Dağıstanda saxlanılan azərbaycanlıların durumu barədə rəsmi açıqlama

Dağıstanda saxlanılan azərbaycanlıların durumu barədə rəsmi açıqlama

Azərbaycanın Rusiyadakı səfirliyi bu ilin iyunun 15-də Dağıstanda saxlanılan azərbaycanlıların durumu barədə açıqlama yayıb.

Səfirlikdən Aktual.az-a daxil olan açıqlama deyilir:
"Cari il sentyabrın 2-3-də konsul, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Dağıstanda baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar. Onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız - Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər.
Bütün görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını bildiriblər. Səfirliyin əməkdaşları tərəfindən isə məsələnin diqqət mərkəzində saxlanıldığı, vətəndaşlarımızın lazımi hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.
Bildiririk ki, səfirlik tərəfindən həmyerlilərimizin hüquqlarının qorunması məqsədilə Dağıstanda çalışan vəkil R.Rabadanov cəlb olunub. Ona təcridxanada saxlanılan 10 nəfərin ibtidai istintaqı zamanı hüquqlarının qorunması tapşırılıb. Görülmüş işlər nəticəsində İstintaq Təcridxanasında saxlanılanlardan Əziz Fərəczadə, Elmar Musayev, Emin İmaməliyev və Elbrus Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Təcridxanada qalan digər üç nəfər - Rövşən Hüseynov, Tural Qiyasov və Nahid Ağayevin işi də səfirliyin və vəkilin diqqətindədir. Onların hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür.
Vəkil Murad Vəlixanov iyul ayında səfirliyə müraciət edərək həmyerlilərimizi müdafiə etmək təşəbbüsünü irəli sürüb, saxlanılan şəxslərlə bağlı müvafiq sənədlərin ona verilməsini xahiş edib. Bu təşəbbüs dəstəklənib və vəkilə lazımi sənədlər təqdim olunub.
Səfirliyin sentyabrın 17-də yayılmış məlumatında qeyd edildiyi kimi, Moskva şəhərinin Troitsk rayon məhkəməsində keçirilmiş iclasda Azərbaycan Respublikasının dörd vətəndaşı elə məhkəmə zalından buraxılıb və onlardan Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb.
Diqqətə çatdırmaq istəyirik ki, səfirlik öz imkanları və səlahiyyətləri çərçivəsində vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır. Görülmüş hər bir iş, atılmış addımlar barəsində də KİV-ə məlumat verilməsini məqsədəuyğun hesab etmir. Bu kimi həssas, insan taleyinə aid mövzulara toxunarkən, ictimaiyyətə həqiqəti əks etdirən dolğun məlumat vermək üçün səfirliyin mətbuat xidməti KİV nümayəndələri ilə əməkdaşlığa hər zaman açıqdır”.
Xəbər 154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR