“Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb” – İlham Əliyev

 “Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb” – İlham Əliyev

"Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb".
 
Bunu Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
"Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır.
İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik.
Eyni zamanda, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözlər deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olmuşdur. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda, Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur".
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR