“Bravo, Müzəffər!”

“Bravo, Müzəffər!”

Qısa müddət ərzində Azərbaycanla bağlı xoş xəbərlər o qədər sürətlə sıralanır ki, beyin çatdırıb onları həzm edə bilmir: Fransa səfirinin geri çağırılması, rus sülhməramlılarının getməsi, 4 kəndin qaytarılması və beləcə Ermənistan tərəfindən sülhlə bağlı ilk real addımın atılması, müharibə təşviqatı aparan qüvvələrin növbəti dəfə fiasko ilə baş-başa qalması....

Qlobal və çox ciddi oyunçuların cəm olduğu böyük şahmat stolunda İlham Əliyevin hər gedişi hadisədir. Ali Baş Komandan gerçəkdən xariqələr yaradır. O, ehtiyatı əldən vermir, amma paralel fonda da elə incə hücum taktikası seçir ki, məğlubiyyətə uğratdığının özü belə həmin məğlubiyyətdən zövq alır, zəifliyi ilə barışır, qarşısındakının gücünü qəbul edir.

Bütün ətrafımız boyunca baş verən ziddiyyətlərdə, dövlətlərarası münaqişələrdə hamının itirdiyi nələrsə var. Mütləq var! Məsələn, Rusiya prinsipcə irəli gedir, amma hər döyüş canından can alır. İsrail iki cəbhədə döyüşmək perspektivini (ehtimalını) özündən maksimum uzaq saxlayır, çünki bunun necə böyük risk olduğunu anlayır. Hətta dünyanın ən qapalı dövlətlərindən biri olan İran belə İsrailə verdiyi ilk hərbi cavabdan sonra tuş gəldiyi rişxəndlərə rəğmən yenə də sakitdir, təhriklərə uymur, çünki 3-cu ixtiyari dövlətin rəqibə verəcəyi bircə poliqonla hər şeyin köklü şəkildə dəyişə biləcəyinin fərqindədir. Və...məlum kontekstdə yeganə istisna bizik. Bu xüsusda tək uduş və qalibiyyət Azərbaycanındır. Fikrimi daha detallı əsaslandırım: 4 kənd alınır, amma qansız, gülləsiz. Sülhməramlılar torpaqlarımızdan çıxır, amma rusla aramızda heç bir problem yaşanmadan. Fransanı qovan yoxdur, amma elə şərait yaranır ki, o özü abırdan düşərək gedir. Və sair, ilaxır.
 
Sadəcə bir məsələyə xüsusi şərh verim. Siyasi opponentlərimiz rus ordusunun Azərbaycandan çıxarılmasını uzun illər ərzində "AXC-Müsavat” hakimiyyətinin fədakar əməyi kimi (həm də xüsusi pafosla!) gözümüzə soxmağa çalışıblar.
Bəli. Çıxardınız. Razıyıq. Amma elə çıxardınız ki, qısa müddət sonra Qarabağ işğal altına düşdü. Yeltsinlə yarım dəqiqəlik telefon danışığından sonra elə diplomatik krizis yaratdınız ki, on illər boyunca rus ancaq erməni tərəfə baxdı, onu dəstəklədi. 11-cə ay ərzində (xüsusən də beynəlxalq siyasətdə) regional məsafələri, geosiyasi yerləşimi, real mənzərəni nəzərə almadan elə yanlışlıqlar, elə səhvlər etdiniz ki, onları yenidən düzəltmək, hər şeyi əvvəlki məcaraya qaytarmaq üçün az qala yarım əsrlik zamana ehtiyac yarandı...
Və nə qərib ki, yenə sakitləşmirsiz. Nəsə tapıb danışırsız. Üstəlik, gün kimi aydın bir həqiqəti hələ də dərk etmirsiniz ki, İlham Əliyevin müdrikliyi sayəsində əldə olunan parlaq qələbələr, Azərbaycana qarşı düşmən kəsilən bütün qüvvələrin yerində oturdulması, suverenliyimizin bərpası, Qarabağa qovuşmağımız, ən əsası o müqəddəs torpaqlara qayıtmağımız sadəcə bizim deyil, elə sizin də övladlarınızın, bütün gələcək nəsillərin bu həyatda alnıaçıq, başı uca gəzməsi üçündür! Gecindən də olsa anlamadınız ki, görülən işlər hakimiyyət naminə deyil, dövlət və millət naminədir! Bu günə qədər fərqinə vara bilmədiniz ki, nimdaş maskaların cırılmış yırtıqlarını yamamaqla, kvartalda bir dəfə "mitinq-mitinq” oyunu ilə gündəmə gəlməklə, Makronun, Şvabenin təbliğatını aparmaqla azərbaycanlı olmaq, milli olmaq, siyasətçi olmaq mümkün deyil...
Tam səmimi sözümdür. Əgər rəhmətlik Osman Mirzəyevin bu dünya ilə qısaca təmas imkanı yaransaydı, inanın, o, həmin fürsətdən yalnız qızına səslənmək üçün bəhrələnərdi. Ki, bala, utanma, etiraf elə, ürəklə de: Bravo, Müzəffər!
Çünki hazırda ayıb olan şey həmin kəlmələri söyləmək deyil, məhz söyləməməkdir!


Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR