Baş nazirin Türkiyə səfəri yeni iqtisadi strategiyanın əməli göstəricisidir

Baş nazirin Türkiyə səfəri yeni iqtisadi strategiyanın əməli göstəricisidir

Eyni soy-kökə, dilə, dinə, mədəniyyətə malik olan Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub, ağır, çətin vaxtlarda, sevincli, fərəhli günlərdə duyğularını birgə bölüşüblər. Biz bunun Vətən müharibəsinin gedişində də şahidi olduq, indiki günlərdə də iki qardaş ölkənin getdikcə möhkəmlənən strateji əməkdaşlıq münasibətlərində də görürük. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 1-ci Türk Dünyası Meteorologiya Forumuna məktubunda bildirib ki, geridə qoyduğumuz dövrdə, koronavirus pandemiyası səbəbindən dostlarımız və sevdiklərimiz daxil olmaqla bir çox insanı itirməyin ağrısını yaşadıq. Ancaq, eyni zamanda, 30 illik işğaldan sonra Qarabağın ana Vətəni ilə yenidən qovuşmasının sevincini də ürəyimizdə hiss etdik…
Bəli, biz müharibənin ilk saatlarından Türkiyənin mənəvi dəstəyini, Azərbaycana olan həssas münasibətini hiss etdik. Bütün səviyyələrdə qardaş Türkiyə Ermənistanın təxribatını qətiyyətlə pislədi, ölkəmizin tək olmadığını açıq bəyan etdi. Bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Bu dəstək bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan da, öz növbəsində, bütün məsələlərdə beynəlxalq miqyasda daim Türkiyəni dəstəkləyir.
 
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Rəşad Mahmudovun "Azərbaycan–Türkiyə münasibətlərində yeni strateji mərhələ” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Yeri gəlmişkən, burada bir önəmli faktı da vurğulamaq istərdim. Mənfur düşmən 30 ilə yaxın müddətdə işğal etdiyi ərazilərimizdə əsl xislətini göstərib, vandalizmin, faşizmin bu ölkənin dövlət siyasəti olduğunu bütün dünyaya göstərib. Torpaqlarımızda ekoloji terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik Qarabağı barbarcasına istismar edib. Hətta uzun illər qeyri-qanuni məskunlaşmadan sonra əzəli torpaqlarımızı boşaldarkən ağacları kəsib, meşələri məhv edib, infrastrukturu dağıdıb, evləri yandırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Vətən müharibəsində qısa müddətdə parlaq Qələbə qazandığımız kimi, Qarabağın bərpasını da tez bir zamanda həyata keçirəcəyik. Şübhəsiz ki, işğaldan azad edilən torpaqlarımıza yeni həyat gətirilməsində türk qardaşlarımız da öz köməklərini əsirgəməyəcəklər.
 
Hazırda Qarabağda bərpa-quruculuq tədbirlərinin gerçəkləşdirilməsinə başlanılıb. Füzuli-Şuşa "Zəfər yolu”nun, həmçinin Toğana-Kəlbəcər magistralının salınmasında artıq türk şirkətləri iştirak edirlər. Füzulidə istifadəyə veriləcək hava limanının inşasında da türk şirkətlərinin fəal iştirakı nəzərdə tutulur. Bunlarla bərabər, Qarabağda "Ağıllı şəhər” modeli ilə dövrümüzün tələblərinə uyğun infrastrukturun yaradılması, kommunikasiya və enerji xətlərinin yenilənməsi, "Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsi, kənd təsərrüfatının dirçəldilməsi, mədəni abidələrin bərpası üçün Türkiyə tərəfinin azərbaycanlı qardaşlarına hər cür dəstək verəcəyi gözlənilir.
 
Hazırda Azərbaycan-Türkiyə arasında həyata keçirilən düzgün, məqsədyönlü siyasət nəticəsində strateji əlaqələr özünün yeni keyfiyyət mərhələsinə daxil olub. Bu, təkcə iki qardaş ölkənin deyil, həm də region dövlətlərinin sürətli tərəqqisini, sabitliyin möhkəmlənməsini şərtləndirir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinə əhəmiyyətli təsir göstərir.
 
Fevralın 18-də Baş nazir Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, ölkələrimiz arasında əldə olunan yeni razılaşmalar, imzalanan müqavilələr də bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.
 
Burada Türkiyədə keçirilən görüşlərin, imzalanan müqavilələrin məğzi barədə danışmazdan əvvəl iki mühüm hadisəni xatırlatmaq istərdim. Belə ki, sözügedən səfərdən öncə Qarabağ və "Ağrı” yanğısı ilə qovrulan düşmənin gözdağına çevrilən "İki dövlətin bir ordusu”nun Qarsda hərbi təlimləri keçirildi. Ankarada önəmli müzakirələr aparıldığı bir vaxtda isə Azərbaycan dövləti qardaşlığımızın möhkəmləndirilməsi istiqamətində daha bir addım atdı. Prezident İlham Əliyev fevralın 18-də "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 2020-ci il 25 fevral tarixində Bakı şəhərində imzalanan sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” Qanunu təsdiqlədi.
 
Xatırladım ki, bu diqqətçəkən sənəd ölkəmizin vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətini nəzərdə tutur. Bu məsələ, eyni zamanda, Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunur.
 
Baş nazirin Türkiyə səfəri isə daha çox iki ölkənin iqtisadi əlaqələrinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradan bir sıra əhəmiyyətli sənədlərin imzalanması ilə yadda qaldı. Bu müqavilələr indiyədək yaradılan potensialdan daha səmərəli istifadə etməklə yeni uğurlar əldə olunması şəraitini reallaşdırdı.
 
Yeri gəlmişkən, bununla bağlı Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumundan bəzi məqamları və son illərdə qarşılıqlı fəaliyyət əsasında əldə olunan müsbət göstəriciləri diqqətə çatdırmaq istərdim. Əvvəla vurğulamaq yerinə düşər ki, iki ölkə arasında münasibətlərin sağlam zəmində, qarşılıqla inam və etimad əsasında formalaşmasına rəğmən, hətta pandemiyanın yaratdığı müəyyən çətinliklərə baxmayaraq, idxal-ixrac əməliyyatlarının həcmi aşağı düşməyib: ötən il bu istiqamətdə 4,16 milyard dollarlıq əməliyyatlar reallaşdırılıb. Lakin bu göstərici istər Azərbaycan, istərsə də Türkiyə tərəfini qane etmir. Çünki ölkələrimiz arasında mövcud potensial həmin rəqəmdən daha yüksək nəticə əldə ediləcəyinə əminlik yaradır. Ona görə də forumda pandemiyanın təsirləri səngidikdən sonra həmin göstəricini ən yüksək həddə-15 milyard dollara çatdırmaq planlaşdırılıb. Şübhəsiz ki, bu rəqəm proqnozlaşdırılarkən, Bakı-Tbilisi-Qars dəmir yolunun potensial imkanlarından səmərəli istifadə edilməsi də nəzərə alınıb.
 
Burada diqqəti Vətən müharibəsindən sonra reallaşması aktuallaşan Naxçıvana dəmir yolunun çəkilməsi məsələsinə də yönəltməyi zəruri bilirəm. Belə ki, ölkəmizin bölgədə təklif etdiyi yeni "3+3” formatlı işbirliyi platforması da Azərbaycan-Türkiyə arasında ikitərəfli ticarət əlaqələrinin, turist axınının artımına, habelə muxtar respublikanın dəhlizinin strateji önəm daşımasına ciddi təkan verəcək.
 
Sözügedən dəmir yolunun istifadəyə verilməsi Türkiyə üçün türk dilli ölkələrlə ticarəti genişləndirməyə də imkan yaradacaq. Son illər Türkiyə şirkətləri Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi dövlətlərə böyük həcmdə investisiyalar yatırıblar və bu ölkələrdə dövlət sifarişi ilə layihələr icra edirlər. Xüsusi olaraq Orta Asiya ölkələrinə tikinti materiallarının ixracını genişləndirirlər. Ona görə də dəmir yolu xəttinin işə düşməsi Türkiyənin türkdilli ölkələrə məhsul ixracına müsbət təsir edəcək.
 
Eyni zamanda, İğdır və Qars bölgəsinə investisiyaların cəlb edilməsinə müsbət təsir göstərəcək. Adətən ixrac yönümlü şirkətlər daha çox nəqliyyat dəhlizlərinə asan çıxış olan ərazilərə investisiya yatırırlar. İxrac yönümlü məhsullar isə əsasən daha yüksək dəyərli olur. Ona görə də Türkiyədə bu gün üçün əsas sənaye bölgələri sahil ərazilərində cəmləşib. Bu baxımdan dəmir yolu xəttinin işə düşməsi istehsalın Türkiyənin dərinliklərinə gəlməsinə müsbət təsir edəcək.
 
Qardaş ölkə ilə investisiya münasibətlərinə gəlincə, qeyd edə bilərəm ki, Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Hazırda Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Bu gün Türkiyədə 2 minədək Azərbaycan, ölkəmizdə isə 4100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir.
 
Beləliklə, Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çoxlu sayda sənədlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Eyni zamanda, böyük geosiyasi, geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib.
Xəbər 1546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR