Azərbaycanda yay vaxtına keçid - Ləğv olunacaq

Azərbaycanda yay vaxtına keçid   - Ləğv olunacaq

AMEA alimləri Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsi ilə bağlı təklif hazırlayıb.

Aktual.az Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, martın 11-də AMEA Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunan iclas keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə ölkə Prezidenti İlham Əliyevin ölkədə yay-qış vaxtına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edərək, AMEA alimlərini bu məsələ haqqında elmi əsaslarla çıxış etməyə dəvət edib.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bir neçə il öncə respublikada yay-qış vaxtına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu bildirib.

Bu məsələ ilə bağlı dünya ölkələri təcrübəsindən danışan alim 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırılıb.

Azərbaycan ərazisinin ölçü vahidinin “km”lə olmasının da bu məsələyə təsir etdiyini vurğulayıb.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edib. O, 2010-cu ildə Azərbaycan ərazisində yay-qış vaxtına keçidlə əlaqədar apardığı araşdırmalardan söz açaraq, bununla bağlı iqtisadi, sosial-psixoloji və siyasi faktorlardan danışıb. Vaxt dəyişikliyi zamanı qonşu ölkələr arasında problemlərin yarandığını, yol qəzalarının artdığını, təyyarələrdə gecikmələrin müşahidə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Avropanın əksər ölkələrində, o cümlədən Afrika, Cənub-Şərqi Asiya ölkələrində bu kimi keçidlər həyata keçirilmir.

Vaxt dəyişikliyi zamanı İKT sahəsində də müəyyən uyğunsuzluqların yarandığını bildirən alim Azərbaycan kimi kiçik ərazisi olan bir dövlətdə cari vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu dilə gətirib.

Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov çıxış edərək yay-qış vaxtlarına keçidin bioloji baxımdan o qədər də əhəmiyyət daşımadığını deyib. Bu məsələ ilə əlaqədar astronomik vaxt faktorunun əsas götürüldüyünü vurğulayıb.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan ərazisində yay-qış vaxtlarına keçid məsələsi ilə bağlı bir neçə dəfə müzakirələrin aparıldığını, lakin konkret nəticəyə gəlinmədiyini bildirib. Azərbaycanın şimaldan-cənuba cəmi 4 dərəcə, qərbdən də şərqə 5 dərəcə dəyişdiyini qeyd edərək, bu faktın nəzərə alınmasının vacibliyini önə çəkib.

Fizika İnstitutunun baş elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov da mövzu ilə əlaqədar fikirlərini bölüşərək, ölkədə cari vaxtın saxlanılmasının tərəfdarı olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə hazırki vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.

Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək bildirib ki, Azərbaycanda çox sayda monitorinq sistemləri vardır ki, bu sistemlər qrenviç vaxtı ilə işləyir. Onun sözlərinə görə, monitorinq sistemlərinin işində problemlərin yaranmaması üçün cari vaxtı saxlamaq lazımdır.

Sonda AMEA prezidenti A.Əlizadə də cari vaxt hesabını saxlamağın məqsəduyğun olduğunu vurğulayaraq, qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın AR Prezidentinin Adminstrasiyasına göndərilməsi barədə tapşırıq verib.

Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR