Azərbaycanda Prezident seçkilərində səsvermə başlayıb

Azərbaycanda Prezident seçkilərində səsvermə başlayıb

Bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir.

Aktual.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan 8-ci rəsmi ümummilli seçkidir.
Bu gün Azərbaycanda keçirilən Prezident seçkilərində səsvermə başlayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.
MSK sədri seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.

Sonra MSK sədri səsvermənin başlandığını elan edib.
Dövlət himninin səslənməsi ilə səsverməyə start verilib.
Seçki məntəqələri bu gün saat 8:00-dan 19:00-dək açıq olacaq.
Məntəqə Seçki Komissiyalarının sayı 5641-dir, bunların 5426-ı daimi seçki məntəqələridir. 215-i isə müvəqqəti seçki məntəqələridir.
Qeyd edək ki, Prezident seçkilərində 8 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğludur.
Prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR