
Elşən Musayev: "Bunlar niyə belə zavallı günə qaldılar, rəzil vəziyyətə düşdülər?”
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev sammiti ifşa edəcək nüanslara toxundu:"Demokratiya olduqca nisbi xarakter daşıyan anlayışdır. Hər kəs üçün də bir anlam kəsb edir. Ələlxüsus da dövlətlər üçün. Odur ki, dekabr ayında Co Baydenin təşəbbüsü ilə reallaşacaq virtual demokratiya sammitinə Azərbaycan və Türkiyənin dəvət olunmamasını da həmin aspektdən qiymətləndirmək lazımdır. Üstəlik, irqi ayrı-seçkiliyin baş verdiyi, edam cəzasının hələ də var olduğu, azad sözün boğulduğu nə qədər sayda ölkənin bu sammitdə təmsilçiliyi və iştirakı da hələ ayrı bir mövzudur.
Amma məsələnin ən kuryoz tərəfi ondan ibarətdir ki, 30 il başqa dövlətin ərazisini işğal altında saxlayan, həmin müddətdə BMT-nin 4 qətnaməsini görməzdən gələn, Xocalı soyqırımının baiskarı olan, nə qədər günahsız insanı, mülki vətəndaşı qətlə yetirən ölkə - Ermənistan da bu tədbirə dəvətlidir. Yəni artıq bu fakt yetərlidir ki, baş tutacaq sammitdə demokratiya və insan haqları mövzusunda hansı məruzələrin, fikir mübadilələrinin ediləcəyi göz önünə gəlsin. Və çox güman ki, həmin müzakirələr zamanı Kapitoliya hadisələrində həyatını itirənlərin ruhu sızıldayacaq, Assancın hekayəsi kimsəni düşündürməyəcək və dünyanın demokratiya mənzərəsi yalnız bir bucaq altından - o bucaq ki, lokal strateji maraqları özündə daha çox ehtiva edir - bax oradan boylanacaq. Yəni demokratiyanın əsl fəlsəfəsi, mahiyyəti, qayəsi qalacaq kənarda, əvəzində hamı özündən öz xislətinə uyğun demokrat düzəldəcək".
Deputat bir məqama da xüsusi diqqət ayırdı: "Ahıl yaşında çıxardığı bığı ilə gündəmə gələn Cəmil Həsənli və onun timsalında qaragüruh ordusu son günlər sosial şəbəkələrdə yaman var-gəl edirlər, yamanca sevincək olublar, özlərinə əl qatıblar ki, bəs demə, Azərbaycan artıq dünya güclərinin diqqətindən kənarda qalıb. Üstəlik, bu barədə ard-arda da yazı, məqalə, status sıralayırlar. Açığı, nəyə sevinirlər, bunu anlamıram. Ora bunlarımı dəvət ediblər, yoxsa nə? Bəlkə sevinmək üçün səbəb, bəhanə axtarırlar? Azərbaycan ora dəvət almayanda nə baş verir ki? Cəmilin kəkələdiyi dilimi düzəlir, ağlımı artır, müxalifətçiliyimi güclənir? Bunlar niyə belə zavallı günə qaldılar, rəzil vəziyyətə düşdülər? Adama deyən lazım ki, ay Cəmil, sənin nə tarixçiliyin tarixçilik oldu, nə siyasətin siyasət, nə də inzibatçılığın inzibatçılıq. Əslində inzibatçılığın rus variantı daha orijinal səslənir: "Administrator". Lap dəqiqi, adam indi də dəvətlilərin siyahısını müəyyələnləşdirməklə məşğuldur. Eynən restoran "administrator”u kimi. Siyasət manısları Əli Kərimli və Gültəkin isə kənardan züy tuturlar, Zəfər bayramında yasa batsalar da, Qarabağın işğaldan azad olunmasına sevinməsələr də, Amerikanın Azərbaycanı sammitə dəvət etməməsini əməllicə bayram edirlər.
Bir həqiqəti hamı bilsin və anlasın:Azərbaycan özündən deyən dövlətlərə demokratiyadan dərs keçər. Bizim demokratiyamız virtual deyil, əyani nümunədir. Odur ki, harasa dəvət aldıq, ya almadıq, heç fərq etməz - biz öz demokratiyamızla fəxr edirik, qürur duyuruq".
Cavanşir ABBASLI,
"Yeni Müsavat”