Acı Həqiqət - İsa Nəcəfovun siyasi puplisistik əsəri

Acı Həqiqət - İsa Nəcəfovun siyasi puplisistik əsəri

 

Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır. Bu gündən etibarən əsərin bəzi hissələri "Aktual.az" və "Elçı.az"saytlarında dərc olunacaq. Ekskuliziv yayım hüququnu bizə verdiyi üçün İsa Nəcəfova xüsusi minnətdarlığımızı bildiririk.

 

 

 

Onsuz da fanidir hər şeyin sonu?!!

 

Artıq gecə saat 11-ə işləmişdi. Mübariz Daxili İşlər naziri Ramil Usubovun qəbuluna tələsirdi. Orta boylu və idmançı əzələli bu şəxsi çoxları "Laba” deyə çağırırdılar. "Laba” sözü isə fars mənşəli olub "sahil” deməkdir. Şimali Qafqazın coşqun çaylarından biri olan Terek çayının qollarının birinin adı da elə Labadır.

Mübarizdə dağ çaylarına xas olan xarakterik xüsusiyyətlər vardı. Təbiətən çox sakit adam idi. Lakin haqsızlıq, ədalətsizlik gördümü, dağ çayı kimi coşurdu. Həm də dağ çayı kimi səxavətli idi, ancaq dağ çayından fərqli olaraq özündən  zəif  bəndlərə baş qoşmazdı.

Cəbhə dövründə Naxçıvan Muxtar Respublikasında hakimiyyətin dayağı idi, insanlar arasında böyük nüfuzu vardı. Məhz buna görə də, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin təşkilati işini ona tapşırmışdı. O, bu işin öhdəsindən ləyaqətlə və uğurla gəlmişdi.

Mübariz nazirin qəbul otağına daxil oldu. Mühafizədə xidmət edən qardaşı Əli onu qarşıladı və salamlaşdılar. Əli:

– Mübariz, Ramil müəllim səni qəbul edə bilməyəcək. Çünki faciə baş verib. Afiyəddin müəllimi qətlə yetiriblər – dedi.

– Kim? Harda öldürüblər?

– Bilmirəm. Onu Semaşko xəstəxanasına aparıblar.

– Yaxşı, mən gedirəm ora. Sonra danışarıq, – Mübariz bunu deyib cəld qəbul otağını tərk etdi. Tez pilləkənlə aşağı düşüb MUM tərəfə getdi. Yolu keçib binanın yanında saxladığı "Jiquli”sinə mindi. On dəqiqə keçməmiş xəstəxananın həyətinə daxil oldu, maşını saxladı və təcili yardım şöbəsinə tələsdi. Ilk gördüyü ağ xalatlı şəxsə salam verib, Afiyəddin Cəlilovun harada yerləşdirildiyini soruşdu. Tibb işçisi:

 – Ya reanimasiyada, ya da cərrahiyyə şöbəsindədir. – deyə,  cavab verdi.

– Sağ olun.

Bu şöbələr ona tanış idi. Birinci cərrahiyyə şöbəsinə qalxdı. Dəhlizdə bir qadın bir qızla dayanmışdı. Onlar xısın-xısın ağlayırdılar. Mərhumun oğlu Nihadın isə üst-başı qan içində idi, dəhlizdə havalanmış kimi göz yaşları tökərək hönkür çəkib ağlayırdı. Onlara təskinlik verən bircə adam da gözə dəymirdi. Mübarizi müşayət edən idmançılar ona yaxınlaşıb, təskinlik verməyə çalışsalar da, buna nail ola bilmədilər.

Qarşısına çıxan tibb bacısından yaralının harda olduğunu soruşdu. Qadın əli ilə irəlidəki sağ tərəfdə olan qapını göstərdi. Həmin istiqamətə sarı gedib qapını açdı. Cərrahiyyə otağına gedən dəhlizdə təkərli xərəyin üstündə Cəlilovun nəşini gördü. O, artıq həyatla vidalaşmışdı. Güllənin alnında açdığı deşik pambıqla tıxanmışdı. Yanında heç kim yox idi. Burnuna süni havalanma boruları keçirilmişdi. Artıq bu heç nəyə lazım olmayan bir tibbi yardım idi. Sol tərəfdəki xərəyə sürücü Mayılın cənazəsi qoyulmuşdu. Meyit ağ mələfə ilə örtülmüş, axmış qan ağ mələfəni qırmızı rəngə boyamışdı.

Bu ani vəziyyət ona Kiniq Dioqenin nə qədər haqlı olduğunu göstərirdi: "Necə ki canın və ruhun bədənindədir, sən diqqətə layiq varlıqsan, sayılansan, hesablanılansan. Hörmət və izzətə layiqsən, gərəklisən. Xüsusilə, yüksək imkan verən vəzifə daşıyıcısısansa daha yaxşı. Canın və ruhun səni tərk etdisə, heç kimə lazım olmayan bir əşyasan. Hamı çalışacaq ki, "səni” tezliklə onun yanından aparsınlar. Çünki "sən” ağır qəm-qüssə mühüti yaradansan, gərəksizsən. Sadəcə dəyərsiz bir əşyasan.”

Tibb bacısı gəlib, nəfəs borularını nəşin burnundan çıxartdı. Xərəyin baş tərəfində durub onun üstünə ağ mələfə saldı. Xərəyi qapıdan dəhlizə tərəf itələyib dedi:

– "Təcili yardım” gəlib, meyiti evlərinə aparacaq.

Mübariz xərəyin arxasınca getdi. Hönkür çəkib ağlayan qadın və qız da ona qoşuldu. Liftin qarşısında dayandılar. Liftçi qadın onları gözləyirdi. Xərəyi liftə saldılar. Sonra Mübariz pilləkənlə birinci mərtəbəyə endi. Liftdən xərəyi düşürəndə bəlli oldu ki, "təcili yardım” hələ də gəlməyib.

Tibb bacısı: "Yolu tutmasın”, – deyib Afiyəddin Cəlilovun nəşini daşıyan xərəyi pilləkənin altındakı qaranlıq bir yerə itələdi və çıxıb getdi.

Laba bu hala dözməyib çölə çıxdı. Ölməz Cəfər Cabbarlının qələmə aldığı bu kəlamın, dərin fəlsəfəsinin həyatiliyinə bir daha heyran qaldı:

 

 

Ölmək – o böyük körpüdən hər kəs keçəcəkdir,

      Bir badə ki, bütün aləm ondan içəcəkdir,

      Hər süslü çiçək sonda saralmış quru yarpaq

      İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq!!!

 

 

 

*  *  *  *  *  *  *  *  *  *  *  *

1999-cu ilin yay günlərinin birində (dəqiq tarixi yadımda deyil) müstəntiq Əli Əliyev gözlənilmədən Nəcəfovun kabinetinə daxil oldu. Nəsə xoşagəlməz bir hadisə baş vermişdi. Çünki Əli ona təklif olunsa da əyləşmədi. Ayaq üstə qalıb gülümsəyirdi. Lakin nədənsə ehtiyat etdiyi və həyəcanlı olduğu sifətindən görünürdü.

– Əli, nəsə baş verib?

–İsa müəllim, nahardan sonra Eldar Həsənov kollegiya keçirəcək və mənim fəaliyyətimi müzakirə edəcək. Baş prokuror hardansa öyrənib ki, indiyə kimi mənim istintaqını apardığım müxtəlif cinayət işlərində, ayrı-ayrı şəxslər onun barəsində ifadə veriblər. Bu ifadələr məndədir. Onları əldə etmək üçün istintaq sənədlərini saxtalaşdırmağım adı altında barəmdə cinayət işi başlamaqla məni həbs edəcəkdir.

Nəcəfov situasiyanın ağır olduğunu dərhal dəyərincə qiymətləndirdi. Eldar Həsənov "Azəravtoyol” dövlət şirkətində vitse-prezident vəzifəsində işləyən qardaşı Şahin barədə aparılan cinayət işinin istintaqına təzyiq göstərmək istəyirdi. Bu işin istintaqına o nəzarət edirdi. "Dostu” onu seçim qarşısında qoymaq niyyətindəydi.

– Əli, dərhal get, cənab Prezidentin adına bir müraciət yaz gətir. Orada Eldar Həsənovun səni hansı məqsədlə həbs etmək istədiyini açıb göstər. Sənə iyirmi dəqiqə vaxt verirəm.

Əli çıxdı. İyirmi dəqiqə  keçməmiş iki vərəqlik müraciətlə geri qayıtdı. Nəcəfov müraciəti oxuyub zərfə qoydu və kabineti tərk etdi. On dəqiqədən sonra o, Prezidentin qəbul otağında idi. Prezidentin köməkçisi Tariyellə görüşdü.

–Tariyel müəllim, baxın, zərfin içində müraciət var. İndi siz onu ya özünüz Cənab Prezidentə təqdim edin, ya da bildirin ki, məni qəbul etsin.

– Yaxşı, İsa müəllim. Bir neçə dəqiqə gözləyin.

Nəcəfov qəbul otağına qayıtdı. Texminən on dəqiqə keçmiş Tariyel qəbul otağına daxil oldu.  

– İsa müəllim, cənab prezident dedi ki, siz qayıdıb öz kabinetinizdə gözləyəsiniz. O, sizinlə danışacaq.

– Tariyel müəllim, sağ olun, – deyib, O, Prezident aparatını tərk etdi və prokurorluğa qayıtdı. Giriş qapısından içəri daxil olarkən növbətçi polis nəfəri ayağa qalxdı:

 –İsa müəllim, Eldar müəllim sizi soruşurdu. Zəhmət olmasa onunla əlaqə saxlayın.

– Yaxşı, sağ olun.

Pilləkənlə Baş prokurorun kabinetinə – ikinci mərtəbəyə qalxdı. Qəbul otağına daxil olarkən katibə:

 – İsa müəllim, Eldar müəllim sizi gözləyir. Içəri keçə bilərsiniz, – dedi.

– Sağ olun.

O qapını döyüb içəri keçdi. Eldar Həsənov iş masasının arxasında oturmuşdu. Gözləri yaşarmışdı. Birinci müavinini görcək qınayıcı və inkar edici bir tonla dedi:

 –İsa müəllim, məgər mən Əlini həbs etmək istəyirəm?! Bunu sizə kim deyib?!..

 


 

 

 

Xəbər 17497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR