Dünya iqtisadiyyatı ciddi sınaq qarşısındadır – Fikrət Yusifov

Dünya iqtisadiyyatı ciddi sınaq qarşısındadır –   Fikrət Yusifov

“Dünyanın iqtisadi möcüzələr ölkəsində də tühlükəli geriləmələr müşahidə olunur”

İqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş 8 sentyabr tarixli müşavirədə Prezident dünya iqtisadiyyatında və xüsusilə də Avroasiya məkanında baş verən iqtisadi böhranın ciddi formalar aldığını bildirdi. Təəssüflər olsun ki, rəqəmlərlə manipulyasiya edərək illərdir cəmiyyətə həqiqətə uyğun olmayan informasiyalar ötürənlər bu dəfə də öz vərdişlərinə sadiq qalaraq Prezidentin dediklərini “təkzib etməyə” çalışdılar. Əslində isə belə təkzib cəhdlərinə yol verənlər növbəti dəfə göstərdilər ki, onların əsas işi real faktları araşdırmaq, səhih məlumatlar üzərində təhlillər aparmaq deyil, Azərbaycan cəmiyyətini çaşdırmaq, insanları dünyada gedən proseslər barədə məlumatlardan uzaq saxlamaqdır. İqtisadçı qismində məsələlərə şərh verən bəziləri xüsusən sözügedən müşavirədən sonra böhranın guya ancaq Azərbaycanı əhatə etdyinə dair fikirlər formalaşdırmağa çalışır  və bu məqsədlə mənşəyi  bəlli olmayan rəqəmlərdən istifadə edirlər. “Dünyada iqtisadi böhran yoxdur və gözlənilmir” deyənlər görünür dünyanın nüfuzlu maliyyə institutlarının rəhbər və mütəxəssislərinin açıqlamaları və şərhlərindən xəbərsizdirlər. Hər halda prosesləri müşahidə etmək, sahə üzrə nüfuzlu ekspertlərin proqnozları ilə tanış olmaq imkanına malik şəxs heç bir halda dünyanı böhrandan uzaq kimi göstərə bilməz. Təəssüf ki, iqtisadçılarımız arasında qaragüruhu bu sahəyə də daşıyanlara və mənasız şüarçılıqla məşğul olanlara rast gəlirik.

Dünyanın reallıqları tamam başqa mətləblər üzərində köklənib. Bu gün gəlirlərin azalması kimi hallar təkcə hasilat ölkələrində deyil, digər ölkələrdə də mövcuddur. Hətta aparıcı Avropa ölkələrində də kifayət qədər ciddi geriləmələr müşahidə olunur. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardın 2014-cü ilin yekunlarına həsr olunmuş hesabatdakı bir fikrini yada salaq: “Formalaşmış bazara malik ölkələr iqtisadi aktivliyin genişmiqyaslı və sinxron şəkildə aşağı düşməsi prosesini yaşayırlar ki, bu da öz növbəsində dünyanın başqa yerlərindəki perspektivləri də pisləşdirir.” Göründüyü kimi, Avropa ölkələrində iqtisadi aktivliyin aşağı düşdüyü dünya iqtisadiyyatının monitorinqini ən yüksək səviyyədə aparan mötəbər maliyyə institutunun rəhbərliyi səviyyəsində bəyan olunub. Beynəlxalq Valyuta Fondu rəsmi hesabatlarında dünya iqtisadiyyatının ümumi vəziyyətini böyük narahatlıqla izah edirsə və cari 2015-ci ilə dünya iqtisadiyyatının proqnozlaşdırılan artım sürətini 3,5%-dən 3,3%-ə endirirsə, burada pozitiv nə ola bilər axı?

Ayrı ayrı ölkələr üzrə cari ildə iqtisadiyyat göstəricilərin artacağını iddia edənlər nədənsə əvvəlki illərlə müqayisə aparmağı lazım bilmirlər. Məsələn, iddia olunur ki, dünya iqtisadiyyatının 16,3%-ni verən Çində 6,8% artım gözlənir. Elə isə nədən göstərilmir ki, Çinin Ümumi Daxili Məhsulu 2007-ci illə müqaisədə 2 dəfəyə qədər azalıb və 2010-cu ildən bu tərəfə hər il bu azalma davam edir. Çib qitisadiyyatında cari ildə də keçən illə müqaisədə ən azı 0,6% azalma gözlənilir. Bu, iqtisadi artımı illərdir ikirəqəmli göstəricilərlə xarakterizə olunan iqtisadi möcüzələr ölkəsi üçün olduca ciddi geriləmədir. Yaxud götürək Yaponiyanı. Eyni qayda ilə Yaponiya hökuməti 2015-ci ilə 1,5% iqtisadi artım proqnozlaşdırsa da artıq bu günə həmin rəqəmi iki dəfədən çox azaldaraq 0,7%-ə salmaq məcburiyyətində qalıb. Cari ilin sonuna qədər bu rəqəmin bir qədər də azalması gözlənilir. Avropa ölkələri də genişmiqyaslı böhranın bir addımlığındadır. ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva da öz açıqlamalarında bunu açıq şəkildə bəyan edir. Avropadakı mövcud iqtisadi durumu xarakterizə edən İ. Kanerva deyir: ”Əgər Ukraynadakı konflikt sülh yolu ilə həll olunmasa Avropa irimiqyaslı böhranla üz-üzə qalacaq”.

ABŞ iqtisadiyyatının 2009-cu ildən durğunluq vəziyyətindən çıxdığı bəyan edilsə də bu iddialar  reallıqdan daha çox siyasi motivlərə söykənir. Analitiklər dünyanın iqtisadi nəhənginin real iqtisadi durumunun geniş ictimaiyyətdən gizlədildiyini konkret faktlarla ortaya qoyurlar. Amerika Ticarət Nazirliyinin iqtisadi təhlil bürosunun son dövrlər şişirtmələrə yol verdiyi indi ABŞ-da az qala hər kəsə bəlli olub. Bir neçə rəqəmə nəzər salaq. 2013-cü ilin üçüncü rübündə ABŞ iqtisadiyyatı cəmisi 0,5% artsa da təhlil bürosu bu rəqəmi 2,5% təqdim etmişdi. Eyni qayda ilə bu ilin birinci rübündəki 0,2% azalma sonradan dəyişdirilərək 0,6% artımla əvəzlənmişdi. Bu kimi faktların sırasını daha da genişləndirmək olar. Lakin düşünürük ki, sadaladığımız reallıqlar da kifayət edir ki, böhranın irimiqyaslı olduğuna dair aydın təsəvvürlər yaransın. O da sirr deyil ki, nüfuzlu maliyyə institutlarının mütəxəssisləri 2008-ci ildə baş vermiş hadisələrin hər an təkrarlana biləcəyindən narahatlıq ifadə edirlər. Əgər bu gün Səduyyə Ərəbistanı kimi bir ölkədə büdcənin kəsiri onun Ümumi Daxili Məhsulunun 20%-ni ötürsə və bu ölkə artıq borclanma yolunu tutubsa, bu, az mətləblərdən xəbər vermir...

Azərbaycan Prezidenti bu ayın 8-də keçirilən müşavirədə “Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb” deyəndə məhz dünya iqtisadiyyatında yaranmış bu durumdan çıxış etmişdi. Lakin bununla belə Prezident Azərbaycanın dayanıqlı iqtisadi sistemə malik olması faktına əsaslanaraq bütün çətinliklərə sinə gərə biləcəyimizdən də bəhs etdi. Bəli, həqiqətən də bu gün Azərbaycanın potensialı imkan verir ki, bu gün qarşılaşdığımız çətinliklərə də 2008-ci ildə olduğu kimi sinə gərək. Xatırlayırsınızsa həmin il dünyanı bürümüş maliyyə təlatümündən Azərbaycan yan keçə bilmişdi.

Xəbər 1332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR