bu məsələdə böyük məsuliyyəti var.

Erkən nikahların qarşısını almağın əsas yollarından biri maarifləndirməni daha təsirli etməkdir. Son illərdə erkən nikahlarla bağlı vəziyyətə xüsusi diqqət yetirilir və bu istiqamətdə müzakirələr aparılır.

Verilişdə iştirak edən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əlimmməd Nuriyev mühüm məqamlara toxunub.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində erkən nikahlarla bağlı geniş müzakirələr hər zaman gündəmdə olub:

"Əslində, bu, doğru bir yanaşmadır, çünki müzakirə olunmalı bir məsələdir. Biz erkən nikahlara bir az fərqli yanaşırdıq. Bunu sosial problem hesab edirdik, məktəbin problemi hesab edirdik, ailə münasibətləri hesab edirdik. Adət-ənənənin irəli gəlmə bir məsələ olduğunu düşünürdük. Ailənin daxili işi hesab edirdik. Amma əsas məsələ düşüncəmə görə dəyişməlidir. Yanaşma dəyişməlidir. Bu, uşaq hüquqlarının təmin edilməsi ilə bağlı məsələdir. Ona görə də son illərdə bu istiqamətdə əhəmiyyətli addımlar atılmaqdadır. Və yeri gəlmişkən, onu qeyd etməliyəm ki, Azərbaycanda erkən nikahlara qarşı mübarizə və bunun və yaxud əleyhinə olan fəaliyyət uğurlu nəticələr verməkdədir. Mən deməzdim ki, bu gün bütün problem həll olunub və yaxud da ki, problem qalmamaqdadır. Düşünürəm ki, bu məsələdə inkişaf var, artıq nəticələr də özünü göstərməkdədir. Ümumiyyətlə, erkən nikahlar təkcə Azərbaycanın problemi deyil, dünyanın bir çox ölkələrində bu problem var.

Yeri gəlmişkən, onu qeyd etməliyəm ki, Azərbaycanda erkən nikahlara qarşı mübarizə və bunun əleyhinə olan fəaliyyət uğurlu nəticələr verməkdədir. UNICEF-in bir statistikasını diqqətə çatdırmaq istərdim. Dünyada təxminən 650 milyon qadın və qız 18 yaşından əvvəl evlənib. Amma qlobal göstərici son illərdə 23%-dən 19%-ə düşüb. Təxminən hər beş qadından biri, yəni erkən evlilik deyək, 18 yaşından əvvəl evlənir.

Amma dünyanın bir çox ölkələrində artıq buna qarşı aparılan fəaliyyətlər nəticəsində xeyli irəliləyişlər var".


Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR