Ailə dağıdan həkimlər – AZƏRBAYCANDA

Ailə dağıdan həkimlər – AZƏRBAYCANDA

Son zamanlar ölkəmizdə bəzi həkimlərin qeyri- peşəkarlığı və xəstələrlə anormal davranışlarından yaranan problemlər sonda ailələrdə böyük mübahisələrə səbəb olur. 



Redaksiyamıza müraciət edən Vüqar Zamanov (ad və soyad şərtidir) adlı vətəndaş qarşılaşdığı həkim məsuliyyətsizliyindən yazır. O qeyd edir ki, xanımı səhhətindəki problemlə əlaqədar ginekoloqa müraciət edib və həkimin xəstəyə dediyi sözlər və ittihamlar sonda ailəsində böyük narazılığa səbəb olub.


"Gənc ailəyik. 2 il olar ailə qurmuşuq. Hər ikimiz imanlı insanlarıq. Namaz qılıb, oruc tuturuq. Bir ay olar yoldaşım səhhətindəki problemlə bağlı həkimə müraciət etmək məcburiyyətində qaldı. Ona həkim tərəfindən infeksiyalardan analiz vermək tövsiyə olundu. Nəticələrdə infeksiya aşkar olundu.


Həkim xanımıma bildirib ki, yoldaşın sənə xəyanət edib. Bu səbəbdən də ondan sənə infeksiya keçib. Allah şahiddir ki, evli olduğumuz müddətdə belə bir hadisə olmayıb. Evdə bununla bağlı çox böyük narazılıqlar, mübahisələr oldu. Hətta yoldaşımla ayrılmaq həddinə gəldik”.


Şikayətçi qeyd edir ki, başqa həkimə müraciət ediblər və o əvvəlki həkimdən fərqli olaraq, məsələnin mahiyyətinin, heç də, xəyanət olmadığını deyib:


"Sonradan getdiyimiz həkim sağ olsun, bizə problemin nədən yarandığını dedi. Bildirdi ki, analizlər zamanı infeksiya aşkar olunursa, buna görə ailədə kimisə ittiham etmək düzgün deyil. O, həkimlərin belə yollarla analizlər verdirib, xəstələrdən pul qopardığını da dedi.


İnfeksiyalar uzun müddət bədəndə qala bilər və orqanizmdə hansısa dəyişiklik olarsa, meydana çıxar. Bundan sonra ailəmizdə hər şey qaydasına düşdü və müalicə aldıqdan sonra bütün xoşagəlməz hallar aradan qalxdı. Mən bunu, ona görə, mətbuata göndərdim ki, bizim kimi ailələr çox ola bilər. Peşə etikasından kənar həkimlərin hər dediyinə inanmayın”.


Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı Aktual.az-a bildirib ki, həkimin bu şəkildə ailəni ittiham etməsi nə həkim etikasına, nə də insanlığa sığan bir hərəkətdir:


"Belə hallar yolverilməzdir. Həkimin xəstəyə münasibəti, həmin münasibətdən sui- istifadə halları, xəstənin şəxsi həyatına müdaxilə və.s kimi hallar Hippokrat andında, birmənalı olaraq, aydın göstərilib. Bunlara görə hüquqi məsuliyyət müəyyən olunub. Bundan əlavə, həkimlik peşəsinə yiyələnən hər kəsdə mənəviyyat, insanlıq, vicdan olmalıdır. Belə hallar, əsasən qanunlarda olan boşluqlardan və həkimlərin peşə mədəniyyətində olan problemlərdən yaranan bir məsələdir”.


Ekspertin sözlərinə görə, cinsi yolla keçən infeksiyaların yoluxma vaxtını, orqanizmdə yaşama müddətini həkim müəyyən edə bilməz:


"Belə infeksiyalar cinsi yolla keçə bilir və orqanizmdə uzun müddət qalır. Ola bilər ki, sizə müraciət edən vətəndaşlarda da vəziyyət belə olub. Yəni bir neçə il əvvəl infeksiya keçib və həmin şəxsin immuniteti yüksək olduğu üçün orqanizmində uzun müddət qalıb. Bədəndə hər hansı bir iltihabi proses olan zaman infeskiya özünü biruzə verib. Buna görə ailəni ittiham etmək olmaz. Həkimlərin işi xəstələri müayinə edib düzgün müalicə etməkdir. Yaxşı olar ki, belə hallarla üzləşən ər və arvadın hər ikisi düzgün müalicə alsın. Qeyri-peşəkar həkimlərin dediklərinə fikir verməsinlər”.


Emilia/Aktual.az

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR