Bakıya xüsusi aviareyslər açıla bilər

Bakıya xüsusi aviareyslər açıla bilər

Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslər açıla bilər.

Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu məsələ mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin Doha şəhərinə səfəri zamanı müzakirə edilib.

Ə.Qarayev "Qatar Airways" şirkətinin sədrinin birinci müavini ilə görüşüb. Görüşdə 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi, reyslərin təşkili və "Azərbaycan Hava Yolları" (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına baxılması qeyd olunub.

Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə Qətərin Milli Teatr Binasında keçirilən görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə həmçinin, nazir Əbülfəs Qarayev Bakıda keçiriləcək Qlobal Forum haqqında məlumat vermiş və həmkarını tədbirdə iştirak etməyə dəvət etmişdir. İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin, Azərbaycan kino günlərinin təşkili, teatr kollektivlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən, opera nümunələri, musiqi sahəsi, əl işləri sərgiləri, muğam musiqisi ilə bağlı tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR