Bu gün futbol üzrə Avropa çempionatı başlayır

Bu gün futbol üzrə Avropa çempionatı başlayır

Bu gün futbol üzrə Avropa çempionatı start götürəcək.

Aktual.az-ın məlumatına görə, turnirin açılış oyunu Romadakı "Olimpika" stadionunda İtaliya və Türkiyə yığmaları arasında olacaq. Niderland Futbol İttifaqından Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Koronavirus pandemiyası səbəbindən təxirə salınan qitə çempionatına ilk dəfə ikidən çox ölkə ev sahibliyi edəcək. Oyunlar İtaliyanın Roma, İngiltərənin London, Niderlandın Amsterdam, Danimarkanın Kopenhagen, Rumıniyanın Buxarest, Macarıstanın Budapeşt, Rusiyanın Sankt-Peterburq, Almaniyanın Münhen, İspaniyanın Sevilya, Şotlandiyanın Qlazqo şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

UEFA-nın 60 illiyi ilə bağlı Avropa çempionatının 12 şəhərdə təşkili nəzərdə tutulsa da, sonradan İrlandiyanın paytaxtı Dublin qitə futbol qurumuna azarkeşlərlə bağlı təminat verə bilmədiyindən say 11-ə endirilib. Bundan başqa, analoji problemlə üzləşən İspaniyanın Bilbao şəhərini Sevilya əvəzləyib.

Mövcud vəziyyətlə əlaqədar Budapeşt istisna olmaqla, digər şəhərlərdəki qarşılaşmalara məhdud sayda azarkeş buraxılacaq. A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək Bakı Olimpiya Stadionunda hər görüş üçün arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar yer alacaq.

24 yığma hərəsində 4 komanda olmaqla, 6 qrupda mübarizə aparacaq. 31 gün davam edəcək turnirdə ümumilikdə 51 oyun baş tutacaq. Qruplarını ilk 2 sıradan tamamlayan yığmalar, həmçinin dörd ən yaxşı qrup 3-cüsü 1/8 finala vəsiqə qazanacaq. Yarımfinal və final matçları Londondakı "Uembli" stadionunda oynanılacaq.

AVRO-2020-dəki yeniliklərdən biri də komandaların iştirak ərizəsindəki futbolçu sayının artırılmasıdır. Bu dəfəki turnirdə hər kollektiv 26 oyunçu sifariş edib. Onların 3-ü qapıçıdır.

Avropa çempionatına ilk dəfə qadın hakim təyinat alıb. Açılış matçında 4-cü hakim funksiyasını yerinə yetirəcək fransalı FIFA referisi Stefani Frappar turnirin tarixinə düşəcək. Digər yenilik AVRO-2020-də VAR sisteminin tətbiqi ilə bağlıdır.

Birinci dəfə 1960-cı ildə Fransada Avropa Millətlər Kuboku adı altında keçirilmiş turnirin ilk qalibi SSRİ yığması olub. Avropa çempionatının ən uğurlu kollektivi isə Almaniya millisidir. Altı dəfə final oynayan Bundestim bunların 3-də (1972, 1980, 1996) qalib olub. Almanlarla yanaşı, İspaniya yığması da 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunu qazanıb. Pireneylilər bir dəfə isə (1984) finalda uduzublar. Almaniya və İspaniyanı 2 çempionluğu olan Fransa millisi izləyir. Turnirin son qalibi isə Portuqaliya seçməsidir.

Avropa çempionatı

A qrupu, I tur

23:00. İtaliya - Türkiyə

Hakimlər: Denni Makkeli, Hessel Stiqstra, Yan de Vris (Niderland)

Dördüncü hakim: Stefani Frappar (Fransa)

Roma, "Olimpiko" stadionu.

Qeyd edək ki, Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR