"Daha “Dağlıq Qarabağın azərbaycanlı icması” ola bilməz..." - Sabiq nazir


"Vətən müharibəsindən əvvəl bölgə həmsədr ölkələr tərəfindən münaqişə idarəetməsi sistemi vasitəsilə idarə olunurdu ki, bu idarəetmənin də tərkib hissəsini təşkil edən mühüm elementlər iki komponentdən ibarətdir.

Birinci komponent "yerində vəziyyət” adlanır və işğal edilmiş, etnik təmizləməyə məruz qalmış ərazilərdən, təmas xəttindən, yüz minlərlə məcburi köçkündən, kəsilmiş kommunikasiyalardan və s. ibarətdir.

İkinci komponenti isə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi şəklində beynəlxalq bir siyasi "üst qurum" təşkil edir”.

Qaynarinfo-nun məlumatına görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov II Qarabağ müharibəsindən sonra münaqişə zonasında yaranmış vəziyyəti şərh edərkən deyib.

Eks-nazirin sözlərinə görə, indi vəziyyət dəyişib:

"İndi münaqişənin "mənzərəsi" köklü şəkildə dəyişib. Belə ki, təmas xətti yoxdur, dövlətlərarası sərhəd bərpa edilib, məcburi köçkünlərin təxminən 98 faizi evlərinə qayıtmaq hüququnu əldə edib və s. Vəziyyətə "həmsədrlik" təsirinin siyasi strukturu da tamamilə dəyişdirilib. Beləliklə, ATƏT-in Minsk qrupu prosesdən faktiki kənarlaşdırıldıqdan sonra Rusiya və Türkiyə "tandemi" Azərbaycan ərazisində fəaliyyət göstərən yeganə beynəlxalq quruma çevrilib. Üstəlik, qarşıdurmanın iki tərəfindən biri kimi Ermənistanın yaxın aylarda Azərbaycanın erməni əhalisinin problemlərinin həlli məsələsindən kənarlaşdırılacağı aydındır. Onun rolu yalnız sərhəd məsələləri və regional kommunikasiyaların normallaşdırılması mövzuları ilə məhdudlaşdırılacaq. Əminəm ki, Azərbaycan ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərin nizamlanması işinə Ermənistanı heç vaxt yaxın buraxmayacaq. Deməli, ATƏT-in Minsk qrupu formatının yenidən canlanması qəbuledilməzdir. Əminəm ki, "böyük oyunçular" əlbəttə ki, bölgəni idarə etdikləri "ipləri" itirmək niyyətində deyillər və bu səbəbdən də münaqişəli idarəetmənin elementlərini qorumaq cəhdləri davam edəcək”.

T.Zülfüqarov deyir ki, bundan sonra "Qərb tərəfdaşları" vasitəçilik üzərində siyasi təsir alətlərini bərpa etməyə çalışacaq, Rusiya isə birbaşa "münaqişə zonasında" sülhməramlı qüvvələrdən və "araiklər" arasındakı agentlərin tabeçiliyindən istifadə edərək imkanlarını möhkəmkəmləndirəcək.

"Bu real perspektivdir və taktiki hərəkətlərimizi müəyyən edərkən bunlar nəzərə alınmalıdır... Buna görə də praktiki işdə səhv etməmək çox vacibdir. Məsələn, Araiklə görüşdən qaçmaq imkanı yoxdursa, təbii ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri orada olmamalıdır. Yaxud bu görüşlər bir-birindən ayrı keçirilməlidir. Və ya Tural Gəncəliyev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə iştirak etməməlidir, çünki bizim "Dağlıq Qarabağ" kimi inzibati və siyasi anlayışımız yoxdur və bu səbəbdən vahid və unitar Azərbaycanda "Dağlıq Qarabağın azərbaycanlı icması" ola bilməz... Nəzərə alın ki, düşmənimiz bu səhvlərdən istifadə edir. Belə ki, Ermənistanda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə özünü "artsaxın xarici işlər naziri" adlandıran bir tipi masaya otuzdurdular. Münaqişəli idarəetmə sistemindən istifadə üçün "münaqişə sahəsi" yaratmaq cəhdləri davam edəcək və buna hazır olmaq lazımdır”.

Sabiq xarici işlər nazirinə görə, hələlik bizim üçün ən vacib iş – münaqişədən sonra bölgədə hökmranlığımızı təmin etmək məqsədilə azad olunmuş ərazilərin gerçək bir şəkildə dirçəlməsini təmin etməkdir.

"Onu da deməliyəm ki, sülhməramlı qüvvələrin məsuliyyət zonasında olan ərazilərdəki erməni əhalisinin sayının sürətlə azalması, orada yaşayan insanların başqalarının siyasi oyunlarında kukla olmaq istəmədiklərini göstərir”,-T.Zülfüqarov deyib.
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR